Bizim Seyidəhməd

Bizim Seyidəhməd
Məzuniyyət müddətində Almatıda olduğum üçün Qazaxıstanın idman mətbuatını daha yaxından, intensiv şəkildə izləyirəm. Əvvəllər də bir məsələ diqqətimi cəlb edirdi, son günlər isə məndə bununla bağlı əminlik yarandı.

Həmin məsələ qazaxıstanlı futbolçu Erkebulan Seyidəhmədlə bağlıdı. 18 yaşlı Erkebulan Qazaxıstanın Taraz şəhərində doğulub, istedadlı futbolçu sayılır. Elə bu istedadının sayəsində ölkəsinin aşağı yaş qrupları üzrə millilərində parlamağı, artıq əsas komandaya da dəvət almağı bacarıb. Doğma şəhərin komandasının heyətində Qazaxıstan Premyer Liqasında da debüt edib. Ondan sonra da 17 yaşı olarkən Rusiya çempionatına, "Ufa”ya transfer olunub.

Onun haqqında danışarkən "qazax Messi” ifadəsindən tez-tez istifadə edirlər. Gənc hücumçu "Ufa”ya yollanarkən qazax qardaşlarımız toy-bayram edirdilər. Çünki onlarda da futbolçuların ölkə sərhədlərini aşması, xarici klublarda oynayaraq səviyyələrini artırması ilə bağlı ciddi problem var. Elə bu səbəbdəndi ki, Qazaxıstan klubları legionerlərinin sayəsində uzun illər boyu avrokuboklarda müəyyən uğurlar qazanıb, azarkeşlərini sevindiriblər. Amma milli komanda haqqında eyni sözləri demək mümkün deyil.

Seyidəhməd isə bu sahədə illərdi davam edən sükutu pozdu, tilsimi qırdı. "Qazax Messi”yə Rusiyada özünü göstərmək hələlik qismət olmayıb. "Ufa”nın əsas komandasında cəmi iki dəfə meydana çıxıb, bu mövsüm Avropa Liqasında iştirak üçün təqdim olunan iştirak ərizəsinə isə Erkebulanın adı daxil edilməyib.
Bu yaxınlarda Rusiya mətbuatı Seyidəhməd haqqında biz az məzəli, bir az da aşağılayıcı ifadə işlətmişdi. Həmin ifadə təxminən belə idi: "Erkebulan həm var, həm də yoxdu. Var ona görə ki, adı "Ufa”nın futbolçularının sırasındadı, amma biz onu meydanda, iş başında görə bilmirik”.

Rusiya mətbuatının əksinə olaraq, qazaxların idman mətbuatı Erkebulan Seyidəhmədə xüsusi qayğı və böyük diqqətlə yanaşır. "Ufa” haqqında ən xırda xəbəri belə "Seyidəhmədin klubunda filan hadisə baş verib” sərlöhvəsi ilə manşetə çıxarırlar. Bunu da son günlərdə müşahidə etmişəm.

Yəqin ki, arif oxucularımız nə demək istədiyimiz artıq anladılar. Azərbaycandan xaricdə çıxış edən futbolçularımızla bağlı məsələ eyni bu cürdü. Onları da böyük ümidlərlə yola salmışıq, mətbuatımızda da həmin futbolçularla bağlı yazılara, xəbərlərə tez-tez rast gəlirik. Hətta o dərəcədə ki, bizimkilərin əvəzetmədən meydana çıxması belə böyük hadisəyə, manşetlik xəbərə çevrilir. Kasıbın olanından məsəlindəki kimi.

Erməni Xoren Bayramyan "Rubin”in heyətində son turda qol vurdu, adını tabloya yazdırdı. Biz isə səbrsizliklə Araz Abdullayevin özünə yeni klub tapmasını gözləyirik. Heç kim futbolçunun harda olduğunu, nə işlə başını qatdığını bilmir. O da Seyidəhməd kimidi. Həm var, həm də yoxdu...

Amal ABUŞOV

Xəbər lenti