Burda bir də “Qəbələ” var...

Burda bir də “Qəbələ” var...
Oktyabrın 3-də "Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasının təsnifat mərhələsindəki ilk oyunda "Şerif”ə bata bilmədi. Şanslar xeyli azalmış, əhvalımız korlanmaşdı. Dünənki 3:1 hesablı qələbə bütün bunları unutdurdu. 

Söhbət heç də təmsilçimizin turu keçib-keçməməsindən getmir. Məsələ ondadı ki, "Qəbələ”nin aşağı yaş qrupları üzrə komandaları bütün Azərbaycan üçün ümid mənbəyidi. Hamımız gözümüzü ora dikmişik, Azərbaycan futbolunun gələcəyini məhz orda görürük. Buna görə də "Qəbələ”nin əsas komandasından daha çox uşaq akademiyası və oranın yetirmələri üçün həyacan keçiririk.

Bu akademiyanın son illərdə yetişdirdiyi, Azərbaycan futboluna bəxş etdiyi istedadları saymaqla bitməz. Bəli, mən də sizinlə razıyam ki, futbolumuz hər il daha sürətlə geriləyir, ildən-ilə zəifləyirik. Bunun fonunda hansısa böyük ümidlərdən, işıqlı gələcəkdən danışmaq da yersiz görünür. Amma bir məsələ də var ki, Azərbaycan futbolunun gələcəyini düşünmək, bu ölkə üçün futbolçu yetişdirmək təkcə bir komandanın da işi deyil.

Hazırki "Qəbələ” Azərbaycan futbolunun bir oazisidir. Getdikcə səhralaşan, al-əlvan rənglərini itirən, susuz və sonsuz futbolumuz bu oazisin ümidinə qalıb. Ürək açan nəsə varsa, qaranlıqda zərrə boyda olsa belə kiçik bir nur, işartı görə biliriksə, bu da "Qəbələ”nin, onun akademiyasının, orda yetişən gənclərin və bu gənclərin yetişməsi üçün əmək sərf edən mütəxəssislərin, pul xərcləyən sponsorların sayəsindədi.

Mübaliğəsiz, tərifsiz belədi. İnkar edilməsi mümkün olmayan acı həqiqət. Bu gün Azərbaycanda heç bir futbol klubu, heç bir məktəb "Qəbələ” qədər uşaq futboluna diqqət göstərmir, azyaşlıların qayğısına qalmır. Ənənələri olan "Neftçi” də, Avropanın yaşıl meydanlarında bizi uğurla təmsil edən "Qarabağ” da, AFFA-nın Azərbaycan futbolunun gələcəyinə yatırım etmək adıyla yaratdığı, milyonlar xərclədiyi "Sumqayıt” da bölgədə yaradılan şəraitə, görülən işlərə həsəd aparmalıdılar.

Yox, həsəd aparmaq azdı. Baxmaq, görmək və öyrənmək lazımdı. Mən yaxşı bilirəm ki, "Qəbələ” Futbol Akademiyasında çalışanlar və şəxsən çox hörmətli Nail Kərimov illərdi dünyanın böyük futbol məktəblərini gəzir, onların təcrübəsini incələyir, imkan daxilində Azərbaycana tətbiq etməyə çalışırlar. Deməli, digərlərinin elə də uzağa getməsinə də ehtiyac yoxdu. Elə gözümüzün qabağında, evimizin içində hamımız üçün ibrətlik bir nümunə var. Bu nümunənin də adı "Qəbələ” Futbol Akademiyasıdı. Azərbaycan futbolunun məhvdən qurtulmasını, inkişafını istəyiriksə, gələcəkdə millimizin formasını öz balalarımızın geyinməsini, o balaların üçrəngli bayrağımızı yüksəklərə qaldırmasını arzulayırıqsa, "Qəbələ” nümunəsindən mütləq yararlanmalıyıq.

Nəticələr gəldi-gedərdi. Bizə qalan yetişdirilən, öyrədilər, şəxsiyyət kimi formalaşdırılan futbolçular olacaq. Həmin o yaşları az, şəxsiyyətləri isə böyük olan gənc futbolçular dünən Tiraspolda bizim bayrağımızı dalğalandırdılar, başımızı uca etdilər. Halal olsun!

Amal ABUŞOV

Xəbər lenti