Bitən Roman

Bitən Roman
Onu heç belə görməmişdim. Həmişə qürurlu, döyüşə-dalaşmağa hazır olan bir görüntüsü olurdı. Uduzduqları oyunlardan sonra belə Roman Qriqorçuku əzilmiş, təslim olmuş formada görmək mümkün deyildi. Bəzən işin içinə cığallıq da qatar, kənar bəhanələrin qulpundan da yapışardı. Amma əsla məğlub psixologiyasını özünə yaxın buraxmazdı.
 
Dilinə görə dilçəyi də vardı. Onun gəlişindən sonra "Qəbələ” enişli-yoxuşlu qrafikə son qoymağı bacarmışdı. Getdikcə özünü futbol ictimaiyyətinə də, mətbuata da sevdirə bildi. Roman İosifoviçi daha yaxından tanımağa, daha çox hörmət etməyə başladıq. Buna layiq idi.

Azərbaycana gələndə bizim üçün "sirli qutu” hesab olunurdu. Yazılarımı izləyənlər yaxşı bilir ki, əcnəbi məşqçilərə qarşı xüsusiylə tələbkaram. Onlara daha çox tənqidi nöqteyi-nəzərdən yanaşıram. Çalışıram ki, tərifə çox da yol verməyim. Amma haqqı olanın da haqqını əlindən almayım, layiq olanın qiymətini də verim. Dorinel Muntyanunun gəlişi və gedişi "Qəbələ”nin irəli-geri ləngər vurduğu günlərə təsadüf edirdi. Həmin ərəfələrdə "qırmızı-qaralar” içi mən qarışıq, hamı tərəfindən çox tənqid olunurdu. Sistemli iş görməyə çalışan, geniş maddi imkanlarından bəhrələnib, uşaq akademiyasını genişləndirən bölgə klubunun əsas komandayla bağlı işləri heç cür yolunda getmirdi. Əcnəbi, yoxsa yerli məşqçiylə işləməyə qərar verə bilməyən, əsas komandanın baş məşqçilərini tez-tez dəyişən "Qəbələ”də vəziyyət həqiqətən də arzuolunmaz idi. Rusiyalı Yuri Syomin komandanı avrokuboklara çıxarsa da, işini davam etdirmək istəmədi və bir gecənin içində Azərbaycanı tərk etdi. Muntyanu isə heç cür özünə hörmət, "Qəbələ”yə isə sabitlik və ardıcıl qələbələr qazandırmağı bacardmadı. Zəhmli rumın qısa müddət sonra şələ-küləsini yığıb "Qəbələ”dən ayrıldı. Mənim də baş verənlərə münasibətim haqlı olaraq mənfi idi, klubu davamlı tənqid edirdim. Rumıniyalının gedişindən sonra ukraynalının gəlişiylə "Qəbələ”dəki böhranın bitməyəcəyini, həmin mövsümün də boşa gedəcəyini proqnozlaşdırırdım. Amma bu dəfə yanıldım.

Bizi Roman İosifoviç yanıltdı. Bununla da "Qəbələ”nin yeni və möhtəşəm romanı yazılmağa başladı. Qriqorçukun müəllifi olduğu bu romanı ardıcıl iki mövsüm həzz ala-ala, sevinə-sevinə oxuduq. "Dinamo” ilə Tbilisidəki oyundan sonra mərhələni keçməyəcəyimizdən belə narahat idik. Amma fələyin nə sayması onu maraqlandırmırdı. Roman İosifoviç bir möcüzəni gerçəkləşdirdi. "Qəbələ” Avropa Liqasının ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulub, qruplarda oynamağa haqq qazanan yeganə klub oldu. Bu təsadüf idimi? Yox! Növbəti mövsümdə həmin uğurun təkrarlanması onu sübut etdi ki, Romanın və "Qəbələ”nin bu uğuru heç də təsadüf deyilmiş. Onlar bu uğura layiq idilər. Gecə-gündüz çəkilən zəhmət və xərclərin qarşılığı məhz bu cür mükafatlandılmalıydı. Futbol tanrısı Azərbaycanın ən yaxşı futbol meydanlarına, infrastrukturuna, uşaq məktəblərinə sahib olan klubu məhz bu cür mükafatlandırırdı.

Üç tam, bir yarımçıq mövsümə sığan təkcə bu deyil. Hərgah ki, ardıcıl iki mövsüm Avropa Liqasının qrupuna komanda çıxarmaq, özü də bunu ilkin təsnifat mərhələsindən başlayaraq etmək az iş deyil. "Qəbələ” həmin zaman kəsiyində Qriqorçukun rəhbərliyi altında 4 medal qazanıb. Bu medallardan ikisinin əyarı bürünc, ikisinki isə gümüşdü. Bu müddət ərzində "Qəbələ” iki dəfə ölkə kubokunun finalında oynamaq, qəniməti muzeyinə aparmaq imkanı da əldə etmişdi. Amma hər ikisində son nöqtəni qoymaq, həlledici oyunun qalibinə çevrilmək üçün nəsə çatmadı. Sonuncu finaldakı uğursuzluq, "Qəbələ”nin doğma meydanda "Keşlə”yə uduzub, kuboksuz qalması hər şeyi alt-üst etdi. Ola bilsin ki, ukraynalı çalışdırıcı kuboku qazana bilsəydi belə "Qəbələ”ni tərk edəcəkdi. Lakin gedişi özünə və komandasına yaraşan şəkildə olardı, onu haqq etdiyi alqışlarla yola salardılar. 

Bəli, mən onu heç vaxt belə görməmişdim. Futbol hər nə qədər sevimli, həyacanlı oyun olsa da, həm də çox qəddardı. Azarkeşlər hər nə qədər bu oyunun bəzəyi sayılsalar da, bir az vəfasız, bir az da etibarsızdılar. Qoy qəbələli futbolsevərlər məndən inciməsinlər. Bəlkə də onlar mənim, mən onların yerində olmadığımız üçün bir-birimizi yaxşı başa düşə bilmirik. Şəxsi qənaətimdi ki, "Qəbələ” üçün tarixi uğurlar qazanmış Qriqorçuk bu cür getməyə, meydandan söyüşlərin və ona atılan butulkaların müşayəti ilə yola salınmağa layiq deyildi. 

Təəssüflər olsun ki, bitməz dediyimiz, bitməsini arzulamadığımız roman bu cür bitdi. Bitən təkcə Roman İosifoviçin "Qəbələ” ilə birlikdə yazmağa başladığı roman deyildi. Özü də bitmişdi. Stadionun tunelində jurnalistlərə istefasını açıqlayarkən çox çətin durumda, köməksiz və yorğun görünürdü. Bu roman da, o Roman da belə acınacaqlı şəkildə bitirdi. Azərbaycan futbolunun bildiyimiz və bilmədiyimiz reallıqları buna gətirib çıxardı. 

Yolunuz açıq olsun, Roman İosifoviç! Bildiyimə görə, sizi paytaxtda gözləyirlər. Azərbaycanın yox, Qazaxıstanın paytaxtında. Ordan gələcək xoş soraqlarınızı eşitmək ümidi ilə...
 
Mənbə: "Futbol+" qəzeti, Amal Abuşov


Xəbər lenti