Bordini niyə sevmirlər? – İtalyanın Bakıdakı məcaraları

Bordini niyə sevmirlər? – İtalyanın Bakıdakı məcaraları

Amal ABUŞOV

Bu yaxınlarda çox dəyərli həmkarlarımızdan biri Roberto Bordinin sevilməməsindən yazmışdı. Oxudum, razılaşdığım məqamlar da oldu, razılaşmadığım da. Amma bir şeydən əminəm ki, italyanın böyük əksəriyyət tərəfindən sevilməməsində irqçiliyin heç bir rolu yoxdu.

Azərbaycan futbolunda millətçilik olsaydı, indiyə qədər onlarla əcnəbi məşqçi, yüzlərlə legioner futbolçu burda rahatlıqla top qovmaz, yaxşı pullar qazanmazdı. Bir məqamı xatırlayaq ki, Qurban Qurbanovun qısa fəaliyyətini saymasaq, 2008-ci ildən bəri Azərbaycan millisini əcnəbilər çalışdırır. Onlar özləri ilə köməkçilərini də gətirir. Hazırda Azərbaycanın aşağı yaş qrupları üzrə komandalarını gəlmələr çalışdırır, millimizin həkimi də, Hakimlər Komitəsinin sədri də əcnəbidi. Heç kim onlara "gözünün üstündə niyə qaşın var” demir.

Bəli, Roberto Bordini burda sevmirlər. Səbəb nədir? Birlikdə incələyək. Adam "xalq komandası”nın çalışdırıcısıdı. Yaxşı müqaviləyə gəlib. Özüylə köməkçisini, hətta tərcüməçisini də gətirib. İşini, "Neftçi”nin nəticələrini bir kənara qoyuram. Gözümüzün önündə Mirabdulla Abbasovu həmyerlisi Sansoneyə qurban verdi, gənc hücumçu veteran italyanın kölgəsində batırıldı. Samir Abasovla bir dəfə, Aftandil Hacıyevlə iki dəfə əlbəyaxa olacaq səviyyədə davaya çıxdı. Uduzduğu, xal itirdiyi bütün oyunların sonunda qalmaqalla yadda qaldı.

İndi Bordinin hədəfləri dəyişib, münaqişə yaşadığı şəxslərin "coğrafiyası” xeyli genişlənib. "Səbail”lə bu dəfəki oyun da ötənilkilərdən fərqlənmədi. Artıq rəqibin baş məşqçisiylə deyil, futbolçularıyla tutaşdı. Ağabala Ramazanova uzun müddət nəyisə "başa salmağa” çalışdı, "CBC Sport”un mikrofonlarına da yaxın gəlmədi. Cəzalandığına görə "Sabah”la oyunu mənim də yer aldığım media-sektordan izləyirdi. 90 dəqiqə onu yaxından müşahidə etmək imkanı qazandım. Hakimin hər qərarına etiraz etir, öz dilində bir şeylər deyirdi. İkinci hissədə hirsini polis çavuşunun üstünə tökdü, nəymiş ki, yağışlı havada sağa-sola hərəkət edən cavan asayiş keşikçisi onun oyuna baxmağına əngəl törədirmiş. Bəxti onda gətirdi ki, hədəf seçdiyi polis gənc idi, təcrübəlilərdən biri olsaydı, Bordinin bağırıb-çığırmasından utanmaz, əksinə, onun cavabını verərdi.

Atalarımız "atı atın yanına bağlayanda həmrəng olmasalar da, həmxasiyyət olarlar” deyib. Məsəli Robertodan və onun moldovan tərcüməçisindən uzaq olsun. Gənc tərcüməçi sanki Bordinin əkiz tayıdı. Oyunun gedişində hakimlərin qərarlarına o da etiraz edirdi. Konkret 61-ci dəqiqədə isə moldovalı növcavan azərbaycanlı FİFA referisi Rauf Cabbarovun ünvanına xoşagəlməz, yazılması mümkün olmayan ifadələr işlətdi. Az sonra yenidən rus dilindəki məşhur söyüşü dilə gətirdi, hədəfində yenə Rauf vardı. "Neftçi”nin hesabda irəlidə olduğu, qalib gəldiyi oyunda bu qədər söyüş işlədən, polisə və ətrafdakılara nifrət saçan adamlar görün uduzduqları oyunlarda nələrə qadirdilər.

İndi özünüz deyin, belə bir adamı Azərbaycanda niyə sevməlidilər?! Pulumuzu alıb, özümüzü söydüyünə görə?
 
 
 
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR