"Bu mərhələdə heç kim istəməz ki, "Neftçi" və ya "Qarabağ"la qarşılaşsın" - Rəşad Sadıqov

Azərbaycan kubokunun 1/8 final mərhələsində "Qaradağ Lökbatan"la keçirilən matçdan sonra "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.

Sport7.az xəbər verir ki, veteran futbolçu 4:0 hesablı qələbə qazandıqları matçla bağlı bunları söyləyib: "Kubok oyunları həmişə təhlükəli olur. 1/8 final mərhələsi 1 oyundan ibarət olduğuna görə çox ciddi hazırlaşmışdıq. Rəqibi ciddiyə almışdıq, heyətlərində Elmir Cəfərov, Orxan Əliyev, Elvin Sərkərov, Kamil kimi çox təcrübəli oyunçular var. İlk hissədə hesabı açdıq və böyütdükdən sonra inamlı qələbə qazandıq. Hesab bizə imkan yaratdı ki, ikinci hissədə daha gənc futbolçularımıza şans verək. Heyətdə bəzi rotasiyalar etmişdik, amma rəqibə qarşı çox ciddi hazırlaşmışdıq. Şükürlər olsun ki, bizim üçün vacib olan qələbəni qazandıq. 

Hər iki cəbhədə mübarizə aparmaq üçün daha geniş heyətin olmalıdı. Amma əvvəlki illərə nisbətən fərq ondadı ki, 1/4 final mərhələsinin oyunları çempionatın ikinci hissəsi başlamamış keçiriləcək. Bu böyük üstünlükdü. Sadəcə, yarımfinala keçən komandalarda əlavə 2 həftə sıx qrafik olacaq. Bu işimizi bir balaca yüngülləşdirir. Amma əvvəlki illərdə kubok oyunları çempionatın matçlarının arasında olurdu. O cümlədən yarımfinal da. Bu zaman daha çətin dövrə keçirdi. Qarşıda bizi "Neftçi" ilə vacib, çox maraqlı oyun gözləyir. Hazırda çempionatda "Neftçi" favoritdi. İlk sıradadı. Biz də oyuna yaxşı köklənəcəyik, hazırlaşacağıq. Təbii ki, belə bir mərhələdə heç kim istəməz ki, "Neftçi" və ya "Qarabağ" kimi komanda ilə qarşılaşsın. Ancaq püşkü biz seçmirik, artıq rəqibimiz "Neftçi"di. Oyuna çox ciddi hazırlaşacağıq. Düşünürəm ki, azarkeşlər üçün maraqlı iki oyun olacaq".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR