"Böyük oyun"a tarixi fotosəyahət - I yazı

Azərbaycan futbolunun tarixinə səyahətə davam edirik. Ötən gün "Karvan"ı xatırladıq, Yevlax təmsilçisinin keçmişinə işıq saldıq. Fəaliyyətini dayandıran bölgə klublarından söz açmışkən "Xəzər Lənkəran"ı xatırlamamaq günah olardı. 

Bəs "Xəzər Lənkəran" deyəndə ağıla ilk olaraq nə gəlir? Təbii ki, "Böyük oyun". 
 

Əminəm ki, əsl futbolsevərlər, hətta rəqib klubların azarkeşləri belə "Xəzər Lənkəran" üçün darıxır. İllərdi Bakı çempionatı izləməkdən gözləri "mazol" olan futbolsevərlər Lənkəranda keçirilən futbol bayramını həsrətlə anır. 

Xatirələrə keçməzdən öncə, əvvəlcə statistikaya nəzər yetirək. Unudanlara xatırlatmaq, bilməyənlərə məlumat vermək üçün. 
 


"Böyük oyun" Bakının "Neftçi" klubu ilə fəaliyyətini dayandıran "Xəzər-Lənkəran" arasında keçirilən derbiyə verilən addır. Bu əzəli rəqiblər arasında keçirilən matç futbol ictimaiyyətinin diqqət mərkəzində olub və daim prinsipiallığı ilə seçilərdi. 

2004-cü ildən 2016-ci ilə qədər davam edən rəqabət ərəfəsində komandalar toplam 41 dəfə üz-üzə gəliblər. 


Ölkə çempionatında debüt ilindəcə çempionluğa iddialı olan "Xəzər Lənkəran" "Neftçi"yə şərik olub turnir cədvəlində eyni xal və top fərqinə sahib idi. Rəqabət elə ordan başladı. Elə bu rəqabət də Azərbaycan futbola rəng qatırdı. 2004-2005-ci il mövsümünün qalibi möhtəşəm "Qızıl oyun"da bəlli olmuşdu.
 

 
Gəncə stadionunda keçirilən matçda iynə atsan yerə düşməzdi. Bizim camaat belə azarkeş dəstəyini, futbol bayramını ancaq TV-dən xarici çempionat oyunlarından görüb izləyə bilərdi. Bu komandalar arsında ilk ciddi sinaq flaqman "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə başa çatdı. 

İllər sonra bu komandalar yenə 2 dəfə həlledici oyunlarda üz-üzə gəldilər. Biri Azərbaycan kubokunun finalına, digəri isə Superkubok oyununa təsadüf etmişdi. 2012-2013-cü il mövsümü idi. Azərbaycan kubokunun finalında Tofiq Bəhramov adına Respublika Stadionunda möhtəşəm konsert proqramından sonra "Neftçi" ilə "Xəzər Lənkəran" meydana çıxmışdı. Görüşdə hesab açılmadığı üçün, oyun penaltilər seriyasına qədər uzanmışdı. Burada "Neftçi" oyun sonrası penaltilərlə 5:3 qalib gələrək kuboku qazanmışdı.
 


Hər halda oyundan sonra baş verən qalmaqalı xatırlayırsız?! Dava-dalaşa "Neftçi”nin qapıçısı Saşa Stamenkoviçlə "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak arasında yaranmış mübahisə səbəb olmuşdu. Con Toşak meydana daxil olaraq Stamenkoviçə etirazını bildirmişdi. Belə ki, penaltilər seriyasında Saşa Stamenkoviç "Xəzər Lənkəran"ın 11 metrlik zərbələri vurmağa gələn oyunçularına psixoloji təzyiq göstərib, söz atırmış.
 
 

Toşakın etirazından sonra serbiyalı qapıçı yaxınlaşaraq məşqçinin əlini sıxdı. Lakin bundan sonra Stamenkoviçlə rəqibin futbolçular bir-birinin ünvanına təhqirlər yağdırmışdı. Nəticədə meydanda hər iki komandanın üzvləri arasında qarşıdurma baş verdi. 
 


Elə həmin il, bu qalmaqaldan 5 ay sonra əzəli rəqiblər Naxçıvanda Superkubok uğrunda döyüşə çıxdılar. Bu dəfə "Xəzər Lənkəran" Kubokun final oyunundakı yenilginin qısasını aldı. Belə ki, 2:1 hesabı ilə qalib gələn lənkəranlılar 1995-ci ildən sonra ilk dəfə keçirilən Superkuboku qazanmağa müvəffəq olmuşdu.
 


