Bizim “Qarabağ”, bizim “Qəbələ”!

Bizim “Qarabağ”, bizim “Qəbələ”!
Yenə başlamışıq: "Qarabağ” belə futbolçularla uzağa gedə bilməz”, "Prosineçki elə yaxşı edir İlqar Qurbanovu milliyə çağırmır”, "Cavid Hüseynov bir oyun oynayır, o birində oynamır, legionerlər meydanda çox olmalıdı”. 

Nə baş verdi, əzizlərim? Cəmi bir həftə bundan əvvəl elə bu "Qarabağ”ı, həmin İlqarla Cavidi tərifləyib, göyün yeddinci qatına qaldırmamışdıqmı? Orda belə az saxlayacaqdızsa, gərək heç qaldırmazdız. Axı yüksəklikdən yıxılmağın ağrısı daha çox olur. Bir az daha səbrli, bir az daha diqqətli davransaq çox şeymi itirərik?!

Bəli, razıyam ki, "Qarabağ” "Şerif”i Bakıdan məğlub yola salmalıydı. O fikrinizə də qatılıram ki, "Qəbələ” Afinada arzuladığımız kimi oynamadı. Futbolçular ya istəksiz idilər, ya da yorğun. Ümumiyyətlə, onların "Panatinaikos”un imkan verdiyi qədər oynaya bildikləri, rəqibin müəyyənləşdirdiyi çərçivə daxilində hərəkət etməsi variantı da var. Romanın onlara nə tapşırıq verdiyindən xəbərimiz varmı? 

"Yaqelloniya” ilə oyunda "Qəbələ”nin qarşısında başqa tapşırıq dayanırdı. İlk oyunda evdəki qollu bərabərlik "qırmızı-qaralar”ın səfərdə mütləq qol vurmalı olduğunu diqtə edirdi. Bunu da bacardılar, elə indi asıb-kəsdiyimiz İlqarın zərbəsi polşalılar üçün gözlənilməz və öldürücü oldu. Ondan sonrası asan olmasa da, mümkündüz deyildi. "Qəbələ” rəqibi qıcıqlandırıb, öz oyununu oynadı və səliqəli müdafiə olmağı sona qədər bacardı. Ola bilsin ki, Qriqorçuk Afinada da oxşar ssenarinin işə yarayacağını düşünmüşdü, yetirmələrini də məhz bu cür ssenariyə hazırlamışdı. Amma İlqarın əlinin topu tapması, yaxud topun sıçrayaraq Qurbanovun əlinə dəyməsi bizim işimizə yaramadı. İndi neynəməli? İlqarın əlini kəsməyimiz yunanların qapımıza vurduğu qolu tordan geri qaytarmayacaq. İlqar polşalılarla hər iki oyunda özünü yaxşı tərəfdən göstərmişdi. Bu dəfə olmadı. 37-ci dəqiqədəki məlum epizod onda ruh düşkünlüyü, psixoloji gərginlik yaratdı. 

Allaha şükür, qapımızdan 3-4 top buraxmamışıq. Bakıdakı oyunun ilk yarısında yunanları cəmi bircə dəfə məyus etmək kifayətdi ki, həm psixoloji üstünlük bizim tərəfimizə keçsin, həm də şərtləri diqtə edən tərəf biz olaq. Oyun penaltilərə qədər uzansa belə, "doğma divarlar”ın dəstəyi "Qəbələ”nin xeyrinə olacaq. Dünənki 90 dəqiqə göstərdi ki, "Panatinaikos” böyük hücum potensialı, başdöndürən hücumçuları ilə öyünə bilməz. Deməli, "Qəbələ”yə də, onun uğur Romanına da inanmaq üçün yetərincə səbəbələr var.

"Qəbələ”dən əvvəl isə bizi "Qarabağ” sevindirməlidi. Elə sevindirəcək də! "Şerif”in son 3-4 ildə avrokuboklarda göstərdiyi nəticələrə baxın. Moldova çempionu hər dəfə ilk oyunda qapanıb, rəqibə oynamağa imkan verməyib. Öz meydanında bəndi bir az boşaldan kimi isə qapısından 3-4 top buraxıb. Bizə biri də bəs edir. "Qarabağ” da onu vuracaq.

Həyacanlanmağa, tez-tələsik tənqid etməyə çox da ehtiyac yoxdu. Hələ qarşıda yetərincə zaman, çoxlu oyunlar var. Bizim "Qarabağ”ımızla "Qəbələ”miz yoluna davam edəcək!

Amal ABUŞOV



Xəbər lenti