Bordinin bir barmağın kəssən... - Aktual

Bordinin bir barmağın kəssən... - Aktual
"Neftçi” Premyer Liqanın XVI turunda növbəti qələbəsini qazandı. Rəqib "Keşlə” idi - taqətsiz, gücdən salınmış, adı və tarixi əlindən alınmış, turnir cədvələnin zirzəmisindən heç cür qurtula bilməyən qəsəbə təmsilçisi. Elə buna görə də "ağ-qaralar”ın bu qələbəsi gözlənilməz deyildi...

Nəticənin belə olacağını, hətta "Neftçi”nin daha böyük hesabla qələbə qazanacağını gözlədiyimdən daha çox meydandakılara göz qoyur, xüsusən də meydan sahiblərinin yenilərinin qabında nə olduğunu müəyyənləşdirməyə çalışırdım. Müəyyən nəticələr çıxara bildim. Zamanı gəldikcə dəyərli oxucularımızla bu nəticələr, müşahidələrlə bağlı fikirlərimizi paylaşacağıq. Görünən odu ki, "Neftçi”nin qış fasiləsi dövründə və fasilə zamanı heyətinə qatdığı futbolçular yaydakından daha keyfiyyətlidi. Buna şübhə etməyə dəyməz.

Kim görübsə, bəyənibsə, doğru edib.

Belə yerdə yadıma Roberto Bordinin Bakıda verdiyi ilk müsahibələri düşdü. Sizinlə birlikdə tarixin təkərni geri fırladaq.

Bakı, 18 iyun 2018-ci il.
 
"Neftçi”nin azarkeşlər və mətbuat nümayəndələri üçün ilk açıq məşqi keçirilir. Məşqdən sonra Bordin jurnalistlərin suallarını cavablandırır. Bu açıqlamalar idman mətbuatının az qala hamısında eyni mətnlə getdiyinə görə mənbə göstərə bilməyəcəm, dostlar üzrlü saysınlar.

- Yeni transferlər kim olacaq? "Şerif”dən Ziqi Badibanqanın adı "Neftçi” ilə hallanır. Ümumiyyətlə, Tiraspol klubundan "Neftçi”yə transfer gözlənilir?
- Siz daha yaxşı bilirsiz, mənim məlumatım yoxdur. Rəhbərliyin aldığı oyunçular güclü futbolçulardır. Bu barədə idman direktoru və prezidentlə söhbətinizdə məlumat ala bilərsiz. Çünki transferlərə qarışmıram. 

Təkrar edirəm, Bordinin sözləri hər yerdə eyni cürdü. Kifayət qədər ciddi məsələ olduğunu görə hələ o vaxt çoxumuzun diqqətini çəkmişdi. Yazılarımızda da bunu vurğulamışdıq. Əgər, Bordin belə deməmişdisə, yaxud sözləri düzgün tərcümə olunmamışdısa, "Nefçi” açıqlama yaya, italyan mütəxəssisin fikrinin yanlış anlaşıldığını bizə çatdırardı. Amma belə bir açıqlama verilmədi. Deməli, Bordin məhz o cür də demişdi. Həmin vaxt "Neftçi” rəhbərliyinə sərf edən variant da beləydi. Yəni ki, biz peşəkar klubuq, futbolçuları özümüz izləmişik, komandanı formalaşdırmışıq, məşqçi transferlərə qarışmayıb.

İndi isə növbəti tarix və növbəti açıqlama, yəni bu günkü.

- Yayda "Neftçi”nin baş məşqçisi kimi ilk açıqlamanızı verərkən transferlərə qarışmadığınızı demişdiz. Qış transferləri zamanı necə oldu?
- Mən "transferlərə qarışmıram” dediyimi xatırlamıram.
  
Necə deyərlər sitatın sonu.
 
Təkcə zaman dəyişməyib, "Neftçi”dəki dəngələr də dəyişib. Buna da şübhəm yoxdu. Elə ona görə də sinyor Roberto yayda dediyi sözləri indi "xatırlamır”.
 
Nəsimi necə demişdi?
 
Zahidin bir barmağın kəssən dönüb Həqqdən qaçar,
Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz.

Amal ABUŞOV
 
 
 
 
 

Xəbər lenti