"Canavar tək gəzər, çaqqal sürüylə"- MÜSAHİBƏ

Sport7.az saytı azarkeşlərin də fikirlərini, iradlarını ictimailəşdirmək üçün onlara tribuna ayırıb. 

Bugünkü müsahibimiz "Qəbələ" azarkeşi Cavad Şəriflidir. 

- Nə vaxtdan futbolla maraqlanırsınız?
- Özüm Qəbələdə yaşayıram. O vaxt məhlədə bir nəfərdə krosna antenası vardı. Futbol matçlarına hamı orada baxardı. Mən də balaca uşaq idim. Gözləyirdim atam gedən kimi, mən də onunla gedirdim. O vaxtdan məndə futbol marağı xəstəlik dərəcəsində yaranmışdı. "Qəbələ" klubunun ilk illərdəki oyunlarının hesablarını müəllimlərimdən öyrənirdim. Sonra bir-iki dəfə atamla oyunlara getdim. Ondan sonra hardasa 2007-2008-ci illərdən özüm getməyə başladım. Atam hiss edirdi ki, artıq "Qəbələ"nin qatı azarkeşi olmuşam və dərs oxumurdum. (gülür)... Uzaqlaşdırmaq istədi, alınmadı. Çünki bu mümkünsüz idi. Zaman keçdikcə Qəbələdə olan bəzi fan-klubların üzvü oldum. İllərcə bütün ev və səfər oyunlarına gedib stadionda klubumu dəstəklədim. Hardasa 2015-ci ildə özüm azarkeş qrupu yaratdım. "Red-Black Army" adı altında komandamızın ev və səfər oyunlarında yanında oluruq. 

- Biraz fan-qrupdan bəhs edin. Nə qədər üzvünüz var? Səfər oyunlarına getmək üçün klubdan maliyyə dəstəyi olurmu?
- İlk yarananda sayımız az idi. Zamanla sayımız artmağa doğru getdi. Fikrimiz sadəcə "Qəbələ"yə dəstək olmaq olub. Yarandığımız gündən klub bizə ancaq nəqliyyət tutmağımızda kömək edib. Onun da səbəbini yəqin ki, hər kəs anlayar. Biz ən azı 200 km uzaqda səfər oyunlarına gedirik. Ayda iki-üç dəfə səfər oyunu olur və hər dəfəsində maşının gediş haqqını ödəməyə imkanımız olmur. Uşaqların ancaq yolda yemək, su, çay almağa xərcliyi çatır. Ona görə də müəyyən vaxtlarda klub nəqliyyatda bizə dəstək olur. Klubdan heç bir asılacağımız yoxdur. 
 


- Bu vaxta kimi hazırladığınız ən maraqlı, çılğın pankart hansı olub?
- "Qarabağ"la oyun idi. 1:0 hesabı ilə üstün olduğumuz oyunda bizi 1:2 hesabı ilə uduzdurdular. Ondan sonra biz anladıq ki, AFFA da, hakimləri də hamısı "Qarabağ"a kömək edir. Biz də belə pankart açmışdıq: "Canavar tək gəzər, çaqqal sürüylə"... Bizim ləqəbimiz dağ canavarlarıdı. 
 


- Ölkə futbolunun azarkeşi olaraq çempionatın səviyyəsini necə qiymətləndirirsiniz?
- Futbol bizdə acınacaqlı səviyyədədir. Dağılan region klublarımız, açıq bazar olan ikinci liqamız, zənglə çağırılan milli oyunçular, himnimizi bilməyən milli oyunçular və s. O qədər belə şeylər saymaq olar ki...Sonra qınayırlar ki, tribunalara azarkeşlər gəlmir. Niyə gəlsinlər?! Bərbad hakimlərimiz var. Qərarları adamı infarkt edir. 

"Karvan", " Xəzər Lənkəran", "Şəmkir", "Kəpəz", "Simurq", hər oyun dolu tribunaları olan klublarımız hanı indi? Kimdi günahkar? Bir və ya iki klubu belə olsaydı, düşünərdik ki, idarəçilik zəif olub. Bəs hamısında idarəçilik problemi olub? Əlbəttə ki, xeyr. Hanı "Bakı"? Paytaxtımızın adını daşıyan klubdan əsər-əlamət qalmayıb. İndi say düzəltmək üçün qəsəbə komandaları ilə liqanı yola verirlər. "Qəbələ", "Qarabağ", "Neftçi" yenə Avropada nələrsə edib. Bunlar da olmasaydı, futbol adına nəyimiz olacaqdı?!

- Bu günə kimi "Qəbələ"yə ən çətin hesab etdiyiniz rəqib hansı komanda olub?
- Hansısa bir baş məşqçinin sözü var. Deyəsən Mourinyo deyib. "Çempion olmaq istəyirsənsə, zəif komandalarla oyunda xal itirmə". O vaxt heyəti bizdən zəif olan "Kəpəz"ə, "Zirə"yə, AZAL-a uduzurduq. Zəif olsalar da, bu komandalarla oyun çətin olurdu. Bu son ildə isə "Qarabağ"ın çox güclü heyəti, baş məşqçisi var. Onlarla oyun çox çətin olur. 

- Ümumiyyətlə, "Qəbələ"nin başa çatan mövsümdə çıxışını necə dəyərləndirirsiniz?
- "Qəbələ" bu mövsüm stabil çıxış etmədi. Yaxşı heyətimiz vardı. Mükafatçılar sırasında bizim də adımız olmalı idi. Düzdü, həsrət bitdi, kuboku aldıq. Amma o demək deyil ki, kubok aldıqsa, mövsüm yaxşı bitdi. Fikrimcə, yaxşı bitmədi. Dünən yaranan "Səbail" "Qəbələ"ni  3-cü olmağa qoymadı. Bu acınacaqlıdı. Əgər kuboku almasaydıq, baş məşqçinin istefasını tələb edəcəkdik. Düzdü, Sənan bəy çətin şərtlər altında məsuliyyətin altına girdi. Amma bizim ondan gözləntilərimiz böyük idi. Həmişə görüşlərdə də məşqçiyə, futbolçulara ilk sözümüz o olub ki, bu formanın dəyərini bilin, canınızı qoyun. Elə olub ki, qalib gəlsək də, vallah mən heç zövg almamışam oyundan. Ama elə olub ki, məğlub olmuşuq, ama komandamız çox gözəl oynayıb. Təəssüf ki, komandamız hələ ki, stabil oyun sərgiləyə bilmir. 
 


- Hansı məşqçinin rəhbərliyi altında komandanızda stabillik olub?
- Yuri Syomin deyərdim mən. Düzdü, Roman Qriqorçukun da vaxtında ilk 7 oyunda qol buraxmamış, hər oyunda qalib gəldiyimiz olub. Amma məncə, Syominin dövründə stabillik vardı. 

- Bəs həlli yolunu nədə görürsünüz? Məşqçi dəyişikliyində, ya heyətdə dəyişiklikdə?
- İşin çoxu məşqçinin üzərinə düşür. Komandaya, futbolçulara elə ruh verməlidir ki, hər oyun eyni istəklə, eyni əzmlə çıxıb vuruşsunlar. 
 


- Qarşıdan avrokubok oyunları gəlir. Sizcə, bu məşqçi və heyətlə hara kimi getmək olar?
- Çətin olacaq. Ancaq futbolçular çıxıb son nəfəsə qədər vuruşub, son ana qədər mübarizə aparıb, can qoysalar, bəlkə nəsə etmək olar. Bəxtimizə düşəcək rəqibin də kimliyindən çox şey asılıdı. Qriqorçuk ikili oyunların ustası idi. Avropa Liqasında bunun şahidi olmuşduq. Sənan bəy də onun köməkçisi olub. Görək necə olacaq. Gözləyək...

Röya Kərimli
Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR