"Bu gün onun haqda danışmaq çətindi" - Mahmud Qurbanov

İslamiadada iştirak edən Yaşar Vahabzadənin rəhbərlik etdiyi U-23 yığmamız dünən Mərakeşlə heç-heçə oynamaqla qrupdan çıxmağı bacardı. 

Komandanın çıxışı ilə bağlı əsas yığmamızın köməkçi məşqçisi Mahmud Qurbanovla danışdıq. Mahmud bəy Sport7.az-a açıqlamasında bunları söylədi:

"Yığmamızın hər 3 oyununu izləmişəm. Normal şəkildə yarımfinala çıxıblar. Top buraxmayıblar, nəticə etibarı ilə yaxşıdı. Qrupda hər 3 rəqib yaxşı təir bağışlayırdı. Çətin qrup idi. Digər qruun oyunlarını da izləyəndən sonra belə qərara gəlmək olar. Çətinliklə də olsa qrup mərhələsini adladılar. 

Əlcəzairin oyunun görməmişəm. İnanıram ki, komandamız finala çıxacaq. Nəticələrə baxmışam, düşünürəm ki, bizim şansımız daha çoxdu. Amma asan olmayacaq. 

Sürətli futbolçularımız çoxdu. Yaxşı cəhətləri odu ki, müdafiədə top buraxmayıblar. Oyunu tempini yüksəldə biləck futbolçularımız var. Onların hücumda olması bizim üçün əlavə üstünlükdü. Çünki belə futbolçular müdafiəçilər üçün həmişə başağrısı olur. 

Çatışmayan cəhətlər? Bu haqda danışmaq çətindi. Çünki kənardan baxırıq. Gəlin bir qədər optimist olaq (gülür). Yaxşı cəhətlərindən danışaq. Top buraxmayıblarsa... Düzdü, hər bir yığmanın çatışmayan cəhətləri var. Amma bu gün onun haqda danışmaq çətindi. 

Ruslanla Ağabala yarış başa çatandan sonra əsas yığmaya qoşulacaq. Qalanları da ki, çağrılmayıblarsa, gənc futbolçulardı, karyeraları qarşıdadı. O baxımdan hər zaman yığmaya dəvət ala bilər. 

Yarışın səviyyəsinə gəlincə, futbolçular üçün praktikadı. Özlərini göstərmək baxımından yaxşıdı. Rəqiblər də deməzdim zəifdi. Sürət baxımından ola bilər Avropa yığmalarından fərqlidilər. Amma, məsələn Mərakeş oyun baxımından heç də Avropa komandalarından geri qalmır. Bizimkilər üçün yaxşı praktikadı, üçgündənbir oynayırlar. Stimul var ki, turnirdi, birinci yeri tutmaq lazımdı. Yəni məqsəd var. Turnirin zəif olub-olmaması haqda danışmaq çətindi. Çünki müsəlman dövlətlərinin turniridi. İslamiadada çıxış etməliyik, ev sahibiyik. Xüsusən də gənc futbolçularımız yaxşı təcübə qazanacaqlar".

Sport7.az

Xəbər lenti