"Kəpəz"in bazasının təmiri nəzərdə tutulmayıb" - RƏSMİ

Bir neçə gün öncə AFFA-nın dəstəyi ilə Gəncə Şəhər Stadionunun meydançasının təmirinə start verildi.

"Kəpəz" sonuncu oyununu keçirəndən sonra köhnə qazonun sökülməsi prosesinə başlanıldı. Bildiyiniz kimi çempionat boyu Bakıda hazırlıq keçən komanda yalnız ev oyunları zamanı Gəncəyə gəlirdi. Bunun səbəbi də qazonun korlanmaması idi. Artıq yeni meydança hazır olandan sonra "Kəpəz" Gəncədə məskunlaşacaqmı? Digər tərəfdən stadionun projektorları necə, yenilənəcəkmi? Axı işıqlandırma sisteminin olmaması səbəbindən oyunlar gündüz vaxtlarında keçirilirdi. Bu da azarkeşlərin stadionu doldurmasına əngəl yaradırdı. Hər halda oyunun iş vaxtından sonraya salınması daha çox effekt verə bilərdi.

Suallarımıza cavab almaq üçün klubun mətbuat katibi Azad Mustafayevlə əlaqə saxladıq. Həmkarımız Sport7.az-a açıqlamasında bunları söylədi:

"Düzdü meydança problemi aradan qalxır. Amma komandanın qalması üçün baza da olmalıdı. Baza isə təmirsiz vəziyyətdədi. Hazırda bütün güc sırf meydançaya verildiyindən bazanın təmiri nəzərdə tutulmayıb. Meydança hazır olandan sonra, təbii ki, rəhbərliyin də arzusu "Kəpəz"in Gəncədə məskunlaşmasıdı. Amma bunu birdən-birə etmək olmur. Hissə-hissə edilməlidi. Meydança əla vəziyyətə gətiriləndən sonra digər məsələlərə baxılması nəzərdə tutulub. Projektor məsələsinə gəlincə, hələ dediyim kimi, sırf meydança nəzərdə tutulub".

Sport7.az

Xəbər lenti