Böyükağa Ağayev: "Bu cür oynamaq "Qarabağ" üçün daha sərfəlidi"

Böyükağa Ağayev:
Azərbaycanın təcrübəli mütəxəssislərindən olan Böyükağa Ağayev bu gün Avroliqanın qrup mərhələsinin ikinci turu çərçivəsində baş tutacaq "Qarabağ" - "Arsenal" matçı ilə bağlı fikirlərini bölüşüb.

Sport7.az xəbər verir ki, Böyükağa bəy matçla bağlı bunları söyləyib: "Qarabağ" üçün çox çətin olacaq. Bunu özləri də düşünürlər. Amma "Qarabağ" təcrübəli komandadı. Qrup oyunları baxımından futbolçuların təcrübələri var. Fikrimcə, komanda hazırlaşıb və maraqlı oyun gözlənilir. Nəticə ilə bağlı heç nə deyə bilmərəm.

Belə oyunlardan əvvəl məşqçilər rəqiblərə baxırlar, güclü və zəif yerlərini aşkarlayırlar. Məncə, "Qarabağ" ÇL-in qrupunda oynadığı kimi futbol sərgiləməlidi. Şəxsi fikirlərimdi, "Arsenal"la matça ehtiyatla yanaşacaqlar. Müdafiədən başlayacaqlar və əks-hücumları gözləyəcəklər. Bu cür oynamaq "Qarabağ" üçün daha sərfəlidi. Müdafiəni, bütün zonaları bağlamalıdılar ki, "Arsenal" daxil ola bilməsin. Heyətdəki futbolçular topla oynamaqda yaxşıdılar, saxlaya bilirlər. Səhvlər olmamalıdı. Belə oyunda arxa xətdə top saxlayanda, ümumiyyətlə top itkilərinə yol verməməklə qol vurmaq üçün şans həmişə olur.

Yəqin ki, oyunu elə quracaqlar, ötənilki kimi böyükhesablı məğlubiyyətlər olmasın. Hər şeyi nəzarətə götürəcəklər. Məşqçilər də təcrübə toplayıblar. Yaxşı olmalıdı. Məncə, düzgün quracaqlar oyunu. "Arsenal"la "Çelsi"ni müqayisə edə bilmərəm. Bu düzgün olmazdı. İkisi də güclü klubdu, yaxşı futbolçuları var. Avropa oyunlarında özünüz də onları görmüsüz".

Sport7.az

Xəbər lenti