Buffondan sonra Kamran

Buffondan sonra Kamran

Amal ABUŞOV

Canluici Buffonu hamınız tanıyırsın. İtaliyalı qolkiper bu ilin yanvarında 41 yaşını tamamlayıb. Düzdü, Çempionlar Liqasının qalibi ola bilmədiyinə görə tənqidlərə, istehzalara hədəf olur. Amma ki, adamın karyerası, qazandığı uğurlar göz oxşayır və bir çoxları üçün əlçatmazdı.

2006-cı ildə İtaliya millisiylə birlikdə dünya çempionatının qalibi olan Buffon hələ 90-cı illərin sonlarında "Parma”nın heyətində İtaliya kubokunu, superkubokunu və UEFA kubokunu qazanıb. 2001-ci ildə "Parma”nı "Yuventus”a dəyişən Buffonun burdakı karyerası xüsusiylə uğurlu alınıb. İtaliya futbolunun və "qoca sinyora”nın simvoluna çevrilən Canluici 17 il ərzində düz 11 dəfə İtaliya çempionu olub. Bəlkə də "Yuventus” "danışılmış oyunlar”da ittiham edilib, aşağı liqaya göndərilməsəydi, Buffonun qızıl medallarının sayı daha çox olardı. Amma elə olanlar da onun karyerasına "əla” qiymət vermək üçün yetərli sayıla bilər.

Adam 40 yaşında təkcə Fransanın deyil, bütövlükdə Avropanın top-klublarından sayılan PSJ-yə keçdi və ənənəsini pozmadı. Elə ilk mövsümdəcə Buffon Fransa çempionatının və superkubokunun qalibi oldu. Razılaşın ki, 40 yaşlı qapıçı üçün əla göstəricidi. Buffonu sevənlər ümid edirdilər ki, onun üçün "Çempionlar Liqası lənəti” Paris klubunda bitəcək. "Yuventus”la birlikdə qazana bilmədiyi titulu Buffon karyerasının qürub çağında başı üzərinə qaldırmaq ona nəsib olacaq. Bu ehtimallar özünü doğrultmadı, PSJ də, Buffon da Çempionlar Liqasında uğursuzluqla üzləşdilər.

Buffonun 41 yaşında PSJ-də əsas qapıçı olmayacağı məlum məsələydi. Belədə onun üçün digər həmyaşıdları kimi, uzaq Çinə, ya da ki, Amerikaya yol görünürdü. Düşünmək olardı ki, Buffon da belə davranacaq, karyerasının qürub çağında özünü həmin yollara vuracaq. Çətin məqamda "Yuventus” öz dəyərinə sahib çıxdı, PSJ-dən ayrılan Buffon doğma yuvasına döndü. Bu transferə görə Turin klubunu da, qapıçının özünü də qınayanların sayı çoxdu. Bəlkə də hər biri özünə görə haqlıdı. Amma Buffonun "Yuventus”a dönüşü bir mənəvi məsələdi və əsas olan "Yuventus”un çətin məqamda Buffona sahib çıxmasıdı.

Buffonla bağlı yaşanan son olaylar mənim yadıma Kamran Ağayevi saldı. Düzdü, səviyyəcə bu iki qolkiperi müqayisə etmək mümkün deyil. İtaliyalı Buffonla azərbaycanlı Kamran arasındakı fərq elə bu iki ölkənin futbolunun arasındakı qədərdi. Di gəl ki, Kamran Azərbaycan futbolunun sayılıb-seçilənlərindədi. Milli komandanın heyətində xeyli uğurlu oyunlar keçirib, bir çox oyunlarda rəqibin bizi daha böyük hesabla məğlub etməsini əngəlləyib. Günlər var idi ki, Ağayevi heyətinə qatmaq üçün ölkə klubları yarışa çıxar, qeyri-rəsmi hərrac keçirərdilər. Burda qazandığı paraların parıltısı Kamranın xaricdən gələn təklifləri geri çevirməsiylə nəticələnirdi, kefi saz, damağı çağ ömür sürürdü. Elə yaz-bahar nəğmə oxuyan cırcıramalar kimi. Gözünü açanda, ətrafa baxanda artıq gec idi...

Canluicinin 41, Kamranın 33 yaşı var. Ağayevlə Buffonun müqayisəsini aparası olsaq, məntiqi uyğunluq axtarsaq, onda gərək Kamran bundan sonra azı səkkiz il karyerasını davam etdirsin, yüksək səviyyədə futbol oynasın. Amma nəinki səkkiz, heç bir il oynamaq üçün Kamrana qapısını tapşıracaq klub tapılmır. Bir vaxtlar Azərbaycanın ən yaxşısı olan Kamran indi havada qalıb. Ölkə xaricində demirəm, heç Azərbaycanda onun xidmətinə ehtiyac duyan yoxdu. Ey gidi günlər. Niyə belə oldu, ay Kamran? İndi biz sənin üçün "Yuventus” kimi dəyərlərinə sadiq qalan klubu hardan tapaq?! Ümid edək ki, "Yuventus”un davranışı bizim klubları da hərəkətə gətirəcək, Kamran 33 yaşında karyerasını bitirmək məcburiyyətində qalmayacaq.
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR