Cavid Hüseynov:

Cavid Hüseynov: "Azərbaycanın futbolçuları o qədər inamsız təsir bağışlayır ki..."

Azərbaycan millisinin futbolçusu Cavid Hüseynov AVRO-2020-nin seçmə mərhələsində Macarıstan yığmasıyla səfər matçından sonra müsahibə verib.
 
Sport7.az xəbər verir ki, ikinci hissədə meydana daxil olan 31 yaşlı yarımmüdafiəçi əvvəlcə 0:1 hesabıyla uduzduqları görüşü şərh edib: "Sözün düzü, oyunun ağır keçəcəyi əvvəlcədən bizə bəlli idi. Çünki rəqib Xorvatiya səfərindən 0:3 hesablı məğlubiyyətlə qayıtmışdı. İstər-istəməz şansları da var idi. Bilirdik ki, ilk 20-25 dəqiqə təzyiqdə oynayacağıq. Rəqibin bu təzyiqi də bəhrəsini verdi, qolu tez buraxdıq. Bundan sonra futbolçularımız bir az rahatlaşmağa başladı. Matçın gedişini də gördünüz. Düşünürəm ki, 1 xal bizim üçün yaxşı nəticə idi. Amma hakimin səhvindən əlimizdən alındı".

- Uels, Xorvatiya, Bəhreyn və indi də Macarıstan. Qəribə bir tendensiyanı görürük ki, komandamız qol buraxandan sonra oynamağa başlayır....

- Azərbaycanın futbolçuları o qədər inamsız təsir bağışlayır ki, açığı, hər bir ölkəyə gedəndə - rəqiblərinin adını deyim, necə deyim düz çıxsın - təzyiqlə başlayırıq. Belə desəm, daha düzgün olar. Sanki artıq 0:1 hesabıyla məğlubuq. Qol buraxdıqdan sonra başlayırıq oynamağa, rahatlaşırıq. Diqqətimizi, konsentrasiyamızı cəlb etsək, biz də onlar təzyiq edəndə, öz oyunumuzu göstərməyə başlasaq, soyuqanlılıqla sonluğu yaxşı gətirə bilirik. İlk dəqiqələrdə isə oyun bizdə alınmır, bu problem bizdə var.

- Fasilədə baş məşqçi nələr dedi ki, komanda ikinci hissədə qapıya nəhayət, 87-ci dəqiqədə də olsa zərbə vurdu? Və əvəzetmətlərdən sonra nələr dəyişdi ki, komandamız artıq rəqibi sıxmağa da müyəssər oldu?

- Fasilə zamanı 5 dəqiqə otaqda oldum, uşaqlarla söhbətləşdim və sonra çıxdım çölə. Baş məşqçinin nə dediyini yalan deyərəm. Əvəzetmələri edəndə, mövqelərimizi bildirdi, harda necə oynamağı tapşırdı. Çalışdıq ki, nəsə edək, heç olmasa 1 xalı götürək, çünki hesab 0:1 idi. İnanırdım ki, tarazlığı bərpa edəcəyik. Çünki hər komandaya qol vurmuşduq, belə uğurlu seriyamız vardı. Son dəqiqəyədək inanırdım qol vuracağımıza, ancaq belə alındı.

- İki hissə ərzində oyunda fərq niyə belədi?

- İlk hissədə gözləyirdik ki, rəqibin hücumunun ardı-arası kəsilməyəcək. Bu xofmu, nədimi, hiss olunurdu ki, uşaqların bədənlərində var idi. Soyuqanlılıq göstərmək mümkün deyildi. Bəli, qol buraxandan sonra 30-cı dəqiqədə toparlanmağa, hücumlar etməyə başladıq. Bu, qıraqdan da görünürdü. Sonradan da göründü ki, bu rəqiblə oynamaq mümkündü. Bu, onsuz da həmişə belə olub. Qolu buraxandan sonra başlayırsan oynamağa, görürsən ki, rəqibin gücü ideal deyil.

- Millinin ən təcrübəli futbolçususan. Bu, 0:1 növbəti, Uelslə Bakıdakı görüşədək beyninizdən əriyib gedəcəkmi ki, halal xalımızı əlimizdən aldılar?

- Bilirsiniz, bunu məcburuq etməyə. Çünki bu oyun qurtardı getdi. Olanla yaşasaq, yaşamaq mümkün deyil, çox da qabağa gedə bilmərik. Bu gün oyun oldu, sabah artıq unutmaq lazımdı.

- Qalanları da unudacaqmı?

- Məcbur unutmalıdırlar. Çünki başqa yolumuz yoxdu. Hər bir oyundan sonra belə olmalıdı.

- Bu sirri bəlkə açasan - paltardəyişmə otağında ağlayan yox idi?

- Yox idi. Sadəcə, çox məyus idik. Bütün futbolçular üzülmüşdü - A-dan Z-dək. Belə deyim ki, biri əlini divara vururdu, biri masaya (Sport24.az).
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR