Biz hara gedirik – “Peraşki dövrü”nə?!

Biz hara gedirik – “Peraşki dövrü”nə?!
Nicat Muxtarovu yaxşı xatırlayıram. "Zaqatala”nın əvəzedici heyəti ölkə çempionatından boy göstərəndə komandanın aparıcı üzvlərindən biri, hətta birincilərindən idi. Sonra elita klublarından haqq etdiyi dəvəti də aldı.

Rövşən Babayev "Rəvan”a yeni baş məşqçi təyin olunan Emin Quliyevin köməkçisi kimi çalışanda Nicatı da özüylə birlikdə paytaxt klubuna gətirmişdi. Sürəti, çevikliyi, topla yaxşı davranmasıyla dərhal diqqəti cəlb edirdi. Hiss olunurdu ki, futbolçu kimi istedadlıdı, düzgün inkişaf etsə, yaxşı mütəxəssislərin əlinin altında yetərincə çalışsa, çox tezliklə adından söz etdirə bilər. Təcrübəsinin azlığı bəzən tələskənlikdə, ötürmə anında düzgün mövqe seçməməsində və yaxud da topu tam hədəfə yönəltməməsində özünü göstərirdi. Amma bütün bunlar texniki qüsurlar idi, zamanla və düzgün məşqlərlə hamısını aradan qaldırmaq olar. Bunun da nəticəsində Azərbaycan futbolu çox dəyərli gənc istedad qazana bilərdi.

Sizin də yadınızda olar, "Rəvan” "Neftçi”ni "Bakcell Arena” 3:2 hesabıyla məğlub etmişdi. Həmin o əzmkar qələbədə Nicatın da payı var idi. 47-ci dəqidə "Rəvan”ın ilk qolunu vuran Muxtarov hesabı bərabərləşdirmiş, "sarı-qırmızılar”ın özünə inamı bərpa etməsinə səbəb olmuşdu.

Hadisələrin axarı isə bizim istədiyimiz və Nicata vacib olan ssenari ilə davam etmədi. Emin Quliyev köməkçiləri ilə birlikdə işindən ayrıldı. Daha sonra da Nicat onu "Rəvan”a gətirən Rövşən Babayevin ardıyca "Sumqayıt”a yollandı. Yanlış xatırlamıramsa, hər şey məhz bu cür baş verdi.

Yavaş-yavaş gözdən itdi. Unudulmuşdu. Bu mövsüm "Sumqayıt”ın keçirdiyi oyunların protokllarına baxıram. Heç birində adına rast gəlmədim. Demək ki, əvvəlki formasından uzaq düşdüyü üçün Samir Abasov ona güvənməyib, adını heç oyunların iştirak ərizəsinə də salmayıb. Bu gün səhər də oğurluq üstündə həbsə düşdüyünü eşidib, təəssüfləndik.

Nicatla heç bir tanışlığımız yoxdu. Xarakterinə də bələd deyiləm. Ondan oğru olub-olmayacağını da biz deyə bilmərik. Dəqiq bildiyim odu ki, futbolçunun oğruya çevrilməsində bizim də cəmiyyət olaraq günahımız var. Ona sahib çıxa bilmədiyimizə görə, istedan itməsinə, əyri yollara meyl göstərməsinə qarşı çıxa bilmədiyimiz üçün. Belələrini qorumaq, bəzən sevə-sevə, bəzən də söyə-söyə futbolçu etmək, istedadının məhvinə imkan verməmək lazım idi.
 
"Sumqayıt”da maaşlar onsuz da yüksək deyil. Görünür, əsas heyət üzvü sayılmadığı üçün Nicat lap qəpik-quruş alırmış. Həyatdan küsüb, maddi problemlərə bu cür son qoymaq həvəsinə yenilib, şeytanın onu yoldan çıxarmasına müqavimət göstərə bilməyib.

Müəyyən müddət həbs cəzası çəkəndən sonra onun futbola dönəcəyi inandırıcı deyil. Bizdə futbolçular bir illik əsgərlikdən sonra özlərinə gəlmir, formalarını itirirlər. O ki qala həbsxanadan çıxan futbolçu yaşıl meydanlara dönsün. Deməli, Azərbaycan futbolu gənc istedadını erkən yaşda itirdi, onu əlində saxlamağı, yetərincə faydalanmağı bacarmadı. Bu gedişlə futbolumuzun hara getdiyi də qeyri-müəyyəndi. "Peraşki dövrü” elə də uzaqda görünmür...
 
Amal ABUŞOV

Xəbər lenti