"Buradan sağ çıxmaq istəyirsinizsə, yerli komanda udmalıdır" - RUBRİKA

"Danışan xatirələr" rubrikamız davam edir. 

Bu gün seçdiyimiz 3 fərqli müsahibimiz futbolda üzləşdikləri qalmaqallı xatirələrini bizimlə paylaşacaqlar. 

Keçək qonaqlarımızın xatirələrinə. 

 
Azad Hüseynov (Sabiq futbol hakimi): "Ya 1995, ya da 1996-ci il olardı. Müharibə dönəm idi. Oyun üçün rayonlardan birinə getmişdik. İlk hissədən sonra yerli komanda 0:3 hesabı ilə məğlub durumda idi. Fasilədə biz hakimlər gəldik soyunub-geyinmə otağına. Elə çay içirdik ki, otağa 7-8 nəfər daxil oldu və bizə hücum etdilər. Bizi yaxşıca əzişdirdikdən sonra dedilər ki, "Bəs buradan sağ çıxmaq istəyirsinizsə, yerli komanda udmalıdır". Onu da qeyd edim ki, bu şəxslər silahlı idilər.  
 

 
Həmin vaxtlar 4-cü hakim yox idi. Üç hakim çıxdıq ikinci hissəyə. Və fikrimiz yerli komandaya kömək etmək idi. Oyunda 90-cı dəqiqədi və hesab 2:3 qonaqların xeyrinədi. O zamanlar isə artırılma vaxt yox idi. 95-ci dəqiqədə hesab oldu 3:3. Artıq qaranlıq çöküb, heçnə görsənmir. Oyun isə, hələ də davam edir. Matçın 101-ci dəqiqəsində baş hakim qonaq komandanın qapısına penalti təyin etdi. Dərhal həmin komanda buna etiraz etdi. Və oyun xeyli vaxt dayandı. Və nəhayət matçın 107-ci dəqiqəsində yerli komanda penaltidən qol vuraraq qələbə qazandı, biz də oyunu rahat bitirdik".
 


Hüseyn Cəbrayıloğlu: ("Xəzər Lənkəran" klubunun keçmiş mətbuat katibi): " Xəzər Lənkəran" lı ya qalmaqal sualı verseniz yəqin ki, " Böyük oyun" dan bir şey xatırlayacaq. Çünki hər " Böyük oyun" bir qalmaqal idi. Hər dəfəsində bir xatirə var. 2013-cü ildə Bakıdakı kubokun final oyununda baş verənlər heç də xoş mənzərə olmadı. Bu il yayda məşhur türk futbolçu və eksprt Ridvan Dilmənlə təsadüfən görüşdük və o da həmin oyunda qonaq olduğundan dərhal " qalmaqallı matç"dan danışdı. Həmin gecə olanlar dünyada nadir baş verən futbol hadisələrindən biri idi. Çünki olay futbolçu -azarkeş, yaxud futbolçu- rəqib futbolçu konkteksindən klubun saxladığı qoçu dəstəsinin rəqib komandaya hücumu müstəvisində baş vermişdi. İki-üç ay sonra Lənkərandakı " Böyük oyun" da da çox ciddi olaylar baş verdi. Daxili qoşunlar gözyaşardıcı qazdan istifadə etməsəydi azarkeşlərimiz artıq "Neftçi"nin soyunub geyinmə otağına 3 metr məsafədə idi. Şükür ki, hər şey qan qadasız başa çatdı. Həmin gün qonaq komandanın əvvəlcə "Xəzər Lənkəran"ın soyunma otağında, daha sonra isə bazasında qorunub saxlanılması maraqlı görüntü və bu iki komanda arasında rəqabət olsa da bunun böyük prinsiplərlə qorunması anlamına gəlməsi idi.
 


Ceyhun Həşimov (Sabiq futbol hakimi): "20 dekabr 2010-cu il tarixi idi. Unibank Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən  "Qarabağ" - "Muğan" oyununda ilk hissəni 1 dəqiqə tez bitirmişdim. O da necə oldu?! Saat saniyə ölçəndən real göstəriciyə keçmişdi. Mən də baxıram ki, 46-ci dəqiqəni göstərir. Və hissəni bitirdim. Sonradan aydın oldu ki, yerə yıxılan futbolçuya əlimi uzadıb yerdən qaldıranda, onun əli saata toxunub. Bunu bir neçə gün sonra təkrara dəfələrlə baxdıqdan sonra görmüşəm. Az qalmışdı bu hadisəyə görə, indi münasibətim çox yaxşı olan mətbuat əməkdaşları məni vətən xaini elan etsinlər. (gülür)..."

Röya Kərimli 
Sport7.az


Xəbər lenti