Britaniyada portuqaliyalı effekti: Nunu Espiritu Santu

Britaniyada portuqaliyalı effekti: Nunu Espiritu Santu

İngiltərə Premyer Liqasında 30 turdan sonra 44 xalla 7-ci pillədə qərarlaşan "Vulverhempton" əksər azarkeşləri təəccübləndirməyi bacarıb. Bu mövsüm "Mançester Siti", "Mançester Yunayted", "Arsenal", "Çelsi", "Tottenhem" kimi komandalardan xal almağı bacaran kollektivin bu səviyyəyə gəlib çatmasında baş məşqçinin rolu danılmazdır. Gəlin, 2017-ci ildən bəri "Vulverhempton"a rəhbərlik edən Nunu Espiritu Santunu daha yaxından tanıyaq.
 


1974-cü ildə dünyaya gəlmiş 45 yaşlı mütəxəssisin futbolçu karyerasına baxdıqda kifayət qədər fərqli komandaların adlarına rast gələ bilərik. Sabiq qolkiper Portuqaliyada - "Vitoriya", "Aveş", "Portu", İspaniyada - "Deportivo", "Merida", "Osasuna", Rusiyada isə Moskva "Dinamo"sunun qapısını qoruyub. Nununun futbolçuluq illərindəki ən böyük uğuru kimi isə 2003-04 mövsümündə "Portu" ilə Çempionlar Liqasını qazanmağını vurğulaya bilərik.


                                     "Vulherhempton"dan öncə
 


Nunu karyerasını "Portu"da bitirdikdən sonra 2010-2012-ci illərdə "Malaqa" və "Panatinaikos"da qapıçı-məşqçisi kimi fəaliyyət göstərir. Ardınca isə o, "Riu Avi"nin baş məşqçi postuna gətirilir və komanda onun rəhbərliyi altında tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazanır. Vətənində əldə etdiyi uğurlar qonşu ölkədə – İspaniyada Nunuya olan diqqəti artırır və o, "Valensiya"nın baş məşqçisi təyin olunur. Nunu Espiritu burda da özünə bəslənən ümidləri doğrultmağı bacarır. Portuqaliyalı mütəxəssis ilk mövsümündə 3 dəfə "ayın baş məşqçisi" mükafatına layiq görülür və "yarasalar" mövsümü 4-cü yerdə bitirməyi bacarır. Təəssüf ki, Nunu "Valensiya"nın başındakı ikinci mövsümündə heç də yaxşı nəticələr əldə edə bilmir və hələ ilk dövrə bitməmiş vəzifəsindən istefa verir. 2016-cı ildə karyerasını bitirdiyi "Portu"nun baş məşqçisi təyin olunsa da, gözləntiləri tam olaraq doğrulda bilmir. Yerli çempionatda 2-ci yeri tutduqdan sonra Nunu "Portu"dan ayrılır.

                                      Karyera zirvəsi: "Vulverhempton"
 


"Portu"dan ayrıldıqdan sadəcə 9 gün sonra Nunu tamamilə fərqli bir ölkəyə köçməsinə səbəb olan müqaviləyə imza atır. Yeni ölkə, yeni insanlar, yeni təfəkkür və ən əsası da - yeni futbol fəlsəfəsi. Nunu "Vulverhempton"da uğurlu olmaq üçün bir sıra addımlar atır. Komandaya daha çox onunla eyni dildə (portuqalca) danışan futbolçuları transfer etməyə başlayır və beləcə, öz futbol fəlsəfəsini kollektivə aşılamağı bacarır. Bütün bunların nəticəsi olaraq, 2017-18 mövsümündə "Vulverhempton" Çempionşipin qalibi olur və 6 ildən sonra Premyer Liqada çıxış etmək haqqı əldə edir. Təbii ki, Nununun bu qədər qısa müddət ərzində uğur qazanmasında klubun Çindən olan rəhbərliyinin də böyük rolu olduğunu deyə bilərik. Və bu gün Premyer Liqada 7-ci pillədə qərarlaşan Espiritu Santunun komandası istənilən top klub üçün başağrısı hesab olunur.

                                        Taktiki plan

 

 
Portuqaliyalı mütəxəssis bu mövsüm ərzində 3-4-3, 5-4-1 və 5-3-2 kimi taktiki sxemlərdən istifadə edib. Nununun qapıdakı "bir nömrəli" seçimi, şübhəsiz ki, öz həmyerlisi olan, 2016-cı ilin Avropa çempionu Ruy Patrisiudur. Əsasən, 3 mərkəz müdafiəçisi ilə oynamağa üstünlük versə də, bu fikir komandaya təkcə müdafiə cəhətdən xeyir vermir. Hər 3 müdafiəçi kifayət qədər yaxşı pas qabiliyyətinə sahibdilər. Xüsusən də, kapitan Konor Koudi komanda geridən hücum qurduqda hücumun gedişatını əvvəlcədən müəyyən edən oyunçu hesab oluna bilər. Həmçinin komanda topa sahib olarkən digər 2 stopper - Villi Boli və Rayan Bennetin də rolu çox vacibdir. Fransalı müdafiəçi Bolinin bu mövsüm rəqib qapılarına 3 dəfə yol tapdığını nəzərə alsaq, onun "Vulverhempton" adına irəli xətdə də önəmli fiqur olduğunu söyləyə bilərik.

Yarımmüdafiənin cinahlarında – qanad-bekləri kimi, Espiritunun seçimləri, əsasən, Conni Kastro və Mətt Doherti olur. Nunu bəzi hallarda Kastronun əvəzinə, gənc portuqal - Ruben Vinaqreyə şans verir. Qanad-beklərinin həm geridə, həm də irəli xətdə aktiv olması "canavarlar"ın oyununa daha çox rəng qatır. Meydanın mərkəzində çıxış edən portuqaliyalı cütlük - Moutinyu-Nevis liqadakı ən uyğun ikililərdən biri sayılır. Joau Moutinyunu "komandanın beyni" adlandıra bilərik. O, "Vulverhempton" üçün əsl "8 nömrə” rolunu oynayır. Partnyoru Ruben Nevis isə ən çox diqqət mərkəzində olan gənc oyunçulardan biridir. Daha çox müdafiəyəmeyilli və "6 nömrə” tipli bir oyunçu hesab olunsa da, oyun ərzində driblinqləri, açar pasları və uzaqdan zərbələriylə sırf müdafiəyəmeyilli futbolçu olmadığını göstərir. "Vulverhempton" üçün yayda Ruben Nevisi komandada saxlamaq heç də asan olmayacaq.

Komandanın irəli xəttində isə kifayət qədər diqqətçəkən futbolçular var. Onlardan biri də Dioqu Jotadır. Jota həm cinahda, həm də pleymeker kimi çıxış edə bilir. 22 yaşlı portuqal sürəti və texnikası ilə seçilir və bu mövsüm aktivində hələlik 6 qol və 4 məhsuldar ötürmə var. Nununun ön xətdə şans verdiyi digər bir oyunçu Elder Koşta Jotaya nisbətən daha çox vinger xüsusiyyətlərinə malikdir. Koşta elə də məhsuldar futbolçu deyil, bu mövsüm komandasına sadəcə 1 qol və 2 assistlə kömək edə bilib. "Vulverhempton"un əsas qol silahı isə meksikalı forvard Raul Ximenesdir. "Benfika"dan icarə əsasında çıxış edən hücumçu bu mövsüm 12 dəfə fərqlənməklə yanaşı, 7 məhsuldar ötürmə verib. Çempionatın sonuna 8 oyun qaldığını nəzərə alsaq, Ximenes bu göstəriciləri daha da yaxşılaşdıra bilər.

"Vulverhempton"un ehtiyat skamyasında da yetərincə keyfiyyətli futbolçular var. Onlardan belçikalı gənc istedad Leander Dendonker, İvan Kavaleyru, Adama Traore və komanda üçün bu ilin tapıntısı hesab edə biləcəyimiz 19 yaşlı Morqan Qibbs-Uaytın adını çəkə bilərik. Xüsusilə də, Adama Traore öz fiziki göstəriciləri və digər bacarıqları ilə oyuna sonradan daxil olaraq gedişatı dəyişə biləcək futbolçulardandı.
 

                            Gözləntilər və təxminlər


Nunu Espiritu Santunun "Valensiya"dakı 2 fərqli mövsümünün ardından "Vulverhempton"un gələcəyi haqqında çox parlaq danışmağa çəkinirəm. Ümid edirəm ki, 45 yaşlı mütəxəssis əvvəlki səhvlərindən nəticə çıxarmağı bacarıb. Amma növbəti illər haqqında danışmaq üçün əvvəlcə bu mövsümü bitirmək lazımdı. "Vulverhempton" liqada indiki yerini qorumağı bacarmalı və 4 gündən sonra FA kubokunun 1/4 final mərhələsi çərçivəsində öz evində "Mançester Yunayted"ə qarşı oynayacağı matça köklənməlidir. "Canavarlar" bu sınaqların öhdəsindən gələ biləcəkmi? Bunu isə bizə ancaq zaman göstərə bilər.

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR