"Buna şərh vermək istəmirəm" - "Keşlə"nin baş məşqçisi

"Rəqibin müdafiəsini yarmaq çətin oldu”.
 
Sport7.az xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Yuri Maksimov deyib.

Qış fasiləsindən sonrakı ilk turda "Səbail"i qəbul edən paytaxt təmsilçisi hesabda geri düşməsinə baxmayaraq, meydançanı bərabərliklə (1:1) tərk etməyi bacarıb.

Ukraynalı mütəxəssis qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında oyunu bu cür dəyərləndirib: "Hər iki komanda qələbə qazanmaq istəyirdi. "Səbail"dən başqa oyun sistemi gözləyirdik. 5-li müdafiə ilə oynadılar. Meydanın mərkəzində boşluq var idi. Orta sahədə bir nəfər çatışmırdı. Buraxılan qolda səhvə yol verdik. İkinci hissədə toparlandıq. Dəyişikliklər öz bəhrəsini verdi. Əsas odu ki, oyunçularda oynamaq həvəsi var idi Rəqibin də yaxşı futbolçuları var. Bu matçı təhlil edib, növbəti matçlara daha yaxşı hazırlaşacağıq”.

- Bu, rəsmi debütünüz idi. İlk təəssüratlarınız necədi?

- Turnir cədvəlinin aşağı pillələrində olan komandaların belə təmiz mübarizə aparmaları məndə xoş təəccüb yaratdı. Fikrimcə, çox çətin çempionatdı. Futbolçularımın irad kimi başa düşməsini istəmirəm, amma bəzi oyunçular komandaya gec qoşuldular. Bir-birlərini başa düşmələri üçün zamana ehtiyac var.

- Yeni transfer edilən əcnəbi futbolçuların səviyyəsindən razı qaldınız?

- Vaxt azlığı var idi. Bir çox yeni futbolçuların komandaya cəlb edilməsi zamanı "İnstat”dan istifadə edilir. Bəzi yeni futbolçularımızda axtardığımızı tapdıq. Bəzilərinə isə ümid edirik.

- Antalya toplanışını təbii örtükdə keçirdiniz. Amma burda süni örtükdə çıxış edirsiniz. Buna münasibətiniz necədi?

- Bilirəm ki, süni meydança zədəyə meyillidi. Təbii örtükdə məşq edib, süniyə keçmək o qədər də təhlükəli deyil.

- Pablo Padionun yoxluğu nə ilə bağlı idi?

- Onun zədəsi var. Toplanış zamanı ayağından xəsarət almışdı.
 
- Ancaq əldə etdiyimiz məlumata görə, onun oyunundan razı deyilsiniz...

- Buna şərh vermək istəmirəm. (apasport)

Xəbər lenti