Bu dəfə olmadı, Samir bəy!

Bu dəfə olmadı, Samir bəy!
Ötən həftə "Zirə”nin halalca bir xalı əlindən alındı. Ani diqqətsizlik, kiçik texniki xəta komandanın yeni baş məşqçisi Samir Abasovun və onun meydana buraxdığı futbolçuların əziyyətini yerə vurdu. Gedən xalın əvəzində qəsəbə təmsilçisinə texniki məğlubiyyət verildi – 0:3!
 
Yıxılana balta çalmaq bizim kitabımızda yoxdu. Özümü Abasovun, xal üçün meydanda savaşan futbolçuların yerinə qoydum, onların yanında olmağa çalışdım. Təkcə yazılarla kifayətlənmədim, "İdman Azərbaycan” telekanalının canlı efirində geniş auditoriyaya səsləndim. Çalışdım ki, 1 xalı əlindən alınan "Zirə”yə mənəvi yardım edə bilim, psixoloji dəstək verim. Vicdan borcum idi.
 
Bu dəfə də vicdan borcumu yerinə yetirəcəm. Çünki ötən müddət ərzində vicdanımı itirməmişəm. O vicdanın səsi bu dəfə Samir Abasova qarşı səslənir. Mənə hökm edir ki, bir həftə əvvəl dəstək olduğum çalışdırıcıya bu dəfə "Ayıb oldu, dediyiniz sözlər heç də sizə yaraşmadı, Samir bəy!” deyim. Etməməliydiniz, deməməliydiniz. Artıq demisiniz, etmisiniz. Özünüzdə cəsarət tapın, heç olmasa ikilikdə Ömər Paşayevdən üzr diləyin, Allah günahınızdan keçsin.
 
"Ömər Paşayev may ayına qədər məzuniyyət götürsəydi, rahat olardım. Ola bilər ki, gözü zəifdir, ancaq bir tərəfi görür. Ehtiyat oyunçular skamyamız digər tərəfdə olsaydı, yəqin ki, belə olmayacaqdı” – deyirsiz. Özü də hamı kimi siz də bilirsiz ki, son 6-7 ayda Ömərin səhəttində problem yaranıb və bu problemlər onu sevimli hakimlik peşəsindən uzaq salıb. Gənc adam Rusiyanın, İranın, Almaniyanın klinikalarının yollarında qalıb. Bunu AFFA-da da, Hakimlər Komitəsində də bilirlər. Ona görə də Ömərə dəstək olmağa çalışırlar. Baş hakim kimi təyinat vermək mümkün olmur, 4-cü hakim kimi oyunlara göndərirlər. Göndərirlər ki, həm mənəvi, həm də maddi dəstəklərini hazırda çətin durumda olan gənc hakimə göstərsinlər. İnsanlıq borcudu!
 
Bütün bunları bilə-bilə Ömər Paşayevin meydandan, futboldan, hakimlikdən uzaqlaşdırılmasını arzulamaq, onun gözünün zəif olduğunu iddia etmək ayıb və günahdı. Həmin davranışa isə hamımızın hörmət etdiyi, sayqı duyduğu, dəstək olmağa çalışdığı bir mütəxəssisin yol verdiyini görmək isə bizim üçün daha çətindi. Kaş ki, belə olmasaydı. Oldu, özü də çox ayıb oldu!
 
Amal ABUŞOV

Xəbər lenti