"Bundan sonra bir də belə yuxu görməyəcəyik" - "İstanbul möcüzəsi"nin pərdəarxası

Çetin Cem Yılmaz (yazar): 2004-cü ilin sonlarında Çempionlar Liqasının biletləri artıq satışa çıxmışdı, ancaq finalı yerində izləməyə elə də həvəsli deyildim. "Liverpul" qrupdan son dəqiqə qolu sayəsində çıxmışdı. "Qırmızılar"ın şansları o qədər də yüksək qiymətləndirilmirdi. Bukmeykerlərin açıqladığı əmsallara əsasən, "Liverpul" "Valensiya" ilə birlikdə çempionluq şansı ən az olan komanda idi.
 


Oyundan əvvəl


Stiven Cerrard: "Oyundan bir gün əvvəl mətbuat konfransına getməli idim. Karraqer mənə "Kuboku görsən, ona toxunma" dedi. Bu, çox çətin idi. Kuboku qazanmış əfsanələri - Kenni Dalqliş, Qrem Suness, Alan Hansen və başqalarını düşündüm. Amma toxunmadan yerimə oturmağı bacardım, yoxsa Karra məni bağışlamazdı.

Stadiona gedən yol qəribə idi. Ətrafda, demək olar ki, heç nə yox idi. Sanki türklər stadionu yoxluğun içində tikmişdilər. Yaxınlaşdıqca azarkeşlərimizi görməyə başladım. Ayda oynasaydıq, inanın, onlar ora gəlmək üçün də bir yol tapardılar. İstanbul dəlilik idi - saf və möhtəşəm bir dəlilik. Azarkeşlərimiz hər yerdə idi. Bəziləri qaldığımız oteldən nömrə rezerv etmiş, bəziləri isə sonradan orada olduğumuzu bilib gəlmişdilər. Otaqdan çıxdıqdan sonra azarkeşlərlə birgə olurdum. Uğur arzulayanlar, imza istəyənlər, şəkil çəkdirənlər… - onları çox sevirdim, ancaq eyni zamanda diqqətimi dağıdırdılar. Hətta yatmağa çalışarkən belə, səsləri qulağımda idi. Pəncərələri bağlayıb, pərdələri örtürdüm, amma yenə də onların səsini eşidirdim: "You’ll never walk alone", "Fields of Anfield Road", "In Istanbul we`ll win it five times" və b."

Ceymi Karraqer: "Biz bu kuboku daha əvvəl qazanan "Liverpul" heyətlərindən fərqli olaraq, qüsursuz deyildik, skeleti üzərində dayanmağa çalışan komanda təsiri bağışlayırdıq və finala gələnə qədər bir neçə dəfə mübarizəni dayandırmağa yaxın olmuşduq. Finalda isə həqiqətən də güclü bir komandaya qarşı oynayacaqdıq: peşəkar, bacarıqlı və acımasız "Milan”. Məqsədimiz onları mümkün qədər yorub, 1:0 hesablı qələbə qazanmaq və ya oyunu penaltilər seriyasına daşımaq idi".

Rayan Hermann ("Liverpul" azarkeşi): "Stadiona gedən yolda inşaat dağıntıları diqqət çəkirdi. Sanki nüvə partlayışı baş vermiş və sadəcə "Liverpul" azarkeşləri sağ qalmışdı".
 


İlk hissədən sonra: "Milan" - "Liverpul" - 3:0


Karraqer: "Fasiləyə 0:3 geridə yollanmışdıq. Artıq İngiltərəyə qayıdandan sonra bizimlə necə məzələnəcəkləri barədə düşünürdüm. Sanki "Yuventus" və "Çelsi"ni "Milan" qarşısında rəzil olmaq üçün keçmişdik. "Milan”ın ötən illərdə "Barselona” və "Styaua” qarşısında 4:0-lıq final qələbələri var idi. Biz bu rekordları qırmağa yaxın idik. Məqsədimiz hesabı qorumaq olmalı idi. Əslində, elə də bərbad səhvlər etməmişdik, sadəcə Şevçenko və Kresponun ustalıq səviyyəsi bizi gülməli vəziyyətə salmışdı".

Cimi Traore: "Paltardəyişmə otağına yollanarkən "Milan” futbolçularının çempionluğu qeyd etdiyini eşitdim. Məncə, bu, bizə mübarizə əzmini geri qaytardı".

Karraqer: "Traoredən fərqli olaraq, mən elə bir şey eşitməmişəm. Onlar belə bir şey etməyəcək qədər peşəkardılar".

Cennaro Qattuzo: "Erkəndən çempionluğu bayram etdiyimiz barədə bir neçə məqalə yazılmışdı. Hamısı yalan idi. Bu, məni özümdən çıxarmışdı".

Cerrard: "Paltardəyişmə otağında ancaq "Cənablar, nə baş verir?” deyə bildim. Meydanda bir komanda var idi. Karraqer də öz növbəsində, "5:0 olmasın, rəzil olmayaq” dedi".

Rafael Benites: "Həmişə Xabi, Cerrard və Karra "İrəli, uşaqlar” deyə bağırardılar, amma bu səfər bir neçə dəqiqə ərzində otaqdan səs çıxmadı. Onlara ümid vermək üçün sadəcə 15 dəqiqəm var idi. Az da olsa, şansımızın olduğunu düşünürdüm. Futbolçulara bunu aşılamaq, bir ehtimal olduğunu başa salmaq və imtina etməmək üçün əlimdən gələni etdim. Onlar da bərbad keçən ilk hissədən sonra inandılar. 6 dəqiqə ərzində 3 qol vurmağı planlaşdırmışdıq desəm, yalan olar, amma bilirdik ki, ikinci hissədə ilk qolu biz vursaq, şansımız olacaq".

Karlo Ançelotti: "Fasilədə əla atmosfer var idi. 3:0 öndə idik və qüsursuz oynayırdıq. 45 dəqiqə sonra isə Avropa çempionu olacaqdıq. Hər kəs xoşbəxt idi, hətta ehtiyat futbolçular formalarının altına çempionluq köynəklərini geyinmişdilər. Bir neçə dəqiqə sevinmələrinə icazə verdim, ardınca hamını sakitləşdirdikdən sonra dedim: "Cənablar, diqqətli olun. İngilislərlə oynayarkən heç nəyi təxmin etmək olmur. İkinci hissənin əvvəlində diqqətli olmalı və oyuna nəzarət etməliyik”. Dediklərim ancaq bundan ibarət idi".

Çetin Cem Yılmaz: Fasilədə ümidimi itirmişdim, çünki yaxşı oyun nümayiş etdirən və bəxtin üz çevirdiyi komandalardan deyildik. "Liverpul” ilk hissədə nə düzgün pressinq edirdi, nə də müdafiə olunmağı bacarırdı. Bütün bu ümidsizliyin fonunda "Kop" ("Liverpul”un azarkeş qrupu) "You`ll never walk alone" oxumağa başladı və mən də onlara qoşuldum. Bu, 3 qol geridə olan komandanın azarkeşlərinin möhtəşəm səsi idi. İnanılmaz idi...

Marko Pretti ("Milan” azarkeşi): "Qardaşım şəkillər çəkirdi və "Barselona” ilə oyunda olduğu kimi, 4:0 qalib gələcəyimizi düşünürdüm, amma anam narahat idi. Birdən "Liverpul” azarkeşləri himnlərini oxumağa başlayanda, "Bunlar nə edirlər? 45 dəqiqə sonra biz çempionluq nəğməmizi oxuyacağıq" dedim. Hətta aramızda biri Klublararası dünya çempionatı üçün Yaponiyaya bilet sifariş verirdi".

Luis Qarsiya: "Paltardəyişmə otağında olanda azarkeşlərimizin səsini eşitməyə başladıq. 0:3 geridəyik və 45 min insan hələ də bizə inandığını göstərməyə çalışırdı. Burada olmaq üçün xeyli fədakarlıq etmişdilər. Biz də ondan sonra inanmağa başladıq".

Cerrard: "40 min "Liverpul” azarkeşinin dəstəyi inanılmaz idi. Bütün komanda şokda idi və hamı qürurla bir-birinə baxmağa başladı. "Onlar bizdən imtina etməyiblər, biz də imtina etməyəcəyik” deyə bağırdım".
 


Fasilədən sonra


Cerrard: "Riisenin asmasına Stam reaksiya verməyə gecikdi və önüm boşaldı. Ötürmə sürətli idi və özümə "topun sürətindən istifadə edib, Didanın üstündən aşır" dedim və budu: artıq öz meydançamıza doğru qaçırdım. Azarkeşlərə "ayağa qalxın" mesajını çatdırdım".

Vladimir Şmitser: "Normalda cərimə meydançası xaricindən o qədər də çoxum qolum yoxdu, amma Hamann topu mənə ötürəndə pas verəcək futbolçu olmadığından, zərbə vurmaq qərarına gəldim".

Karraqer: "Benites hər oyundan əvvəl penaltiləri kimin vuracağını seçirdi. Qərarə əsasən, Alonso vurmalı idi, amma Luis Qarsiya zərbəni vurmaq üçün israr edirdi. Məsələyə əl atdım və Qarsiyanı "xilas etdim": "Rədd ol, Luis, Xabi vuracaq". Vura bilməsəydi, heç kim onu bağışlamayacaqdı. Alonso da yaxşı vurmadı, amma onu söyməyə vaxt tapmamış təkrar zərbə ilə topu tora göndərdi və hamımız ona tərəf qaçmağa başladıq".
 


Ançelotti: "6 dəqiqəlik "tunel": 3:1, 3:2, 3:3. Olanlara inana bilmirdim. Bu, mümkün deyildi və baş verənlərə reaksiya verəcək qədər vaxtım yox idi. 360 saniyə ərzində hər şey 180 dərəcə dəyişmişdi. Dünya tərsinə dönmüşdü və ən pis kabusumuzu yaşayırdıq. Bukmeyker kontorlarında özümüzə qarşı mərc etsəydik, xeyli pul qazanardıq".

Karraqer: "Üç qol vurduğumuz formada davam etsəydik, yenə də fərqlənə bilərdik, amma bu, çox riskli idi. Əldə etdiyimiz bərabərliyi qorumaq və qalan enerjimizi ola biləcək əlavə vaxta saxlamalı idik. Məncə, Alonsonun qolundan sonra 90 dəqiqənin sonuna qədər əlimizə başqa epizod düşmədi".

Cerrard: "Son fitdən sonra bədənimdə enerji qalmamışdı və bir anlıq "Hakim, oyunu bitir, biz çempionu aramızda xalla təyin edərik" deyə düşündüm..."

Yeji Dudek: "Şevçenkonun müdafiəçilərimizin arasına girdiyini gördüm və komanda yoldaşlarımın ona çatmayacağını anladım. Özümü zərbəyə hazırladım və topu qaytardım, amma qayıdan top da onun qarşısına düşdü. Mümkün olduğu qədər tez ayağa qalxıb, qapını daraltmağa çalışdım. Xoşbəxtlikdən top qoluma dəydi və üstdən keçdi. Həyatımın ən vacib qurtarışı idi. Ardınca ayağa qalxıb, tabloya baxdım: bir dəqiqə qalmışdı..."

Andrey Şevçenko: "Bu zərbəni 10 min dəfə vursam, bəlkə də, Dudek bir dənəsini belə çıxara bilməzdi, amma bacardı. İnanın, o topun qapıdan necə keçmədiyini hələ də anlaya bilmirəm".
 


Ançelotti: "Dudekin seyvinə qədər hələ də inanırdıq. Andrey başla zərbə endirəndə sevinməyə başlamışdıq ki... Dudek hər iki zərbəni qaytardı. Artıq vəziyyət pis idi".

Cerrard: "Həmin anlarda "Liverpul”u qoruyan bir güc var idi. Həqiqətən də buna inanıram. Dudekin inanılmaz qurtarışlarından sonra yuxarıda kiminsə yanımızda olduğunu hiss etdim. "Milan” onda Tanrı və şansın yanımızda olduğunu anlamışdı. İtalyanlar psixoloji olaraq darmadağın olmuşdular".

Benites: "Mövsümün əməyi, minlərlə saatlıq məşqlər, araşdırmalar... - hər şey bir ana bağlı idi. Avropa kuboku üçün sadəcə 5 penaltiyə ehtiyac var idi. 11 metrlik zərbələri vuracaq futbolçuları seçmək üçün meydana daxil oldum. Hamısı əldən düşmüş və bütün enerjilərini sərf etmişdilər, amma gözlərinə baxdım: inanırdılar!"
 


Penaltilər seriyası


Dudek: "Penaltilərdən əvvəl Karraqer yanıma gəldi və dedi: "Onları təzyiq altında saxlamalısan, xəttin üzərində Qrobbelar kimi hərəkətlər edib, konsentrasiyalarını poz”.

Ditmar Hamann: "Sona 5 dəqiqə qalmış ayağımda ağrılar hiss edirdim, amma ilk penaltini vuracağımdan, bütün fikrim topu tora göndərmək idi. Bunu bacardım və sonra həkim ayağıma buz qoydu. Oyundan sonra məlum oldu ki, ayaq barmağım qırılıb. O halda penaltini yerinə yetirmişdim".
 


Benites: "İlk penaltilərdən sonra 1:0 öndə idik. Növbə Pirloda idi. Düşündüyümüz kimi, Dudekin sağına doğru vurdu və Yeji topu qaytardı. Ardınca Tomasson Dudeki yanıldıb, hesabı azaltdı və Dida Riisenin zərbəsini qaytardı. Kaka hesabı bərabərləşdirəndə…"

Şmitser: "Riise qeyri-dəqiq oynadıqdan sonra narahat olmağa başladım, çünki o, fərqlənsəydi, mən çempionluq penaltisini vuracaqdım, amma hesab indi 2:2 idi. Oyunda fərqlənmişdim və bu dəfə də bunu bacaracağımı bilirdim".

