“Böyük dəbilqə"yə 8 azərbaycanlı yollanır

“Böyük dəbilqə
Fevralın 9-da Parisdə "Böyük dəbilqə” seriyası üzrə mövsümün ilk yarışı start götürüb.

Sport7.az Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, turnirdə ölkəmizi 11 kişi və 6 qadın cüdoçu təmsil edir.

Yarışların birinci günündə kişi cüdoçularımızdan üçü tatami üzərinə çıxacaq. Rəşad Yelkiyev (60 kq) madaqaskarlı Con Meycor və çexiyalı David Pulkrabek cütlüyünün qalibi ilə görüşəcək. Bundan başqa, 66 kiloqram çəki dərəcəsində Orxan Səfərov kubalı Osniel Solis-Limhvan Kim (Koreya Respublikası) cütlüyünün qalibi ilə üz-üzə gələcək. Nicat Şıxəlizadə rusiyalı Abdulla Abdulcəlilov, Hidayət Heydərov (73 kq) almaniyalı Entoni Zinq, Rüfət Məmmədov ermənistanlı Ferdinand Karapetyan ilə qarşılaşacaqlar.

Qadınların yarışında beş cüdoçumuz turnirin birinci günündə mübarizəyə qoşulacaq. Leyla Əliyeva (48 kq) madaqaskarlı Tatyana Andrianaivoravelona, Aişə Qurbanlı Yuceonq Kanq (Koreya Respublikası), Gültac Məmmədəliyeva (52 kq) fransalı Penelope Bonna, Buyankşiq Purevsuren ispaniyalı Box Ana Perez, İçinkorloo Munxtsedev (57 kq) Dominikan təmsilçisi Ana Rosa ilə qüvvələrini sınayacaqlar.

Turnirə fevralın 10-da yekun vurulacaq.

Bu nüfuzlu turnir Azərbaycan komandası üçün də ilin ilk ciddi sınağıdır. Yarışların yüksək rəqabət şəraitində keçəcəyi indidən məlumdur. Cüdonun inkişaf etdiyi Fransada keçirilən "Böyük dəbilqə” turnirində bu dəfə 97 ölkədən 500-ə yaxın cüdoçu tatami üzərinə çıxacaq. Ötən il bu yarışda 71 ölkədən 399 cüdoçu mübarizə aparmışdı.

Bundan əvvəlki Təl-Əviv reytinq turnirində 53 ölkədən 373 atlet qüvvəsini sınayırdı. Yeri gəlmişkən, Azərbaycan komandasının Təl-Əviv sınağından uğurla çıxdığını deyə bilərik. Qadın cüdoçumuz İrina Kindzerskanın (+75 kq) qızıl, Məmmədəli Mehdiyevin (90 kq) bürünc medalı hesabına komandamız bir sıra güclü cüdo ölkələrini geridə qoyaraq ümumi hesabda beşinci yerdə qərarlaşdı. İ.Kindzerzka Parisdə keçirilmiş ötənilki "Böyük dəbilqə” turnirində cəmi bir görüşdə uduzaraq bürünc medal qazanmışdı. Qadın cüdoçumuz bu yarışda da medala iddialı idmançılardan biridir. Ümumiyyətlə isə komandamızın tərkibində Rüstəm Orucov (73 kq) istisna olmaqla yığma komandanın əsas üzvləri bu turnirdə iştirak edirlər.

Bu yarışın nüfuzunu artıran əsas amillərdən biri "Tokio 2020”yə yüksək lisenziya xalları qazandırması imkanıdır. Belə ki, yarışın qalibi 1000, ikinci yerin sahibi 700, üçüncü yeri tutan idmançı isə 500 lisenziya xalı qazanacaq.

Sport7.az

Xəbər lenti