Bu gün millimiz oynayır...

Bu gün millimiz oynayır...
Tezliklə "Astana Arena”da moldovalı hakim Aleksandr Tyanın start fiti ili bizi yaxından maraqlandıran qarşılaşma başlayacaq. Millimizin Qazaxıstana qarşı oyununu izləyəcəyik. Biləcəyik ki, qırğızlara Bakıda 3 top vurmağımız bizim həqiqi gücümüzün göstəricisi imiş, ya rəqibin gücsüzlüyünün.

Sözüm onda deyil. Həmkarımız Vüsal Mahmudov məni düz 19 il əvvələ qaytardı, milli komandamızın sarı-qara rənglərin vəhdətindən hazırlanan formasında bir şəkil paylaşdı. Heyətdə kimlər yox idi? Deni Qaysumov, Qurban Qurbanov, Narvik Sırxayev, Arif Əsədov, Vyaçeslav Lıçkin, Tərlan Əhmədov, Emin Ağayev, Rüfət Quliyev, Zaur Tağızadə, Hüseyn Məhəmmədov, Rasim Abışov... Bu adlar bizim nəslin futbol azarkeşləri üçün çox böyük məna kəsb edir. Biz Dimitri Kramarenkonun millinin düşərgəsində Moskva "Dinamo”sunun formasında gəlib, emblemin üzərini yapışqanla örtüb, meydana çıxmasını görən adamlarıq.

19 il əvvəl, 1999-cu ilin bu günü də millimiz oynayırdı. Bakıda Lixtenşteyni qəbul edirdik. 4:0 hesablı qələbənin ləzzətini unutmaq olarmı? Vüsalın paylaşımından sonra o qarşılaşmadan əvvəl baş verən bir hadisəni də xatırladım. 

Hesabdan, oyunun gedişatından, qolları kimin vurmasından danışmayacam. Bunları bilirsiz. Bilməyənlər də internetdən asanlıqla hər şeyi öyrənə bilərlər. Əsas Lixtenşteynə oyundan öncə yaşananlardı ki, onu mən və həmin gün mənimlə birlikdə olan dostlarım Eldəniz, Ruhin, Xanmuraddan başqa heç kim bilmir.

Lixtenşteyndən əvvəl Bakıda Rumıniyanı qəbul etmişdik. Respublika stadionunda aylardı uzanan, süründülən təmir işləri bitmək bilmirdi. Tribunalar sökülmüş, yalnız mərkəzi hissələrdə plastik oturacaqlar quraşdırılmışdı. AFFA-ya dövlət arasında yaşanan gərginlik bu təmirə də sirayət etmişdi, Gənclər və İdman Nazirliyi balansında olan stadionun təmirini uzadırdı. Rumınlarla oyunda mərkəzi sektorlardakı oturacaqların sayına uyğun cəmi 7 min bilet satılmışdı. Stadiondan çöldə qalan qəzəbli azarkeşlər müqavimət göstərmiş, önümüzü kəsən polis səddi dəmir darvaza ilə birlikdə yerindən qoparılıb atılmışdı.
 
Qarışıqlıqda mənim də dəri gödəkçəm cırılmışdı. Amma buna o qədər də heyfslənmirdim. Əsas o idi ki, millimizin oyununu canlı izləyə bilmişdim. Oturacağı olmayan tribunalara azarkeşlərin buraxılmasına görə isə UEFA həmin vaxt AFFA-ya ciddi məbləğdə cəza kəsmişdi.

Lixtenşteynlə oyundan öncə nəzarətin artacağından xəbərdar idik. Polislər stadionun ətrafında quş uçmasına belə imkan verməyəcəkdilər. Bu dəfə 10 min bilet satışa çıxarılmışdı və mərkəzi sektorlara satılan bahalı biletlər biz tələbələr üçün əlçatmaz idi. Əlacımız qalmamışdı, nəsə fikirləşməliyidik, mütləq stadionda olmalıydıq. Bilirdik ki, tarixi qələbə qazanmağa çox yaxınıq və buna şahid olmaq fürsətini əldən qaçıra bilməzdik. Yanlış xatırlamırsamsa, oyun axşamüstü saat 18:00-da başlamalıydı. Stadiona oyunun başlamasından düz 6 saat tez, polislər gəlməmişdən xeyli əvvəl daxil olduq. İndi sizə gülməli gələ bilər, amma bu bizim üçün yeganə imkan idi.

Təxminən üç saat al günəşin altında, qapı arxasındakı tribunaların lap son sırasında oturduq. Yavaş-yavaş daxili qoşunların əsgərləri və polislər görünməyə başladılar. Gizlənməyə yer yox idi, oturacaqlar söküldüyündən betonun üzərində oturan dörd nəfər dərhal diqqət çəkdi. Beləcə qarşıdakı bir saat ərzində polislər bizi sektordan sektora qovmaqla məşğul oldular. Yalvardıq, nə illah etdiksə, xeyri olmadı. Tutub rəislərinin yanına apardılar. Rəis də dedi ki, nə sözünüz varsa Fuad Musayevə deyin, o tapşırıb ki, stadionda biletsiz adam olmasın. Beləcə 4 saatlıq əziyyətimiz heç oldu, bizi stadionun tribunalarından həyətə çıxardılar. Növbəti bir saatı da orda dolaşmaqla keçirdik və hiss etdik ki, bizə göz qoyurlar. Az sonra polislərdən biri yaxınlaşıb davrazalardan da kənara çıxmağımızı tələb etdi. Bu dəm yanğınsöndürən maşında əyləşən bir əsgərin bizə ürəyi ağrıdı və yanına çağırdı...

... Daha yarım saatı "pojarnıy” maşının kölgəsində yola verdik. Artıq vaxt idi, risk etməli və son döyüşə başlamalıydıq. Sürücü maşını stadionun eyvanlarından birinə yaxınlaşdırdı. Maşının üstünə çıxıb eyvandan içəri tullandıq. Dərhal da orda başqa bir polis bizi tutdu. Oyun başlayır, himnlər səslənirdi. Mərkəzdə sıxlıq yaranmış, ara qarışıb-məhzəb itmişdi. Polisə dedik ki, bizi tribunaya burax, bir azdan yaxınlaşarsan və "hörmətini” edərik. Razılaşdı. Dünyanın xoşbəxti idi. Özümüzə bir tərəhər yer tapdıq, ilk dəfə idi ki, millinin oyununu plastik oturacaqda, özü də mərkəzdən izləyirdik. Az sonra polis öz payının ardınca gəldi və o vaxtın puluyla 1000 manatdan yığıb ona verdik. Həyacan, əziyyət və ora-bura qovulma, axırda da 4 min manat xərcin əvəzini millimizin vurduğu 4 qolla çıxdıq. Xoşbəxtlik üçün bizə daha nə lazım idi?

Xatırlayıram və məni gülmək tutur. Bu gün yenə milli oynayır. Görəsən, eyni şərtlər bu gün də olsaydı, kimsə bizim çəkdiyimiz əziyyətin qarşılığında millinin oyununa baxmağa razı olardımı?

Amal ABUŞOV
 
 
 

Xəbər lenti