Çetin Cem Yılmaz: Bu oyunda Şmitserin etdikləri çox özəl idi. "Liverpul” karyerası ərzində müəyyən dönəm gözləntilərin altında qalmışdı və onun komandadan ayrılacağı açıqlanmışdı. Yəni "Liverpul” karyerasında son matçı idi və komandanın oyundakı son qolunu da o vurdu.

Cerrard: "Şevçenko ən yaxşı hücumçulardan biri idi, amma topu Dudekdən alanda ağlı hələ də onun etdiyi son seyvlərdə idi. Şevçenkonun penaltini qola çevirə bilməməsi ilə bütün gərginliyim yoxa çıxdı, çünki son penaltini mən vurmalı idim, amma artıq buna ehtiyac qalmamışdı".

Dudek: "Topu dəf edəcəyim təqdirdə, qələbə qazanacağımızın fərqində deyildim. Topu qaytardım və bütün komandanın üstümə şığıdığını görəndə çempion olduğumuzu anladım. Möhtəşəm an idi".

Cerrard: "Daha sonra azarkeşlərin yanına getdim. Bura gəlmək üçün çox çətinlik çəkmişdilər, xeyli pul xərcləmişdilər. Onlara olan "borc"umuzu ödəmişdik. Əllərində tutduqları yazıları oxudum və bəzi tanış simaları, eləcə də Karraqerin ailəsini gördüm. Meydana qayıdanda Şevçenko hələ də orada idi. Baş verənlər üzündən oxunurdu, amma yenə də məni təbrik etdi və formaları dəyişdirmək üçün sözləşdik. Ümumiyyətlə, "Milan"lı futbolçuların əksəriyyəti bizimlə yaxşı davranırdı. Maldini kubok mərasimindən əvvəl təbrik edərək, "Zövq al" dedi".
 


Paolo Maldini: "Qəribə idi. Çox məyus idik. Karyeramda bir neçə belə məyus olduğum matç olmuşdu, amma şübhəsiz ki, bu, ən böyüklərindən idi. Nə qədər ağır olsa da, nəticəni qəbul etmək məcburiyyətində idik".
 


Oyundan sonra


Şmitser: "Gecə saatlarında Milan Baroş və İqor Bişçanla birlikdə Taksimə gedib, orada azarkeşlərlə qələbəni qeyd etdik".

Çetin Cem Yılmaz: O finaldan sonra Liverpula 3 dəfə getmişəm. Başqa mühitlərdə də "Liverpul" azarkeşləri ilə tanış olmuşam. İstanbuldan gəldiyimi deyəndə hamısının gözləri parıldayır. Final matçı sayəsində Liverpul və İstanbul şəhərləri arasında bağ yaranıb.

Stiv Don ("Liverpul” muzeyinin kuratoru): "Gecə çempionluğu qeyd edəndə Milan Baroş sayəsində kubok pianonun üzərinə düşdü və onun bir qulpunda hasar əmələ gəldi. Həmin günün hekayəsini pozmamaq üçün kuboku təmir etdirmədik".

Cerrard: "Mərasimdə sona kimi iştirak etdim. Sərxoş olsam da, kubokun itməməsi üçün hər şeyi edirdim. Otağıma gedəndə kuboku da özümlə apardım. Otaq yoldaşım Xabi Alonsonun həyat yoldaşı gəldiyi üçün o, başqa otağa keçdi. Beləcə, kubokla baş-başa qaldım. Onu masaya qoyub yatdım, amma yazıldığı kimi, qucaqlamamışdım. Oyananda da kuboka "Sabahın xeyir” dedim".

Hamann: "O gecə "Liverpul” azarkeşləri ilə futbolçular arasında olan bağlılığı hiss etdim. Azarkeşlər təkcə pul ödəyən müştərilər deyil, onlar həm də komandanın bir parçasıdı. Futbolçular Dudeki qucaqladıqdan sonra azarkeşlərə doğru qaçdılar. Həmin an hiss etdiyim duyğular bir ananın müharibədə itirdiyini düşündüyü oğlu ilə qovuşmasından çox da fərqlənmirdi. Biz bir idik və birgə sevinirdik".
 


Benites: "Bir azarkeş həmin gecəni belə ifadə etmişdi: "Həyatım boyu "Liverpul” azarkeşi olmağıma dəyəcək gecə”. Bir başqası isə "25 May, 2005-ci il, çərşənbə gecəsi, şimal tribunası, 307-ci blok, 29-cu sıra, 366-cı yerdə bir yuxu gördüm” yazmışdı. Əslində, hamımız yuxu görmüşdük və bundan sonra bir də beləsini görəcəyimizi düşünmürəm".

Karraqer: "Belə epik gecələr hadisələrin baş verdiyi yerlərin adları ilə xarakterizə olunur. İstanbul - "Liverpul" tarixində baş vermiş ən böyük hadisə idi".
 



Tərcümə: Əkbər Ağazadə


OXŞAR XƏBƏRLƏR