"Bizim dövrdə bu pullar olsaydı..." - Veteran futbolçu

Veteran futbolçularımız yadınızdadı? Elə də uzağa getməyin. Elə son 15-20 ilin futbolçuları. Ölkə çempionatında 16-18 klub oynadığı vaxtlarda hər komandanın yerli lider futbolçuları vardı. Mövsümlər arası, dövrələrarası fasilələrdə həmin "qaymaq" futbolçular üstə "qırğın düşərdi". Daha bugünkü kimi öncədən bəlli "dəyiş-düyüş"ləri transfer adı ilə azarkeşlərə sırımazdılar. 

Bəs hanı həmin o "qaymaq"lar? Bir çoxu hazırda məşqçi kimi fəaliyyət göstərir, bəzilərindən heç xəbər yoxdu. Bunu nəzərə alaraq, keçmiş futbolçularımızı yad etmək qərarına gəldik. Hər həftə bir veteran futbolçu ilə ötən günlərdən söhbət edəcəyik. 

Sport7.az-ın ilk qonağı Xəqani Məmmədovdur. 

29 sentyabr 1976-cı il təvəllüdlü futbolçu Masis şəhərində anadan olub. Peşəkar karyerasına 17 yaşında başlayan hücumçunun ilk komandası "Neftçi" olub. 1993-cü ildən başlayan futbolçu karyerası 2011-ci ildə başa çatıb. O, bu 18 ildə "Neftçi", Sumqayıt", "İnter", "Xəzər Lənkəran", "Karvan", "Şəmkir", "Maşınsazi" kimi komandalarda çıxış edib. 

"Neftçi", "Şəmkir", "İnter" klubları ilə həm çempionluğu bayram edib, həm də ölkə kubokunun qalib olub. 1997-ci ildə Azərbaycan millisində debüt edən Məmmədov 2008-ci ilə kimi də yığmamızın şərəfini qoruyub. 
 


- Xəqani bəy, futbola başladığınız günləri necə xatırlayırsınız?
- Futbola ilk başladığım günlər yadımdadı. Küçədə məhəllə-məhəlləyə qarşı oynayırdıq. Bir nəfər mənə yaxınlaşdı və başqa komandada oynamağı təklif etdi. Mən də sevinərək razı oldum. Ondan sonra mənim futbol həyatım başladı. 

-  "Əşi, vaxtında gərək başqa peşə seçərdim" dediyiniz anlar olub?
- Heç vaxt. Dünyaya bir də gəlsəm, yenə də futbolu seçərəm. 

- Bu peşənin sizə uyğun olduğu üçün, yoxsa sevgidən qaynaqlanır bu fikir?
- Futbola olan böyük sevgidən. 

- Sizin oynadığınız dövrdə, yoxsa indi çempionat daha maraqlı keçir?
- Əlbəttə ki, bizim dövrdə. O vaxtlar çempionat daha maraqlı və baxımlı idi. Çünki güclü komandalar çox idi. Bizim oynadığımız vaxtlarda əyalət komandaları vardı. Ümumi komandaların sayı çox idi. Güclü yerli futbolçular vardı. İnsanlarda futbola maraq daha çox idi. Ancaq bu gün insanlarda futbola maraq azalıb. Çempionatda komandaların sayı çox azdı, güclü komandalar azdı. Bu da istər-istəməz uşaqlarda, cavanlarda futbola həvəsi öldürür. İndiki uşaqları meydançaya güclə çıxardırsan. Bizim vaxtlarımızda şərait aşağı idi, ama futbolçular çıxırdı. İndi isə, şərait var, ama futbolçi çıxmır. 

- Bugünkü pullar, infrastuktur sizin dövrdə olsaydı, futbolumuz hansı səviyyədə olardı?
- Bizim dövrdə bu pullar, bu şərait olsaydı, inanın ki, Azərbaycan futbolu bugünkündən qat-qat yuxarı səviyyədə olardı. 

- Ən çox hansı klubdakı illəriniz sizin üçün unudulmaz olub? İstər mənfi, istər müsbət tərəfdən.
- Hər oynadığım komandanın öz mənfi və müsbət tərəfləri vardı. Hər birində yaxşı günlər də yaşamışam, pis günlər də.
 


- Ən unudulmaz gününüz nə vaxt olub?
- Komandalarımda çox xoş günlərim olub. Ən yadda qalan xoş gün isə, "İnter"lə çempion olduğumuz gün idi. Onda həm də çempionatın bombardiri olmuşdum. BU 2007-2008-ci illər mövsümü idi.

- Bəs, ən yadda qalan qalmaqal?
- Tovuzda. "Neftçi"də oynadığım vaxtlar idi. "Turan"la oyuna yollanmışdıq. Azarkeşlər stadionu dövrəyə almışdılar. "Buradan uduzub getməlisiniz" deyirdilər. (gülür)...

- Futbolçu olduğunuz vaxtlardan ta indiyə kimi, dalaşıb küsülü qaldığınız kimsə var?
- Meydançada hər hansısa futbolçu ilə küsə bilərik. Ancaq meydandan kənarda olmazdı. Küsməyimiz də elə meydançada qalardı. 

- Futbolda ən böyük peşmançılığınız nədir?
- Şükürlər olsun ki, peşmançılıq olmayıb. "Kaş ki"lər isə olub, indi də var. Olacaq da. (gülür)...

Röya Kərimli
Sport7.az

Xəbər lenti