Bu oyun da sakit keçmədi. "Neftçi" ilə "Xəzər Lənkəran" qarşılaşa və "Böyük oyun" da kiçik də olsa qalmaqal olmaya...  Qarşılaşmanın 16-cı dəqiqəsində "Xəzər Lənkəran"ın futbolçusu  Ağabala Ramazanov bakılıların müdafiəçisi Denis Silva ilə mübarizə zamanı cərimə meydançasında yıxılmışdı. Bunu görən matçın baş hakimi Rəhim Həsənov dərhal penalti nöqtəsini göstərmiş, lakin "Neftçi" futbolçularının etirazından və qapı xəttində duran əlavə hakim funksiyasını yerinə yetirən Əliyar Ağayevin məsləhətindən sonra o, penalti qərarını ləğv etmişdi. Bu qərar nominal ev sahiblərini özündən çıxartmış, hakim səhvi futbolçular arasındada gərginliyə səbəb olmuşdu. 

Lakin matçdan sonra "Neftçi"nin mərhum baş məşqçisi Böyükağa Hacıyev "Xəzər Lənkəran"ın qələbəyə layiq olduğunu bildirmişdi: "Əvvəlcədən də demişdim ki, kim güclüdərsə, o da qalib gəlsin. Bu gün güclü qalib gəldi. "Xəzər" son 25 dəqiqəni azlıqda oynamasına baxmayaraq, "Neftçi” bu üstünlükdən istifadə edə bilmədi və Lənkəran təmsilçisi sonlara doğru əzmkarlıq göstərərək qələbə qolunu vurdu və kuboku qazandı. Fikrimcə, onlar qələbəyə layiq idilər. Ümumilikdə götürdükdə, superkubokda gözlədiyim oyunu görmədim".
 


"Böyük oyun" deyəndə əslində ağıla nəticələr yox, ağızına kimi dolan tribunalar, möhtəşəm futbol atmosferi, çılğın azarkeşlər, qalmaqallar, atmacalar gəlir. 

"Böyük oyun"dan əvvəl hər kəsi maraqlandıran məqamlar vardı. Görəsən, "Neftçi" və "Xəzər Lənkəran" azarkeşləri bu dəfə hansı sürprizi hazırlayacaqlar, oyunlarda açılan pankartlar belə gündəm olardı. Azarkeşlər günlərcə bunun üzərində işləyərdilər. Nə qədər maddi, mənəvi əziyyət çəkərdilər. 
 


Ancaq etiraf edim ki, bir dəfə yaman həyəcan yaşamışdım. Bunu saxladım sona. Çünki "Böyük oyun"la bağlı xatirələrim var. 26 avqust 2013-cü il tarixi idi. PFL-in təşkilatçılığı ilə Bakıdan bir qrup jurnalist yollanmışdıq Lənkərana. Matç başlayana kimi hər şey qaydasında idi. Biz də əhvalımız yaxşı, "Böyük oyun"un, möhtəşəm azarkeş dəstəyinin dadını çıxarırdıq. Lakin hardan bileydik ki, qarşıda bizi "möhtəşəm qalmaqal" gözləyir. 

Oyunun birinci hissəsi bitəndən sonrakı fasilədəcə gərginlik başladı. Cənublu fanatlar bakılı azarkeşlərin əyləşdiyi sektora hücum edərək, müxtəlif əşyalar atmışdılar. Yaranan gərginlik səbəbi ilə qarşılaşmanın ikinci hissəsi 5 dəqiqə gec başlamışdı. Polis və daxili qoşunların əsgərlərinin müdaxiləsindən sonra ara sakitləşmişdi. Lakin oyundan sonra da bəzi azarkeşlər meydanı tərk etmədilər. Qolsuz bərabərliklə yekunlaşan oyunun nəticəsindən narazı qalan "Xəzər Lənkəran" azarkeşləri oturacaqları sındıraraq, meydana atmışdılar. Polis yerli azarkeşləri stadiondan çıxarmağa çalışıb, "Neftçi" heyətinin təhlükəsizliyini təmin etmək məqsədilə qonaqlar meydan sahiblərinin paltardəyişmə otağına yerləşdirmişdilər. 

