"Bu, kubokda iştirak edən komandalar üçün ədalətli olmaz" - Ramin Musayev

Bu gün AFFA-nın inzibati binasında Azərbaycan Kubokunun 2019/2020-ci illər mövsümünün püşkatma mərasimi keçirildi.
 
Sport7.az xəbər verir ki, Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə baş tutan mərasimdə klub nümayəndələri, media mənsubları və digər qonaqlar iştirak etdilər.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev qonaqları salamladıqdan sonra bir sıra maraqlı məqamlara toxundu: "Hər birinizi salamlayıram. Azərbaycan Kubokunun qarşıdan gələn mövsümündə bütün iştirakçılara uğurlar arzu edirəm. Güclü olan qalib gəlsin.  Azərbaycan Kubokunun yeni sahibi olacaq komandanın ölkəmizi avrokuboklarda layiqincə təmsil edəcəyinə inanıram. Düzdür, kubokda komanda sayı azdır, lakin bu bizdən asılı məsələ deyil. Sirr deyil ki, 2008-ci ildə Peşəkar Futbol Liqası yarandıqdan sonra keçirilən çempionatlarda heç vaxt turnir cədvəlini aşağı pillədə bitirən klublar avrokuboklarda özündən yuxarıdakılardan yaxşı nəticə göstərə bilməyiblər. Bu, PFL-in yarışları ədalətli keçirməsinin göstəricisidir". 
 
Daha sonra Ramin Musayev jurnalistlərin suallarını cavablandırdı:

- Region Liqasında çıxış edən komandalardan bəziləri kubokda iştirak etmək istəmişdilər. Sizcə, onları yarışa buraxmaq olmazdımı?
 
- Azərbaycan Kubokunu keçirmək PFL-in səlahiyyətindədir və bizə nə şifahi, nə yazılı müraciət olunmayıb.

- Premyer Liqanın sponsor məsələsi nə yerdədir? İddia olunur ki, müraciət edənlər var, ancaq az maliyyə təklif edirlər.
 
- Peşəkar Futbol Liqasına xarici şirkətdən təklif gəlmişdi. Amma müraciət edən şirkətin ölkəmizdə fəaliyyəti hüquqi cəhətdən mümkün olmadığına görə razılıq əldə olunmadı.

-Avrokuboklara 4-cü vəsiqənin sahibini müəyyənləşdirmək üçün kubokun qalibi ilə Premyer Liqada 4-cü yeri tutan komanda arasında pley-of matçı keçirmək məsələsini reqlamentə daxil etmək olar?
 
- Düşünürəm ki, bu, kubokda iştirak edən komandalar üçün ədalətli olmaz.

- Azərbaycan Kubokunun sponsoru olacaq?
 
- Hələ ki yoxdur. Danışıqlar davam edir.

- Oyunların manipulyasiyası ilə bağlı "Ağsu”nun 2 futbolçusu yarışdan uzaqlaşdırıldı. Bu barədə UEFA-dan sizə siqnal daxil olubmu?
 
- Bizə UEFA-dan hər hansı siqnal daxil olmayıb. Lakin aidiyyəti orqanlara daxil olub və təəssüf ki, həqiqətdir.

Azərbaycan Kubokunun ilk oyunları dekabrın birinci həftəsində reallaşacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR