Boris Xetaqurovun yubiley günü - Tarixi Fotolar

Boris Xetaqurovun yubiley günü - Tarixi Fotolar

Bu gün tanınmış futbol həkimi Boris Xetaqurovun doğum günüdü.

Sport7.az xəbər verir ki, Azərbaycanın Əməkdar Həkimi fəxri adını daşıyan Xetaqurov 80 yaşını qeyd edir.

Boris Xetaqurov Naneeviç 12 avqust 1940-cı ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib, həkimlik peşəsinə yiyələnən Xetaqurov 1965-ci ildən 2003-cü ilə qədər "Neftçi" futbol klubunda həkim vəzifəsində çalışıb. 1992-ci ildə, yəni ilk günlərdən Azərbaycan milli futbol komandasına da cəlb olunub və çətin günlərdə azərbaycanlı futbolçuların səhhətinin keşiyində dayanıb. 2004-cü ilin iyulundan 2005-ci ilin yanvarınadək "Xəzər-Lənkəran”da çalışan Xetaqurov sonradan "Neftçi”yə qayıdıb. Uzun müddət milli komandayla yanaşı "Neftçi”nin həkimi olub. 2015-ci ildən təqaüdə çıxıb.

Təəssüflər olsun ki, bu gün Boris Xetaqurovun bilik və təcrübəsinə nə AFFA, nə də klublar ehtiyac duymurlar. Milli komandaya Ukraynadan həkim dəvət edən AFFA rəhbərliyi Boris Xetaqurovun varlığını belə unudub. Halbuki, həmyerlimiz dəfələrlə müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycan həkimlərini uğurla təmsil edib, əcnəbilər onun təcrübəsindən öyrənib, mühazirələrini dinləyiblər.

Boris Xetaqurov müsahibələrində futbola gəlişini belə xatırlayır: "Mən 1964-cü ildə Azərbaycan Dövlət Tibb İnstitunu müvəffəqiyyətlə bitirdim. İnstitutda oxuduğum zamandan idman tibbi ilə maraqlanırdım. Mənim bütün ailəm bu sahəni seçib. Belə ailədə böyüyüb, bu sahəni seçməmək, mümkün deyildi. Atam Bakının ən böyük xəstaxanalarından birində baş həkim kimi çalışırdı. Həyat yoldaşım da həkimdir. Həmçinin bacım da məhz tibb sahəsində çalışır. Hətta mənim yaxın qohumlarımın əksəriyyəti tibb sahəsi ilə bilavasitə bağlı adamlardır. Görürsünüz ki, onların içərisində yalnız mən idman tibbini seçmişəm. Son iki kursda isə vaxtımı idman tibbini öyrənməyə həsr etdim. Rəhmətlik müəllimim, professor Kamal Axundovun rəhbərliyi altında idman tibbi ilə ciddi məşğul olmağa başladım. Tibb institutunu bitirdikdə, mən azad təyinat diplomu aldım. Düzdür, o dövrdə ali məktəbi bitirənlər təyinatla müxtəlif yerlərdə işlə təmin edilirdilər. Ancaq məndə azad təyinatlı diplom idi. Artıq hər kəs mənim idman tibbinə olan marağımı bilirdi. 1965-ci ildə elə oldu ki, "Neftçi”yə həkim lazım oldu. Klub rəhbərliyinə bu sahədə işləyə biləcəyimi söylədim. Bununla da, 1965-ci ilin aprelində mənə doğma olan "Neftçi”də fəaliyyətə başladım. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası təşkil edildikdən sonra rəhbərlik ilk gündən məni yığmada işləməyə dəvət etdi. Həmin vaxtdan etibarən yığmamıza xidmət etməyə başladım. Həmçinin mən AFFA-nın Tibbi Komitəsinin sədri vəzifəsini daşıyırdım”.

Saytımız və azərbaycanlı futbolsevərlər adından dəyərli həkimimizi 80 illik yubiley münasibətiylə təbrik edir, ona uzun ömür, daim gümrahlıq və sağlamlıq arzulayırıq. İnanırıq ki, onun futbol sahəsindəki təcrübəsi mütləq dəyərləndiriləcək, layiq olduğu qiyməti mütləq alacaq!
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR