“Bu futbolçulara böyük psixoloji zərbə olacaq” – Şahin Diniyev

“Bu futbolçulara böyük psixoloji zərbə olacaq” – Şahin Diniyev

Bugündən etibarən premyer-liqaya start veriləcək. Artıq komandalar hazırlıqlarını tamamlayıb. Bəziləri hazır olsa da, bəzilərini tam hazır saymaq olmaz. Onlardan biri də "Kəpəz”di.

 

Xüsusən də stadion problemi yaşayan gəncəlilərin durumu ilə bağlı son məlumatları öyrəndik.

 

Baş məşqçi Şahin Diniyev Sport7.az-a müsahibəsində bunları söylədi:

 

- Yay hazırlığından başlayaq, necə keçdi?

 

- Məncə normal məşq prosesi keçə bildik. İstədiyimiz şəraitdə lazımi yükləmələri verə bildik. Bakıdakı istilər planlarımızda bir qədər problemlər yaratdı. Ancaq kiçik problemlərdi. Komandaya istədiyim məşq prosesini verə bildik. Söhbət həm Ərzurumda, həm də ondan əvvəl keçdiyimiz toplanışdan gedir. Hər şey normaldı.

 

- Komanda çempionata nə qədər hazırdı?

 

- Hərdən sual verirlər ki, neçə faiz hazırıq. Amma mən bunu faizlə deməzdim. Birmənalı şəkildə bildirim ki, komanda tam hazır deyil. Heç "Qarabağ” da tam hazır ola bilməz. Düzdü avrokuboklara görə müəyyən mənada hazırlıqlı olarlar. Ancaq heç kim deyə bilməz ki, komanda çempionata 100 faiz hazırdı. Oyun praktikası çempionat gedə-gedə artacaq, üslubda dəyişikliklər, irəliləyişlər olacaq. Zamanla bu öz əksini tapmağa başlayır. Problemlər var.

 

- "Sumqayıt"la oyunda ən çox nə gözə çarpacaq?

 

- Heyət dəyişdirilib. Yeni futbolçuların bir-birinə uyğunlaşması məsələsi var. Xətlərarası əlaqələrin yüksək səviyyədə olmaması oyunumuza təsir edəcək. Çünki təxminən heyətdə 65-70 faiz dəyişikliklər olub. Bu da məcburi addımdı, nə vaxtsa atılmalı idi. Zaman keçdikcə futbolçular bir-birilərini yaxşı anlayacaq və bu da durumu ideal səviyyəyə çatdıracaq. Digər problemimiz də bilirsiz ki, meydança ilə bağlıdı. "Kəpəz”in birdən-birə səfərdə 7 görüş keçirməsi futbolçulara böyük psixoloji zərbə olacaq ki, bu qaçılmazdı. Minimuma endirməyə çalışacağıq, amma bu mənada komandanı istədiyimiz səviyyəyə gətirə bilməyəcəyik. Klublar Komitəsinə müraciət etmişik. Gəncədəki stadionun əlverişsiz olması heç kimin ürəyincə deyildi. Ona görə də qarşılıqlı şəkildə razılaşmışdıq ki, püşkatmadan sonra ev oyunlaını səfərdə keçirək. Klubraın güzəştə getməyi üçün müraciət etmişdik. Amma bu güzəşt deyil. Çünki, baxın, səfərdə 7 oyun keçirmək qeyd etdiyim amilləri üzə çıxaracaq. Burda da ən böyük zərbə "Kəpəz”ə dəyəcək. Hansı komandalar güzəştə gedəcəksə, getməyəcəksə də sağ olsunlar. Futboldu, hər baş məşqçinin öz strategiyası baxış bucağı var. İlk dövrədə "Zirə”, "İnter”, "Qəbələ”, "Səbail”lə qarşılaşcağıq. Sonra komanda Gəncəyə qayıdacaq.

 

- Bəs razılaşmasalar, "Kəpəz” rəqibləri harda qəbul edəcək?

 

- Bunu da düşünmüşük. İlk növbədə azarkeşləri nəzərə almalıyıq, onlar bizim 12-ci oyunçumuzdu. Ona görə də Bakıda oynaya bilmərik. Bu birmənalıdı. Gəncəyə yaxın olan Tovuz stadionunda rəqibləri qəbul edəcəyik, bu artıq dəqiqləşib. Kimsə razılaşmasa ev oyunumuzu Tovuza salacağıq. Bakıda oynasaq azarkeşlərimizə hörmətsizlik olar. Tovuzla arada cəmi 70 km məsafə var və azarkeşlər gəlib izləyə bilər.