Biz jurnalistlər hardaydıq? Meydanda. Bəli. Hardasa gecəyə kimi qaldıq stadionun içində. Polislərin yarısı bayırda stadionu mühasirə etmişdi, qalanları da bizimlə birgə stadionun içərisində idi. Hətta bir sıra "Neftçi" azarkeşləri də təhlükəsizlik üçün stadionun içərisində qalmışdı. Ac-susuz, yorğun, yuxusuz nə vaxt "azad olacağımızı" gözləyirdik. Bəlkə xanım olduğum üçün bu vəziyyətdə qorxduğumu zənn edirsiz. Ancaq əksinə, özümü o qədər xoşbəxt hiss edirdimki. Niyə? Çünki bizim futbolda belə hallar baş verməyib, özümüzü lap xarici klubların oyunlarında kimi hiss etdirdik. Həyəcan, adrenalin, maraqlı anlar. Unudulmaz idi. Lakin bu qalmaqalın üzücü tərəfi bir sıra azarkeşlərin həbs olunması idi. Elə bu yazını yazarkən həbs olunanlardan Elman Tağıyev yadıma düşdü. Bəlkə də ad tanış gəlmədi. Eliko yazım, bəlkə belə xatırlayasız. Sonuncu dəfə elə həmin oyundan əvvəl Eliko ilə müsahibə üçün danışmışdım. O gündən bu günə əlaqəm yox idi. Düşündüm ki, tək mənim xatirələrimlə maraqlı olmaz, mənki azarkeş deyiləm, sadəcə yarımyamalaq xatirələrim var. Məncə, "Xəzər Lənkəran"la, "Böyük oyun"la bağlı ən xoş xatirələr elə Elikoda var. Həm də əslində orada baş verən qalmaqalın əsl səbəblərini Eliko daha yaxşı bilir. 
 


"2013-cü ilin avqust hadisələri ondan 3 ay öncə Bakıda Kubokun fınalında baş verənlərlə bağlı idi. Orada yaşanan məlum hadisələrdən sonra bütün Cənub "Neftçi" ilə oyunu gözləyirdi. Sirf "Neftçi"nin özünü gözləyirdi, azarkeşlərini yox ha. Onsuz da finaldan sonra azarkeşlər arasında hər şey baş vermişdi. Bir neçə şəxs vardi ki, onlar Lənkəranda oyuna gəlməmişdilər. Meydanda Mahir Şükürov, Saşa Stamenkoviç, Erik Ramos üzərlərinə düşən işi layiqincə yerinə yetirdilər. "Neftçi"nin azarkeşlərinin gələcəyini isə bilmirdik. Çünki klub rəhbərliyi bildirmişdi ki, bizdən Lənkərana adam gəlməyəcək. Oyuna az qalmış bunları tuneldən xüsusi ayrılmış tribunaya yerləşdirdilər. Onların gəlişini görən 15 min azarkeş daha da qıcıqlandı. Əslində bizim azarkeşlərlə işimiz yox idi. Hətta deyərdim ki, o vaxt "Neftçi" rəhbərliyi onlara təşəkkür etməli idi. Çünki onlar orada olmasa idi, o stadiona gəlmiş 15 min azarkeş bəlkə də meydana girəcəkdi. Gələn azarkeşlər milləti üzərlərinə çəkməyi bacardı. İlk hissə bitəndən sonra azarkeşlər arasında yenə də qarşılıqlı təzahüratlar, jestlər var idi. İkinci hissə gec başladı. Milləti birtəhər sakitləşdirdilər. "Neftçi" azarkeşləri də öz atmacaları ilə daha da ortalığı qızışdırdı. Beləcə hamı, bütün stadion oyunun final fitini gözləyirdi. Və matç bitən kimi ara qarışdı. 15 min azarkeşin önünü kəsmək elə də asan deyildi. Sadəcə həmin gün qonaq azarkeşlərin bəxti gətirdi ki, onlar xüsusi qorunurdu.
 
Matçdan sonra baş verənlər müharibə meydanını xatirladırdı. Videolar var. Hər baxanda adamın tükləri biz-biz olur. Bu hadisə ölkədə fanatizmin zirvəsidi. Mən inanmıram ki, bundan sonra da hansısa qonaq azarkeşlər belə evə yola salınsın. Həmin gecə haqqında "Neftçi" azarkeşləri ilə də söhbətləşmişik. Onlar da qeyd edirlər ki, əsl deplasman ab-havası yaşayıbıar. Bu oyun böyük oyunlar tarixində bir "SON" oldu. AFFA belə bir futbol tamaşasını məhv elədi. Bu oyunlar üçün "Xəzər-Lənkəran" azarkeşlərinin etdikləri, açdıqları pankartlar, bannerlər bu oyunun necə böyük olduğunu göstərir. Ölkədə ən gözəl, ən möhtəşəm pankartların çoxu "Böyük oyun"a aiddi. Bu yeganə oyun idi ki, bütün "Xəzər Lənkəran"lılar həftələr qalmışdan hazırlaşardı. Oyuna günlər qalmış adam həyəcandan gecələr belə rahat yata bilmirdi. Bu oyun tamam başqa ab-hava idi. Elə bir atmosferdi ki, ancaq o görüşlərdə iştirak edənlər anlayar.
 
"Böyük oyun"un başlanğıcı 2005-ci ildə Gəncədə, bağlanışı isə 2013-cü ildə Lənkəranda oldu. 8 il ərzində ölkə əsl rəqabət, əsl derbi atmosferində futbol izlədi. Həm tribunalar, həm də oynanılan futbol möhtəşəm idi. Kaş yenidən o illərə qayıdardıq. "Tofiq Bəhıramov"a "Böyük oyun"lara gedərdik. Lənkəranda həmin oyunlar olan gün şəhərdə adam tapmak mümkün olmurdu. Hamı ya TV-dən, ya da stadiondan görüşü canlı izləyirdi. Nəyin ki, "Neftçi" ilə görüşlər, ümumiyyətlə Cənub zonası daim "Xəzər Lənkəran"a dəstək verib, oyunlara gələrdi. Komandanın  hər oyunu biletlə olub. Stadiona dail olmaq üçün qapılarda növbə yaranırdı. O zonanın camaatı futbolla nəfəs alırdı, hamının ürəyi "Xəzər Lənkəran"la döyünürdü. "Xəzər Lənkəran" haqda nə qədər danışsam, yenə də azdı. 3 ildi fəaliyyətini dayandırsa da, yenə də hər dəfə onun adı çəkilən xəbərin oxunma sayı ilə saytlar rekord vurursa, məncə, artıq sözə ehtiyac yoxdu. Bu komanda hamının sevimlisi idi. Balacadan tutmuş böyüyə kimi. Bu komandanın hər futbolçu transferi hörmətlə qarşılanıb, hörmətlə yola salınıb. Çünki o şəxs, o formanı tərlədib. "Xəzər Lənkəran" barədə qədər xoş xatirələr var ki, kitab yazmaq olar", deyə Eliko "Xəzər Lənkəran"lı günlərindən bəhs etdi. 
 


Paytaxt klublarının çoxunda çalışanlar çox vaxt kənar şəxslər olur. Komandaya adi iş yeri kimi yanaşırlar. Ancaq "Xəzər Lənkəran"da çalışanların çoxu həmyerliləri olurdu deyə, komanda çalışanları daha güclü bağ ilə bağlı olurdu. Buna misal olaraq "Xəzər Lənkəran"ın mətbuat katibi Hüseyn Cəbrayıloğulunu demək olar. Bəzən sosyal şəbəkədə paylaşımlarda, rəylərdə onun fikirlərinə rastlaşıram. "Xəzər Lənkəran" həsrətinin necə böyük olduğu hiss olunur. Sağolsun xatirələrindən bizimlə də paylaşdı. 
 


"Böyük oyun" la bağlı o qədər xatirə var ki, danışmaqla bitməz. Burada istisna bir özəllik odur ki, mən həm azarkeş, daha sonra jurnalist və ən son klub  rəsmisi kimi Azərbaycanın ən böyük derbisinin iştirakçısı olmuşam.  Azarkeş kimi xatırlayıram ki, rəqabətin özülünü qoyan Gəncədəki " Qızıl oyun" a Lənkərandan nömrələnmiş, yəni azarkeşlər gəldiyi avtobusu çaşdırmasın deyə qabaq şüşəsinə nömrə yazılmış 120-dən çox İkarus tipli böyük avtobus Lənkərandan Gəncəyə yola düşmüşdü. Həmin gün əlavə QAzEl tipli mikro avtobus və şəxsi maşınlarla 15 mindən çox " Xəzər Lənkəran" azarkeşi uzun bir məsafəni qət etmişdi. Bu nəinki müstəqillik illərinin bütöv Azərbaycan futbol tarixinin görünməyən bir hadisəsi idi. Mənim bir sözüm var- hətta dövlət qurumu belə bir gecədə 15000 adamı böyük bir məsafəni qət etmək üçün bir araya  toplaya bilməzdi. Oyundan öncə fan klubların söz atmacası xüsusi bir aqressiya gətirərdi. Bir az da belə davam etsə idi Azərbaycan futbolda ikiyə bölünəcəkdi. "Neftçi" li və " Xəzər Lənkəran"lı. Təəssüf ki, getdikcə ölkədə futbol məhəllə yarışı səviyyəsinə gəldi, azad və tabeçiliyi olmayan klublar tarixin yaddaşına köçdü və biz həm də " Böyük oyun" u itirdik". 

Ardı var...

Röya Kərimli
Sport7.az



OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR