"Böyük torpaq"dakı finalın hökmü

Hökm verilib: Azərbaycan kubokunun finalı Naxçıvanda keçiriləcək.

Bu cümlə artıq bir xəbər olmaqdan da çıxıb. Ölkə futbolu ilə maraqlanan hər kəs bundan xəbərdardır və əksəriyyətin məyus olduğu da şübhə doğurmur.  Ən azından ona görə ki, böyük bir qism azarkeş finalı canlı izləmək imkanından məhrum olacaq.

Söhbət təkcə finalçıların, yəni "Qarabağ"la "Qəbələ"nin azarkeşlərindən getmir. Elə paytaxt Bakıda yaşayan və bu iki klubdan heç birinə azarkeşlik etməyən minlərlə futbolsevəri nəzərdə tuturam. Onların əksəriyyəti final günü stadiona məhz elə finalın ab-havasını, gərginliyini hiss etmək üçün gedirdi. Üstəlik, 4-5 il bundan əvvələ qədər PFL ölkə kubokunun finalını əsl bayrama çevirməyi, ajiotaj yaratmağı, açılış mərasimindəki baxımlı şou və sürprizlərlə hamını təəccübləndirməyi bacarırdı. Kubokun finalının mayın 28-də, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günündə keçirilməsi isə bir ayrı ləzzət idi.

İndi bunların hamısından məhrumuq. Azərbaycan himninin sözlərini qısaldan, onun toxunulmazlığına, müqəddəsliyinə xələl gətirənlər üçün 28 mayın da elə bir ciddi əhəmiyyəti də yox idi. Ona görə də son bir-neçə ildə kubokun finalını fərqli tarixlərdə keçirməyə başlamışdılar. Bu dəfə isə daha betəriylə üzləşdik. Amma suç təkcə AFFA və PFL rəhbərliyində deyil.

Əvvəldə yazdığım kimi, finalın mayın əvvəlində, özü də paytaxtdan xeyli uzaqda keçirilməsinə hökm verilib. Özü də AFFA-nın boz binasının divarları arasında yox. Kubokun finalını mümkün qədər tezbazar, səssiz-səmirsiz keçirməyə, mövsümə yekun vurmağa çalışırlar. Vəziyyət bunu tələb edir. Ölkə futbolunun imici, final oyununun ad-sanı heç kimin vecinə də deyil. 

Etiraz səsini ucaldan sadə azarkeşlər, alternativ variantları müzakirəyə çıxaran idman mətbuatı ümid edirdi ki, vəziyyət dəyişə bilər. Amma olmadı. Artıq klublar Naxçıvana təyyarə bileti sifariş etməyə, orda qalmağa yer axtarmağa başlayıblar. Final qarşılaşmasını ölkə ərazisində yayımlayacaq "CBC Sport"un əməkdaşları da Naxçıvandakı stadiona baş çəkib, texniki işlərin həllinə start verilib.

PFL prezidenti Ramin Musayevin sözlərinə görə, bu dəfə "hamısı" orda olacaq. Hətta AFFA-nın prezidenti və baş katibi də. Burdan bura Qəbələyə 3 saatlıq yolu getməyənlər təyyarəyə minib Naxçıvana uçacaqlar. Finala rəsmiyyət donu geyindirmək, Naxçıvandakı oyuna rəsmiyyət qazanmaq həvəsi ilə.

Təkcə azarkeşlər orda olmayacaqlar. Lap elə stadion inzibati və qeyri-inzibati üsullarla doldurulsa belə, oturacaqlarda əyləşənləri tamaşaçıdan azarkeşə çevirmək bir günün, bir həftənin işi deyil. 

Naxçıvana el arasında "böyük torpaq" deyirlər. Həqiqətən də Muxtar Respublika vətənimiz üçün böyük əhəmiyyət daşıyan strateji əhəmiyyətli bölgəmizdi. Oranı canımız qədər sevir, öz doğma rayonumuzdan ayırmırıq. Naxçıvanda "böyük futbol"un olmasını da hamımız arzulayırıq. Bunun üçün isə Naxçıvanı təmsil edən klub Azərbaycan Premyer Liqasında çıxış etməli, ev oyunlarını doğma meydanda keçirməlidi.

Kubokun finalını Naxçıvana təyin etməklə oraya "böyük futbol"un qayıdacağını, futbolsevərlərin top oyunun böyüklüyünü yenidən hiss edəcəyini deyənlər isə yalan danışırlar. Özləri də fərqindədilər. Sadəcə, hökm belə verilib...

Amal ABUŞOV

Xəbər lenti