"Bu barədə sürpriz olsun deyə, açıqlama vermək istəmirəm" - Şəmsəddin Abbasov

Yeni mövsümün başlamasına cəmi 1 gün qaldı. Yəni sabahdan etibarən futbolsevərlərimizn səbirsizliklə gözlədiyi Azərbaycan Premyer Liqasına start veriləcək.

Bəs "CBC Sport" yeni mövsümə necə hazırlaşır? Bu sualımıza cavab tapmaq üçün telekanalın baş redaktoru Şəmsəddin Abbasovla danışdıq.

"Artıq bəyan edə bilərik ki, heç bir borcumuz yoxdu və səyyar telestudiyalarımız da icarə deyil, şirkətə məxsusdu. Bu bizim üçün çox böyük uğurdu. İlk turlarda olmasa da, izləyicilər növbəti qarşılaşmalar zamanı görüntülərdə yeniliklərlə qarşılaşacaqlar. Bu barədə xoş sürpriz olsun deyə indi açıqlama vermək istəmirəm. Tamaşaçılar özləri izləyəndə nədən danışdığımızı anlasınlar. Premyer-liqaya həsr edilən iki verilişimiz olacaq - "Bizim futbol" və "Üçüncü hissə". "Matça doğru" o cümlədən oyundan sonra xüsusi buraxılışlarımız da nəzərdə tutulub. Sabah yayıma 2 saat əvvəldən başlayacağıq. Yəni oyundan 2 saat əvvəl klubların təlim-məşq toplanışlarından, bazalarından reportaj, məşqçilrindən müsahibələr. Bütün klubların bazalarına əməkdaşlarımız yollanıb. 8 komandanın bazasından görüntülər hazırlanıb, yeni mövsümlə bağlı məşqçi fikirləri öyrənilib. Bunlar ilk tur üçün nəzərdə tutulub. Növbəti turlarda, imkan daxilində, mərkəzi oyunda iştirak edəcək komandaların bazalarına gedib ən son məlumatları öyrənməyə və həm xəbərlərdə, həm də oyunöncəsi buraxılışlarda işıqlandırmağa çalışacağıq.

Matçların 98 faizini canlı yayımlamağa gücümüz çatacaq. Bir gündə iki oyundan artıq olmayacaqsa, onları maksimum yayımlayacağıq. Yəni, bir gündə maksimum iki idman tədbirini canlı göstərə bilərik.

Premyer-liqa ilə bağlı maliyyə məsələləri haqda heç nə deyə bilmərəm. Buna ancaq telekanalın rəhbəri Volkan Üst cavab verə bilər. Mən yalnız yaradıcılıqla bağlı danışa bilərəm. 

Birinci diviziondan və kubokdan da yayımlarımız olacaq. Keçən mövsüm birinci divizionun matçlarının demək olar 50 faizini göstərmişdik. Bu mövsüm də ən azı eyni həcmdə yayım planlaşdırırıq. Kubokda ilkin mərhələlər istisna olmaqla, 1/8 final mərhələsindən etibarən oyunları göstərəcəyik. Keçən il də həmin mərhələdən başlamışdıq.

Başqa layihələrimiz də olacaq. Efirlərimizi izləyin. Bu layihələr arasında, ilk dəfə qarışıq döyüş növləri üzrə 1 nömrəli turnir olan "UFC"ni almışıq. Rəsmi yayımlayacağıq. Yəqin ki, döyüş növlərinin həvəskarları maraqlanarlar. İtaliya, Hollandiya çempionatı bizdə qalacaq. Digər turnirlərlə bağlı danışıqlar gedir, hələ ki, bu yöndə heç nə əldə etməmişik. Rəsmi müqavilə bağlamamışıq deyə açıqlama verə bilmirəm.

"Qarabağ"ın "Kopenhagen"lə matçını biz yayımlaya bilmərik. Çünki ÇL-in yayım hüququna ölkəmizdə rəsmi şəkildə "İdman Azərbaycan" telekanalı sahibdi. Bu artıq öhdəlikdi, onlar göstərməlidilər".

Sport7.az

Xəbər lenti