"Birinci diviziona sponsorların marağı yoxdu" - Aqil Məmmədov

Geridə qoyduğumuz mövsümdə "Mil-Muğan" premyer-liqa həvəsi ilə birinci divizionda mübarizə aparsa da sonda 7-ci yerlə kifayətlənməli oldu.

Bu üzdən baş məşqçi Aqil Məmmədovla əlaqə saxlayıb yeni mövsümə hazırlıqlarla bağlı danışdıq. Aqil bəy Sport7.az-a müsahibəsində bunları söylədi:

- Yeni mövsümə hazırlıq planalarınız haqda nə deyə bilərsiz?

- Onu deyə bilərəm ki, ayın 26-da Naxçıvanda keçiriləcək turnirə gedəcəyik. Çox suallara da orda aydınlıq gələcək. Nə vaxt, necə, hansı məqsədlə yığışacağımızı o zaman deyə biləcəm. Hələ ki, açığı heç bir planın yoxdu.

- İlk dəfə birinci divizionda baş məşqçi kimi işlədiz? Təəssüratlarınız necədi?

- Birinci divizion gözlədiyimdən də çətin oldu. Maraqlı oyunların sayı çox idi. Düzdü nəticədən narazı qaldım. Amma ümumilikdə birinci divizionun ab-havası, atmosferi pis deyildi. 

- Əksəriyyət birinci divizionu bataqlıq kimi qələmə verir. Siz də bu fikirlərlə razılaşırsız?

- Bataqlıq deməzdim. Sadəcə, idman prinsipləri olmalıdı. Bunlar hamısı maliyyədən irəli gəlir. Hamı premyer-liqada oynamaq istəyər. "Turan Tovuz" da, biz də, "Zaqatala" da... Bataqlıq nə mənadadı? Ümumi götürdükdə maliyyə çətinliyi üzündən premyer-liqaya yüksələ bilmirik. Premyer-liqada bölgə komandaları mütləq olmalıdı. Çatışmazlıqlar ondan ibarətdi ki, sponsorların marağı yoxdu. 

- "Mil-Muğan" da iddialı başlamışdı. Sonradan nə baş verdi ki, gerilədiz? Maliyyə problemləri yoxsa..?

- Maliyyə problemləri yox idi. Açığı çempionata 18 gün qalmış yığışmışdıq. Əksinə, ilk dövrədə çox xallar itirdik. İkinci dövrəyə yaxşı başlamışdıq. Davamını gətirə bilmədik. 

- Naxçıvandakı turnirə necə hazırlaşmısız?

- Hələ ki, yığışmamışıq. Yəqin turnirə 2-3 gün qalmış yığışacağıq. 25-i də yola düşəcəyik. 2-3 günə hazırlaşıb gedəcəyik.

- Bu vaxt kifayət edəcək?

- Bilirsiz, bu çempionata hazırlıq deyil ki, 10-15 gün, 1 ay əvvəldən yığışasan gedəsən. Heydər Əliyevin xatirə turniridi, belə baxanda iştirak etməliyik.

- Belə başa düşdüm ki, əsas məqsədiniz, kuboku qazanmaq deyil, turnirdə iştirak etməkdi...

- Niyə də kuboku qazanmayaq ki? Qazanmaq da normaldı. Təkcə biz bu şəkildə yığışıb getməyəcəyik ki. Bütün komandalar istirahətdədi. Hamı o vəziyyətdə gələcək. Hansısa futbolçu və ya məşqçi, oyuna gedirsə, hamı qələbə qazanmağı düşünür. Başqa fikir ola bilməz. 

- Komandan tərk edənlər var? Turnirdə tam heyətlə iştirak edə biləcəksiz?

- Bəli, tam heyətlə iştirak edəcəyik.

Sport7.az

Xəbər lenti