 

- "Kəpəz”ə Tovuzda oynamaq sərf edər, yoxsa bütün oyunları səfərdə keçirmək?

 

- Əlbəttə səfərdə oynamaq daha sərfəlidi. Çünki belə olsa ev oyunlarını Gəncədə keçirə biləcəyik. Bu ev oyunun dəyişməməsi deməkdi.

 

- Heyətə yeni əcnəbi və yerli futbolçular dəvət olunub. Onların hazırlığı qaneedicidi?

 

- Yeni futbolçular mənim göstərişimlə komandaya götürülüb. Ona görə də seçimimdə daha diqqətli olmağa çalışdım, xüsusən də legionerlərlə bağlı. Yerlilərin potensialını götür-qoy etdikdən sonra onları da dəvət etdik. Düzdü birinci dəstə bataqlıq kimi yerdi, ora düşən futbola qayıda bilmir. Amma əksinə oldu. "Kəpəz”ə ordan bir neçə futbolçu dəvət etdik. Hamısından razıyam. Bir məqamı çıxmaq şərtilə hər şey normaldı. Çatışmayan isə vaxtdı.

 

- İndiki legionerləri ötənilkilərlə müqayisə edə bilərsiz?

 

- Fikrimcə, birinə yaxşı, digərinə pis desək etikadan kənar, təhqir olar. Amma hamısı haqda müsbət fikirdəyəm. Məncə, siz də onları bəyənəcəksiz. Komandanın ən yaxşıları olmaq üçün çalışacaqlar.

 

- "Kəpəz”in bu mövsüm hədəfləri nədən ibarətdi?

 

- Keçənilki hədəfimizdən aşağı olmayacaq. "Kəpəz” deyəndə arxasında iddia, "iddia” deyəndə önündə "Kəpəz” işarəsi var. Azarkeşləri, futbol ənənəsi olan bir şəhərin komandasıdı, vuruşmamaq absurddu. Düşdüyü şəraitə baxmayaraq, "Kəpəz”in məqsədi olmalıdı. Futbolu sevən şəhər üçün ən yüksək hədəflər qoyulmalıdı. Əlbəttə, ayağımızı yorğanımıza görə uzatmalıyıq. Bu mövsüm ilk "dördlüy”ə, yəni Avroliqaya düşmək uğrunda mübarizə aparacağıq. Maksimium və minimum məqsədimiz budu.

 

- Builki çempionat haqda nə fikirləşirsiz? Yenə sona qədər iki komanda arasında mübarizə gedəcək, yoxsa digərlərini də iddialılar sırasına daxil etmək mümkündü?

 

- Yanaşma tərzi var. Həm sabit maliyyə, həm futbolçuların göstərdiyi oyun baxımından "Qəbələ” ilə "Qarabağ” digər 6 komandadan yüksəkdədi. Amma bir məqam var. Keçən il ilk 3 yerin sahibi əvvəlcədən məlum idi. Qalan komandalar 4-cü yer uğrunda mübarizə aparırdılar. Bu dəfə fikrimcə 4-5 komanda medallar, yəni 3-cü yer uğrunda vuruşacaq. Orta səviyyəli komandaların sayı artıb. "Zirə”, "Neftçi”, "İnter” hələ "Səbail” də açılmamış "sandıqdı”. Sürprizə layiq komanda olacaq və uğurlu çıxış edəcəklər. Bu artıq yeni çempionatın necə gərgin keçəcəyindən xəbər verir. Gözünüzün qarşısına gətirin, "Zirə” – "Neftçi”, "Kəpəz” – "Zirə”, "Kəpəz” – "Neftçi”, "Sumqayıt” – "Neftçi”... Bu oyunlar zamanı heç kim deyə bilməz ki, bir komanda digərindən güclüdü və ya oyunun taleyi artıq həll edilib. Bu komandalar liderlərlərə qarşı ötənilkindən daha yaxşı mübarizə aparacaq və badalaq vurmağa çalışacaq. Bunu özünüz də görəcəksiz. Söhbət sırf "Kəpəz”dən deyil, digər 6 komandanın "Qarabağ” və "Qəbələ”yə qarşı mübarizəsindən gedir. Hamısının ən azı bürünc medal qazanmağa şansı var.

 

Sport7.az

Xəbər lenti