"Böyük düşünmək üçün hələ irəliləməliyik, "artırmalıyıq" - Arif Əsədov

İslamiadada çıxış edən U-23 yığmamız qrup mərhələsini adlamağı bacardı.  

Amma futbol ictimaiyyətinin əksər nümayəndələri heç də bu yığmanın oyunundan razı deyil. 

Bəs mütəxəssis Arif Əsədov nə düşünür? Sport7.az-a açıqlamasında Arif bəy yığmamızın çıxışını dəyərləndirdi.

- Arif bəy U-23-ün oyununu bəyənirsiz? Belə oyunla hara qədər gedə bilərik?

- Əsas odu qoyulan minimum məqsədə komanda çatıb. Yəni qrupdan çıxmağa nail olublar. Qrupumuz digərinə nisbətən daha çətin idi. Rəqiblərimiz güclü idi. Bu baxımdan qazanılan nəticəni müsbət qiymətləndirmək olar. Oyun cəhətdən çətinlik çəkirlər. Amma rəqiblərin gücünə baxmayaraq qoylan məqsədə çatmaq üçün komandamızda istək hiss olunurdu. Motivasiya vardı. Müəyyən mənada problemlər görünür, sabitlik yoxdu. Bu da başa düşüləndi, çünki komanda qısa müddətdə yığılıb. Görürsüz ki, məşqçi heyətdə də tez-tez yerdəyişmələr edir. Əsas odu ki, potensial görünür. Komandamızı finalda görürəm, hətta, qələbə şansımız da yüksəkdi. Heyətdəki futbolçuların potensialına baxanda belə qənaətə gəlmək mümkündü. 

- Daha hansı çatışmazlıqları müşahidə etmisiz?

- Əsas çatışmazlıq ondan ibarətdi ki, komanda tam oturuşmayıb, xətlərarası əlaqələr yerində deyil. Bundan əlavə, yaxşı hücuma çıxdıqları halda onu lazımı şəkildə tamamlaya bilmirlər. Amma komanda xüsusən də kompakt şəkildə mövqe tutub müdafiə oluna bilir. Rəqibə çox az imkan yaradırlar. Məsələn dünənki oyunda ərazi üstünlüyü rəqibdə olsa da, 100 faizlik qol imkanı əldə edə bilmədilər. İlk hissədə bir dəfə komandanın "9" nömrəli futbolçusu imkan qazandı, amma yararlana bilmədi. Müdafiədə boşluqlar görünmürdü. Sadəcə hücum mənasında "artırmaq" lazımdı.

- Bu oyunlar bir daha göstərdimi ki, Avropaya çatmağımıza hələ uzun illər lazımdı? Nəzərə alsaq ki, burda hələ güclü hesab etdiyimiz Avropa komandaları oynamırdı.

- Əlbəttə, böyük düşünmək üçün hələ irəliləməliyik, "artırmalıyıq". Amma dünya çempionatlarında  çıxış edən Mərakeş, Kamerun, Səudiyyə Ərəbistanı kimi komandalardan heç də geri qalmırıq. Əksinə üstünlük biz tərəfdə olur.

- Ümumiyyətlə İslamidadadakı futbol yarışının səviyyəsi haqda fikirləriniz necədi? 

- Səviyyə baxımından zəiflik hiss olunur. Məsələn Türkiyə yığmasının oyununa baxdım. Məncə ən güclü heyətlə gəlməyiblər. Bilirik ki, Türkiyənin U-17-dən tutmuş 21-nə qədər bütün komandaları daim final mərhələlərində çıxış edirlər. Amma indiki komandaya baxanda, yarışa o qədər də ciddi yanaşmadıqları görünür. Məsələn hesabda 2:0 irəlidə olduqları halda 3:2 uduzurlar. Fələstini isə 4:3 məğlub edirlər. Maraq azdı. Yəni futbol baxımından hegemon ölkələrə nisbətən daha zəif yanaşma olduğu görünür.

- Bu oyunlara baxanda adama elə gəlir ki, biz Avropa deyil Asiya çempionatlarında oynasaq daha çox uğur qazanardıq, hətta Dünya çempionatının final mərhələsində də iştirak edə bilərdik. Siz nə düşünürsüz?

- Əlbəttə, Asiyanın Futbol Qurumunun tərkibində olsaydıq daim liderlər qrupunda yer alardıq. Ancaq Avropada çıxış etməyin müsbət cəhətləri daha çoxdu, nəinki Asiyada oynamağın.

Sport7.az

Xəbər lenti