Cavid Hüseynov: "Elə şeylər var ki, açıqlamaq olmur"

Cavid Hüseynov:
Ardıcıl iki turdu xal itirən "Qəbələ"nin kapitanı Cavid Hüseynov komandanın durumundan danışıb.

Təcrübəli futbolçu Sport7.az-a müsahibəsində qeyri-sabitliyin səbəblərini izah edib, qarşıdakı oyunlara və hazırlıqlara toxunub.

- "Keşlə" ilə vacib oyunda xal itirdiz, komanda necə hazırlaşmışdı?

- Düzdü, vacib oyunda xal itirdik. Amma yaxşı, həmişəki qaydada hazırlaşmışdıq. Bilirdik ki, çətin olacaq. Çünki onlar "Sumqayıt"la oyunda qələbə qazanıb gəlmişdilər. Biz isə "Qarabağ"a məğlub olmuşduq. Təbii ki, psixoloji üstünlükləri vardı. Həmin gün bizim günümüz deyildi. Təəssüflər olsun ki, xal itirdik. Qələbə qazana bilərdik, amma 1 xalla kifayətləndik. 

- Necə oldu ki, futbolçular "Qarabağ"la görüşdə bir, "Keşlə" ilə oyunda isə başqa cür oyun göstərdi?

- Başa düşdüm siz nəyi vurğulayırsız. Qış fasiləsindən qayıdandan sonra "Qarabağ"la matç da daxil olmaqla, 3 oyun keçirmişdik. Hər üçündə də yaxşı təsir bağışlamışdıq. "Keşlə" ilə oyunda nəsə varmış kimi göründü. Amma belə deyil, bu futbolda olur, normaldı. Çalışacağıq ki, itirdiyimiz xalları üzümüzə gələn oyunda qazanaq. 

- Fasilədən sonra "Qəbələ"nin daha yaxşı çıxış edəcəyi gözlənilirdi, Sənan Qurbanov istədiyi transferləri də həyata keçirmişdi, ancaq hələ ki, qeyri-sabitlik, bir qədər də ruhsuzluq hökm sürür. Bunun xüsusi səbəbləri var?

- Xeyr, bunun xüsusi səbəbləri yoxdu. Transferlər deyəndə, bir gürcü futbolçu David Volkovu almışıq, bir də yerli kimi Anarı gətirmişik. Elə də çox transferimiz olmayıb. Xüsusi, komanda ruhuna təsir edəcək bir amil yoxdu. 

- Ümumiyyətlə hazırkı məqamda "Qəbələ"də nə çatmır? Kapitan kimi səni hansı məqamlar daha çox narahat edir?

- Vallah, necə deyim? Futbolçularımız zəif deyil, heç bir rəqibdən geri qalmır. Hətta, deyərdim ki, karyera, səviyyə baxımından üstündülər. Ancaq bu komanda oyunudu. Yəqin ki, nəsə çatmır, bunu da məşqçilər korpusu çox gözəl bilir. Bu barədə işlər aparılır. Elə şeylər var ki, demək, açıqlamaq olmur (gülür). O bizdə qalsın. Komanda bir ailədi. Bu da ailənin içində qalsa yaxşıdı. Ola bilər siz başqa amillər fikirləşirsiz. Amma mühüm bir şey yoxdu ki, sırf ondan yapışaq. 

- Ardıcıl uğursuzluqların yaratdığı psixoloji gərginlikdən necə çıxmağa çalışırsız və hansı addımlar atılır?

- "Qarabağ"a məğlub olduq, "Keşlə" ilə heç-heçə etdik. Hələ heç nə bitməyib. 3-cü yerə şanslarımız çoxdu və əldən vermək istəmirik. Sadəcə, qələbələr gəlməlidi. Xal itirmək bizi daha çox geriyə sala bilər. Ona görə hamı düşünür. Futbolçular məsuliyyətlərini dərk edirlər ki, bir də belə oynayıb xal itirmək olmaz. Yəqin ki, hər kəs özünə bu sualı verir və cavab tapır. Qələbə qazansaydıq fərq 4 xal olurdu. Çünki "Səbail" 3-cü yerdədi. Yenə də udsaydıq daha yaxşı olardı, xal fərqi azalardı. 

- Yeni futbolçular özlərini nə dərəcədə göstərə biliblər, faydaları dəyirmi?

- Anar şans qazanmayıb. Hələ ki, qapıda Dima dayanır. Volkova gəlincə, daha yüksək səviyyədə oynamağa qadir futbolçudu. Ondan çox şeylər gözləyirik. Demək olar uyğunlaşıb. Özü də təəccüblənir ki, "Qəbələ"də futbolçular bir-biri ilə necə mehribandı. Heç bir legioner bizdə uyğunlaşma ilə bağlı problem yaşamır. 

- Qarşıdan "Zirə" ilə oyun gəlir. "Qəbələ"yə minimum 3-cü pilləni tutub avrokuboklara getmək, onlara isə turnir cədvəlinin aşağılarından uzaqlaşmaq üçün xal lazımdı. Nə düşünürsən bu oyunla bağlı?

- Hər iki komanda qələbəyə oynayır. Onlara da qələbə qazanmaq vacibdi, bizə də. Maraqlı oyun olacaq. "Zirə" özünə gəlməyə başlayır. İndidən heç nə deyə bilmərəm. İnşallah, güclü və layiq olan qalib gələr. Artıq hazırlıqlara başlamışıq. Bu gün istirahətdən sonrakı ilk məşqimizi keçmişik. Analizlərə hələ vaxt var. Analiz həftənin başlanğıcında deyil, həmişə oyuna iki gün qalmış olur. 

- Şansları necə dəyərləndirirsən?

- Nə deyim? İki yaxşı komanda oynayacaq. 

- Düşünmək olar ki, "Qəbələ"nin Premyer Liqa ilə bağlı ümidləri azalıb və kuboka daha çox diqqət ayıracaq?

- Mən belə düşünmürəm. Kubokla bağlı danışmaq hələ tezdi. Çempionat oyunlarında qələbə qazanmaq lazımdı. Daha sonra kubok oyunları gəlir.

- Mövsümün sonunda komandanın ən azı ilk "dördlük"də özünə yer edəcəyinə nə qədər ümidlisən?

- Çox ümidliyəm, inşallah belə olar.

Səbuhi Nərimanoğlu

Xəbər lenti