"Gələcəkdən danışa bilmərəm" - Cavid Hüseynov

"Qəbələ"nin kapitanı Cavid Hüseynov komandanın durumu və qarşıdakı oyuna hazırlıqlarla bağlı fikirlərini söyləyib.

Hüseynov Sport7.az-a müsahibəsində klubun prezidenti Tale Heydərovun vəzifəsindən getməsinə də toxunub.

- Tale Heydərovun gedişindən sonra komandada əhval-ruhiyyə necədi?

- Bir neçə jurnalistə bu haqda danışmışam. Onun gedişi sırf işi ilə əlaqəli olan bir məsələdi. Bu haqda klubun vitse-prezidenti Fariz Nəcəfov da danışmışdı. Ancaq buna baxmayaraq "Qəbələ" nə fəaliyyətini, nə də iddiasını dayandırır. Qaldığımız yerdən davam edəcəyik. Xəbəri eşidəndə hamımız pis olduq. Hamı şoka düşdü. Açıqlama veriləndən sonra başa düşdük ki, sırf işi ilə bağlı olan bir şeydi. Ancaq əhval-ruhiyyəmizə o qədər də təsir etməyib.

- Gedərkən komandanı başına yığıb, son sözünü deyib halallaşdımı?

- Xeyr, hazırda ölkə xaricindədi. 

- Əksəriyyət düşünür ki, Heydərovun gedişi "Qəbələ"yə zərbə olacaq. Klubun gələcək fəaliyyəti ilə bağlı narahatlıq doğuran fikirlər səsləndirilir. Sən nə düşünürsən?

- Vallah, hazırda gələcəkdən danışa bilmərəm. Çünki heç nə bilmirik, işin içində deyilik. Futbol oynayırıq, məşqimizə gedirik. Belə məsələlər haqda fikir bildirməyim heç cür düzgün olmaz. Ümumiyyətlə eşitməmişik ki, bu gediş komandanın gələcək iddiasına təsir edəcək. Amma bu gün elə bir şey yoxdu.

- Kapitan kimi, futbolçularda bununla bağlı hər hansı narahatlıq hiss etmirsən?

- Xeyr, futbolçuların hamısının yaya qədər klubla müqaviləsi var. Yəqin ki, danışıqlar olacaq, bunun üçün müəyyən vaxt lazımdı. Çempionatın bitməsinə 5 tur qalıb. Bu da çoxdu, 5 həftə deməkdi.

- Artıq mövsümün sonu yaxınlaşır, bəzi klublar heyətdə saxlamaq istədiyi futbolçulara yeni müqavilələr təklif edir. Bəs "Qəbələ"də vəziyyət necədi? Sizə müqavilə təklif ediblər?

- Sözün düzü, xeyr, təklif etməyiblər. Hələ bu məsələlərə başlanılmayıb. Ola bilsin hansısa məsələlərə görədi. Avroliqaya düşüb-düşməyəcəyimizi bilmirik. Bəlkə də hələ tezdi deyə danışıqlar aparılmır. 

- Belə bir vəziyyətdə, komanda "Keşlə" ilə oyuna necə hazırlaşıb, qələbəyə əminlik var?

- Əminlik deyəndə, hər oyuna qələbə üçün çıxırıq. Oyunlarımızın alındığı və alınmadığı vaxtlar olur. Bütün oyunlara eyni qaydada hazırlaşırıq, o cümlədən "Keşlə"yə qarşı. Bütün klublar belədi. Həftəlik məşq proqramları var. Yəni qeyri-adi nəsə etmirik. Hamı başa düşür ki, 3-cü yeri tutmaq istəyiriksə qalan 5 turun hamısında qələbə qazanmalıyıq. Əlbəttə, xal itkiləri olacaq. Amma bilmirsən ki, harda xal itirəcəksən. 

- "Keşlə" ilə matçda şansları necə dəyərləndirirsən?

- Oyunun gedişatında çox şey dəyişə bilər. Yaxud oyundan əvvəl kağız üzərində bir çox sözlər yazıla bilər. Ancaq həmin gün kim güclüdüsə o da qalib gələcək. "Keşlə" ilə oyunlarımız həmişə gərgin keçib. Düşünürəm ki, bu dəfə də çətin və maraqlı oyun olacaq. Çünki rəqib meydanında oynayırıq.

- Baş məşqçi tərəfindən xüsusi tapşırıq verilib?

- Xeyr, hələ analiz etməmişik. Bu gün analiz olacaq və siz dediyiniz məsələ müzakirə ediləcək. 

- Bəs "Qəbələ"nin Avroliqa şanslarını necə dəyərləndirisən?

- Şans hələ çoxdu. 5 turda qələbə 15 xal edir. "Səbail"in də "Qarabağ"la, "Neftçi" ilə çətin oyunları olduğunu düşünsək, əlimizi-qolumuzu yanımıza salmamalıyıq. Ümidimizi itirməməliyik. O qədər də böyük xal fərqimiz yoxdu. 

Səbuhi Nərimanoğlu
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR