"Bizim futboldan kədərli bir film çəkmək olar" - Azərbaycanlı şair

 

Futboldan kənar sahələrdən olan tanınmış şəxslərlə müsahibələrimiz davam edir. 
 
Bu dəfə şair Oğuz Ayvaz futbolla bağlı fikirlərini Sport7.az-la paylaşıb...

Futbolla ilk tanışlığım 2000-ci il Avropa çempionatına təsadüf edir. Atamla izləyərdik oyunları. Atam kasıb ölkələrin komandalarına azarkeşlik etdiyindən mən də ona qoşulurdum. Matçları elə həyəcanla izləyirdim ki, sözlər yetərsiz qalır. Turnir başa çatdıqdan sonra atama futbolkalar, butslar, top aldırdım. Həmin gecə aldığımız əşyalarla yatdım. Məktəbdə yemək pulumu saxlayıb, futbolçuların fotolarını alırdım, dəftər tutub matçlar haqqında qeydlər aparırdım. Futbol sevgim tükənməz dərəcədə böyük idi.

Bu turnirin ilk oyunu da yadıma düşür. Yay günlərindən biri idi. On yaşım olardı. Məhəllədə futbol oynayırdım. Zədələndiyimdən evə getməli oldum. Anam dizimin yarasına yod çəkib məni əzizlədi. Televizorda futbol verirdilər. Atam damağında siqaret, diqqətlə oyuna baxırdı. 2000-ci il Avropa Futbol Çempionatının qrup mərhələsi çərçivəsində Hollandiya Yuqoslaviyaya qarşı oynayırdı.

Atamın səsi gəldi:
- Bax, bu hollandlara azarkeşlik eləmə, Yuqoslaviya komandasına diqqət yetir!
Atamı dinləyir, ekranda ora-bura qaçan futbolçuları izləyirdim. Hesab 4-0 idi: hollandlar artıq qələbəyə doğru irəliləyirdilər.
- Ata, axı Hollandiya güclüdür, niyə Yuqoslaviyaya azarkeşlik edim?
- Hollandiya güclü, inkişaf etmiş ölkədir, – atam dedi. - Amma Yuqoslaviya kasıb ölkədir, onun xalqı müharibələr, faciələr görüb. Ona görə də mən kasıb, zəif ölkələrə "balet” edirəm. Sən də kasıbın tərəfində dur.
Oyunun sonunadək baxdım. Hesab 6-1 Hollandiya millisinin böyük hesablı qələbəsi ilə sona çatdı. Sonra da atamın siqaret sümürməsi səhnəsi...
 


- Bəs indi hansı komandaya azarkeşlik edirsiniz?
- Uşaqlıqdan "Qalatasaray" azarkeşi olmuşam. Bir də "Yuventus". İndinin özündə də bu klubları sevirəm, oyunlarını həvəslə izləyirəm. "Qalatasaray" uduzanda heç kimlə danışmıram. "Yuventus" isə sentimental komandadı, çox həssasdı, hətta yuveyə şeir də yazmaq olar. Finallarda uduzan klub. Ancaq təəssüf ki, futbol çirklənib. Oyunlar satılır, danışılır. Məhz sevdiyimiz komandalar da bu çirkə qarışıb.

2002-ci il Dünya Çempionatında Türkiyənin tarix yazması da mənim uşaqlıq illərimin ən gözəl və unudulmayan bir xatirəsidir. Türkiyə-Brazilya oyununda Hasan Şaşın ilk qolu yadınızdadır? Yəqin, o qoldan sonra ekran qarşısında çığır-bağırla sevincinizi bölüşmüşdünüz. Hamımız qələbəyə inanmışdıq. Hətta yazıçı Şərif Ağayar öz dostlarını daha da ruhlandırmışdı: "Mənə elə gəlir, Qarabağı alacağıq!”. Bütün Avropa türklərdən qorxmuşdu, sanki Osmanlı ordusu yenidən bərpa olunurdu. Bu oyunda Türkiyə uduzdu, bu, uşaqlığımın son məğlubiyyəti idi…

- Türkiyə millisinin ən gözəl illəri idi. Ancaq sonradan o gücü toplaya bilmədi...
- Çünki biriləri Türk futbolunun inkişafına mane oldu. Altyapını gözdən saldılar. Xarici oyunçu sevdası türk futbolun geriyə saldı. "Ayaks" bu gün altyapısı ilə dünyaya meydan oxuyur. Ancaq "Qalatasaray" və digər klublar kim ən bahalı oyunçunu alacaq deyə rəqabət edir. Ümid edirəm, yenidən türk futbolunun zirvələrə qalxdığını görərik.

- Bəs Azərbaycan futbolu ilə maraqlanırsınız?
- Azərbaycan futbolu çoxdan ölüb, fatihəsi də verilib. Zarafat edirəm. İndiki futbolumuz bəlkə də ən gözəl illərini yaşayır. Düzdü bunu milliyə şamil etməyimiz gülünc olar. Ancaq ümumən və xüsusən də "Qarabağ"-ın Avropa uğurlarını gözardı etmək olmaz.

Niyə bölgələrimizdə futbol yoxdur? İsmayıllıda, Şəkidə, Qubada, Qusarda, Kürdərmirdə, Salyanda, Qazaxda, Lənkəranda, Astarada, Naxçıvanda, Mingəçevirdə, Şamaxıda, Yevlaxda və digər adını çəkmədiyimiz rayonlarımızda futbol adına bir şey yoxdu. O zaman biz hansı futboldan danışaq? Bu məsələrə görə AFFA məsuliyyət daşıyır.

- 8 komandalı "Bakı çempionatı"nı izləməyə həvəsiniz olurmu?
- Azərbaycan futbolu olmayan ölkədi, ancaq bu mövzuda danışsaq bitməz.

Qətiyyən marağım yoxdu. Zatən getsəm futbol yerinə bayağı bir tamaşa izləmiş kimi olacam. Üstəlik bu tamaşa da boş tribunada keçiriləcək. Nəyimə lazım? Yaxud kimə lazım?

Bizim futboldan kədərli bir film çəkmək olar. Adı belə "Futbolu öldürən ölkə"... Nə qədər tənqid etsək, lağlağıya qoysaq da, bu bizim futboldu. Mütləq ki, gələcəkdə nələrsə dəyişəcək.

- Problemin kökünü və həlliyolunu nədə görürsünüz?
- Kökü əlbəttə ki, uşaq futbolundan keçir. Futbol məktəbləri açılmalıdı. Xüsusən də bölgələrdə. Onda futbolumuzdan bəh-bəhlə danışa biləcəyimiz günlər olacaq!

- Millimizin inkişafdan geri qaldığını qeyd etdiniz...
- Yığmamızın son və biabırçı oyunu yadıma düşür, Kosova yığması ilə. 0:4 darmadağın olmuşduq. Biz niyə özümüzü dağın başına qaldırırıq? Kosova kimi komandasına rüsvayçı hesabla uduzmaqla? Diqqət edin: Azərbaycanda Futbol İttifaqı1914-cü ildə, Kosovada isə 2014-cü ildə yaradılmışdır. Arada 100 illik böyük fərq var. Tarixlərində ilk dəfə bu cür böyük hesablı qələbəni də bizi rüsvay edərək əldə ediblər. Azərbaycan futbolu adına bunun tək açıqlaması var: Biabırçılıq!

Nə qədər yazsaq, müzakirələr etsək də ölkəmizdə futbol canını tapşırmaq üzrədir. Gedib Joze Mourinyonu, Fatih Terimi də gətirsən, biz düzələn deyilik. Qısası, futbolumuzdan əlimizi üzək!

- Heç soruşmadım... Bəyəndiyiniz futbolçu hansıdır? Lap elə yerlilərdən az da olsa fərqləndirdiyiniz kimsə varmı?
- Sevdiyim oyunçu Pavel Nedved olub. Onu çox sevmişəm. Hazırda isə Messini, Qomisi, Dibalanı çox sevirəm. Xüsusən Messi və Dibala sənətkardılar. Azərbaycan futbolunda isə Ramil Şeydayev ümid verir.
 


- Özünüzü yaşıl meydanda sınamısınız?
- Vaxt o zaman idi ki, futbolla yatar, futbolla qalxardım. Əlimdə top, üstümdə rəngarəng formalar, ürəyimi riqqətə gətirən futbol sevgisi... Həyatım məhəllə meydançalarında futbol oynamaqla və televizorda gərgin matçları izləməklə keçirdi. Sizin anlayacağınız tam bir "futbol manyakı” idim. Məktəbimizin yanında balaca bir dükan vardı. Orda müxtəlif futbolçuların, klubların fotoşəkilləri, posterləri, qolbaqları, formaları satılardı. Özü də qiymətlər çox sərfəli. Bulka pulumdan artırıb dərs çıxışı üz tutdum dükana. Bütün pulumu futbolçuların şəkillərinə xərcləyir, bundan da xeyli məmnun qalırdım. 

Bizim bir tarixi məhəllə komandamız olub. Adı da "Gənc-Bakı” idi. Maliyyə problemlərindən dolayı klubumuz cəmi üç il yaşadı. Hətta klub belə yaratmışdım. Bu haqda geniş yazı da yazmışdım.

Bu cürə sevirdim futbolu... "Qalatasaray”ı, "Yuventus”u... İllər keçdi, böyüdüm, saçlarım ağardı, bir qızım dünyaya gəldi, ata oldum və futbol həyatımdan çıxıb getdi. Niyə? Nədən? Futbola olan ilahi sevgimi kimlər öldürdü?

Serb rejissor Emir Kustiritsanın "Maradona” filminə baxandan sonra futbol daha da gözümdən düşdü. Daha doğrusu kapitalizmə, burjuzaziyaya nifrət elədim, lənətlədim. Çünki futbolu da çirkləndirmiş, biznesə çeviriblər. Uşaqlığımın ən saf əyləncəsini əlimdən aldılar. Maradonanı bəzi insanlar narkoman kimi tanıyırlar. Ancaq heç fikirləşibsiznizmi, böyük futbolçu niyə kokain çəkirdi? Başınızı qaşıya-qaşıya bir düşünün...

- Bir müddət idman mətbuatında çalışmışdınız. Niyə bu sahədən uzaqlaşdınız?
- Bəlkə də Azərbaycan futboluna görə. Bilmirəm. Öz klublarımız mənə monoton görünürdü. Mən futbolu sevirəm, ancaq ya futbolçu olmalıydım, ya da izləyici. Təəssüf ki, izləyici oldum. Futbolçu olacaqdım, amma şair oldum. Taleyin ironiyası. (gülür)...

Röya Kərimli
Sport7.az


 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR