"Böyük oyun"lar olacaq, amma o, olmayacaq" (XATİRƏLƏR)

Bildiyiniz kimi, bu gün Azərbaycanın əməkdar məşqçisi Böyükağa Hacıyevin vəfatından 1 il ötür. 

Sport7.az mərhum mütəxəssisi yad etmək məqsədi ilə futbol ictimaiyyətinin nümayəndələrinə söz verib. 

Onlar Böyükağa müəllimi belə xatırlayır. 
 

 
Əmrah Çəlikəl ("Qarabağ" klubunun direktoru): "Böyükağa müəllimə Allahdan rəhmət diləyirəm. Özü ilə birgə işləmədiyimiz və əvvəldən tanışlığımız olmadığına görə təəssüf ki, xatirəm yoxdu. Ancaq hamı kimi ona böyük hörmətimiz var. Azərbaycan futbolunda yaxşı mənada iz qoymuş və hörmət qazanmış bir baş məşqçi idi. Allah rəhmət eləsin!"

Hüseyn Cəbrayiloğlu ("Xəzər Lənkəran" klubunun keçmiş mətbuat katibi): "Rəhmətlik Böyükağa müəllim elə bir veriliş olmazdı ki, məni yada salmasın. Mənim "çempionatda sonuncu yeri tutaq, amma "Neftçi" yə məğlub olmayaq" fikrim ona ləzzət etmişdi. Bunu hər dəfə mənə istinad edib verilişlərdə dilə gətirirdi. Bir sözü vardı, məni görəndə deyirdi "Lənkəranda iki nəfəri çox istəyirəm, mənimlə oynayan Hafiz Əliyevi və səni". Biz "Neftçi" ilə prinsipial rəqib olmuşuq. Amma kobud dillə desək kişi kimi rəqib olmuşuq. O mənada Böyükağa müəllim Lənkəranda sevilməsə də, vəfat edəndə onun üçün yetərincə azarkeşimiz üzüldü, sosial şəbəkədə başsağlığı verildi.
 
 
Böyükağa müəllim əsl prinsipial rəqib baş məşqçisi idi. Çox tikanlı açıqlamaları olurdu və bu əlavə intriqa yaradırdı. Xatirimdədir, Mustafa Dənizli yeni gəlmişdi "Xəzər Lənkəran"a. Ölkə futbolunun Şah oyunu, məşhur "Dumanlı Böyük oyun"dan öncə Dənizli məndən soruşdu ki, "Hüseyn, "Neftçi"nin çalışdırııcı matçla bağlı nələr söyləyir?" Məndə cavabında dedim ki, "Sizə böyük qardaş" filan deyir, amma inanın məğlub olsaq elə sözlər deyəcək ki, nəinki siz, bütün camiə əsəbindən bir neçə gün yatmayacaq".

Allah Böyükağa müəllimə rəhmət etsin. Həmişə təəssüf edirəm ki, qismət olsa yenə "Böyük oyun"lar olacaq, amma o, olmayacaq".
 


Rəşad Ergün ("Komanda.az" saytının baş redaktoru): "Böyükağa müəllimlə o, Azərbaycan milli komandasında, Vaqif Sadıqova kömək edərkən tanış olmuşduq. Tanışlığımız bir az çəkişməli olmuşdu, amma sonra hər şey yoluna düşdü. İşsiz qaldığı dövr var idi ki, həmin vaxt tez-tez bizim ofisə gəlirdi. Sonra "Neftçi"də işlədi, bizim keçirdiyimiz ənənəvi sorğuda ilin məşqçisi seçildi.
 

 
Onu başqa məşqçilərdən fərqləndirən əsas xüsusiyyəti danışarkən ütülü, "qalstuklu" cümlələrdən istifadə etməməsi idi. Sözü birbaşa deyirdi və yəqin buna görə də, mətbuat üçün daim ən yaxşı müsahiblərdən sayılırdı. Böyükağa müəllimlə bağlı yadımda qalan bir şey də var. "Komanda" qəzetində futbol adamlarından futbola dəxli olmayan mövzularda müsahibə götürürdük. Mərhum Hacıyevi də ofisə dəvət edib, müsahibə götürmüşdük. Onun tarixlə bağlı suallara dəqiq cavab verməsinə heyrətlənmişdim.
 
Allah rəhmət eləsin, qəbri nurla dolsun".
 
Ardı var...

Röya Kərimli
Sport7.az

Xəbər lenti