"Bizdə həmişə belə az dəstək olur" - Zaur Svanadze

"Həmişəki kimi cəhd göstərdik. İlk qola qədər çalışdıq”.

Sport7.az xəbər verir ki, bunu "İnter”in baş məşqçisi Zaur Svanadze evdə "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra bildirib.

Gürcüstanlı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: "Samir Zərgərovun 3 qol şansı oldu. "Neftçi” də yaxşı komandadır. Oyunun ədalətli keçdiyini düşünürəm. Heyətimizdə gənc oyunçular var idi. Nizami Hacıyev, İlkin Qırtımov bu gün oynamırdılar. Buna görə bizə çətin oldu. Yaxşı ki, fasilə yarandı. Bu fasilədə Nizaminin qayıtması mümkün olacaq”.

- Düşünmürsünüz ki, bu gün "Neftçi”nin futbolçuları qələbəni daha çox istəyirdilər?

- Bizim uşaqlar da bunu istəyirdilər. Mən bunu fərdi ustalıqda görərdim. "Neftçi”də yaxşı futbolçular cəmləşib.

"Neftçi” bu gün qonaq olsa da, özünü evdəki kimi hiss edirdi. Bu nəticəyə rəqibin azarkeşlərinin dəstəyinin köməyi oldumu?

- Müəyyən dərəcədə ola bilər. Onları bu gün çox dəstəkləyirdilər. Bizdə həmişə belə az dəstək olur. Azarkeşlərimizə təşəkkür edirik ki, belə çətin gündə komandanı dəstəksiz qoymurlar.

- Deyilənə görə "İnter” növbəti tura başqa adla çıxacaq...

- Belə bir məlumat yoxdur.

- İki mövsüm eyni heyətlə qələbələr qazanmaq çətin deyil?

- Düşünmürəm ki, eniş var. Sadəcə, ötən mövsüm tam başqa heyətimiz var idi. Taktika da fərqli idi. Mövsümün əvvəlində də qeyd etmişdim ki, bizə çətin olacaq. Çünki bir neçə oyunçu getdi və transferlər edə bilmədik. Yanvara qədər bizə çətin olacaq.

- İndidən qışda almaq istədiyiniz hansısa oyunçu var?

- Hələ məlum deyil. Ümid edirik ki, həm yerli, həm də əcnəbi oyunçular alarıq. (report)

Sport7.az

Xəbər lenti