Birinci divizionun acı mənzərəsi

Birinci divizionun acı mənzərəsi
Topaz Premyer Liqasının ardınca ölkə çempionatının birinci divizionuna da start verildi. Özü də necə...

Nəticələrlə artıq tanışsız. Tanış olmayanlar üçün qısaca xatırlatma edim. "Zaqatala” doğma meydanda "Keşlə”nin əvəzedicilərinə, "Ağsu” isə Tovuzda yerli komandaya 1:2 hesabıyla uduzub. "Zirə”nin əvəzediciləri də "Səbail”ə eyni hesabla məğlub olublar.

"Qarabağ”ın gəncləri "Kəpəz”in daşını daş üstündə qoymayıb. Gəncədə keçirilən oyunda "köhlən atlar” 4 cavabsız qolla qələbə qazanıblar. "Sumqayıt” isə "Şüvəlan”ı, özü də səfərdə eyni hesabla məğlub edib. "Sabah”ın əvəzediciləri MOİK-ə, "Qaradağ Lökbatan” isə "Neftçi-2”-yə minimal hesabla uduzub – 0:1.

Göründüyü kimi, elita təmsilçilərinin əvəzediciləri divizion komandalarının üzərində böyük üstünlük qazanıblar. Həmişə tarixi və qazandığı titullarla öyünən "Kəpəz”in doğma meydanda 0:4 hesabıyla uduzması acı mənzərədi. Elitada heç də yaxşı günlərini yaşamayan "Keşlə”nin ehtiyat qüvvəsi də futbol ənənələri olan Zaqatala təmsilçindən güclü olduğunu hələ fasiləyə qədər isbatlamağı bacarıb. "Sumqayıt”ın "Şüvəlan”ın qapısından 4 cavabsız top keçirməsi, "Neftçi”nin əvəzedicilərinin isə divizionda daim iddialılardan olmuş "Qaradağ Lökbatan”a şans verməməsi səviyyə fərqinin göstəricidi.

"Dizion-elita qarşıdurması"ndan qalib çıxan yeganə aşağı dəstə təmsilçisi MOİK olub. "Hərbiçilər" də təcrübə sayəsində yeni-yeni formalaşmağa başlayan "Sabah”ı 1:0 hesabıyla üstələyiblər.

Bütün bu rəqəmlər sıradan nəticələr deyil. Elitayla divizion arasındakı uçurumun göstəricisidi. İllərdi deyilsə də, yazılsa da, birinci divizionda işlər heç də peşəkar səviyyədə qurulmur, aşağı dəstənin liderləri heç Premyer Liqanın autsayderi olacaq, təsadüfi qələbələr qazanacaq səviyyəyə belə yükəlmirlər. Və ən acınacaqlısı odu ki, elitayla divizion arasındakı uçurum zaman keçdikcə dərinləşir, divizionun səviyyəsi daha çox həvəskarlara yaxınlaşır.

Bundan sonra necə olacağını da təxmin etmək çətin deyil. Birinci divizionun turnir cədvəli iki fərqli qütbə bölünəcək. Yuxarılarda Premyer Liqa klublarının əvəzediciləri öz aralarında yarışacaqlar, aşağılarda isə divizionun əbədi sakinləri başlarını girləyəcəklər. Heç bir motivasiyası olmayan çempionatın bu gündə olmasında təəccüblü heç nə yoxdu. Klublar da, futbolçular da, elə AFFA-da birinci divizionu yola verməklə məşğuldu. 

Acı da olsa, həqiqətdir. Barışmaq lazımdı.

Amal ABUŞOV

Xəbər lenti