"Bunları təkbaşına etməmişəm" - MÜSAHİBƏ

Futzal üzrə Yüksək Liqada qış fasiləsinə qədər 43 qol vuran və bombardirlər yarışına başçılıq edən "Xəzər Cənub”un təbrizli hücumçusu Hadi Rezvan federasiyanın rəsmi saytına fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, o, öncə bunları söyləyib:

"Çox qol vurmaq istəyimin olduğunu gizlətmirəm. Bununla həm komandama kömək edirəm, həm də özüm üçün motivasiya yaradıram. Kimsə deyə bilər ki, ancaq zəif komandalarla oyunlarda çox qol vurmuşam. Amma belə deyil. Oyunlarımızı izləyənlərin yadındadı ki, fasiləyə lider yollanan EKOL kimi komandanın qapısına da yol tapmışam. Eyni zamanda pley-off mərhələsinə vəsiqə uğrunda əsas rəqiblərimizdən olan "Yasamal” FK üzərindəki qələbələrdə də payım var. Təbii ki, bunları təkbaşına etməmişəm. Komanda yoldaşlarımın əziyyəti danılmazdı. "Neftçi” ilə oyunda vurduğum qol isə "come back” oldu”.

Təbrizdən olan forvard bu qədər qol vurmasının Yüksək Liqanın heç də zəif yarış olduğu anlamına gəlməməyini də qabardıb: "Təbriklər alıram. Ümumiyyətlə, Azərbaycan çempionatı ilə İranda mütəmadi maraqlanırlar. Bizim üçün vacib olan turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmaq idi. Bunun üçün də hücumçu olaraq çox qol vurmalı idim. Məncə, qışa qədər işimin öhdəsindən gəlməyi bacardım. Bir məsələni də qeyd edim. Yüksək Liqa kənardan göründüyü qədər zəif yarış deyil. "Araz”, EKOL, "Neftçi” kimi güclü, "Yasamal” FK kimi istənilən komandanı büdrədəcək kollektivlər var. Təbii ki, öz komandamı da yaddan çıxarmamalıyam”.

O, mövsümün əvvəlində az fərqlənməyinə, ümumiyyətlə "Xəzər Cənub”un zəif nəticə qazanmasına da aydınlıq gətirib: "Bura bizim üçün yeni bir çağırış idi. Gəldiyimiz məkana uyğunlaşmaq üçün az da olsa, zamana ehtiyacımız vardı. Qış fasiləsindən sonra daha güclü çıxış edəcəyik. Heyətimiz də güclənəcək, özümüz də artıq bura uyğunlaşmışıq. Bakıda özümü evdəki kimi hiss edirəm. Dilimiz, adətlərimiz eynidi. Fasilədən sonra ailəmi də özümlə Bakıya gətirəcəm. Fikrimcə, onlara da alışmaq, qaynayıb qarışmaq çətin olmayacaq”.

Hadi Rezvan komandadakı dəyişikliklə bağlı da danışıb: "Mövsümə Bəhram müəllimin (Novin) rəhbərliyi altında başladıq. Sonra oyunçular arasında müəyyən narazılıq yarandı. Elə baş məşqçi ilə rəhbərlik arasında da müəyyən məsələlərlə bağlı fikir ayrılığı var idi. Buna görə də nəticələrimiz yaxşı olmadı. Sonra komanda Tuğsal Elizə tapşırıldı. Komandamız "Aura” İdman Kompleksində məskunlaşıb. Məşqlərimizi də orda edirik. Hazırlıq keçmək üçün hər cür şərait yaradılıb”. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR