"CBC Sport" 4 ildə necə yadda qalıb? (SORĞU)

Bu gün "CBC Sport" kanalı 4 yaşını qeyd edir. 

2015-ci ilin bu günündə efirə çıxan telakanalda idman layihələri, analitik proqramlar işıq üzü görür, həmçinin bir çox mötəbər turnirlər canlı yayımlanır.

Bəs görəsən ictimaiyyət "CBC Sport" kanalı haqqında nə düşünür? Sport7.az tamaşaçıların fikirlərini nəzərə alaraq sorğu keçirib. Həm onların kanala təbrikini, həm də fikirlərini, tənqidlərini öyrəndik...

Elman Cəfərli ("Cümhuriyət” qəzetinin redaktoru): "CBC sport” televiziyasının daimi izləyicisiyəm. Azərbaycan Premyer Liqasının, millinin oyunlarına buradan baxıram. Futbol şərhçiləri haqqında fikrim neqativ deyil. Ancaq öz üzərlərində işləməlidirlər. Bəzən onların futbolla, qarşılaşan  klubların heyəti, oyun üslubu, məşqçi korpusu ilə bağlı bildikləri tamaşaçıdan artıq olmur. Azərbaycan televiziyasında Sabutay Quliyev, Çingiz İsmayılov, Valid Sənani, Qərib Əhmədli, Aydın Əliyevin yaşatdığı peşəkar futbol şərhçilyi ənənəsi var. Bu irsi öyrənsinlər. Azərbaycanda futbolu çox yaxşı bilən peşəkar, stajlı azarkeşlər var. Onları efirə dəvət etsinlər. Məncə, bu tamaşaçı üçün maraqlı olar. Məsələn, mənim tanıdığım bir futbol azarkeşi var - Faiq Abdullayev... 60 yaşı var, Ağdamda yaşayır, ali təhsilli mühəndisdir. Ancaq futbolu çox yaxşı bilir. 1970-ci ildən bu yana bütün dünya və Avropa çempionatlarını, nüfuzlu qitə turnilərini izləyib, qeydlər edib, özü üçün sorğu kitabı hazırlayb. Adam canlı ensiklopediyadır. Mən sizi inandırıram ki, o, futbol Fikrət Adıgözəllidən pis bilmir. Bakıda onlarla belə Anatoli Banişevskini, Ələkbər Məmmədovu, Bloxini, Dasayevi, Şengeliyanı, Belanovu, Zıqmantoviçi canlı izləmiş azarkeş var. Onları tapıb maraqlı söhbətlər etmək olar. Həmkarlarımı təbrik edir, onlara fəaliyyətində uğurlar arzu edirəm".

Emil Şükürov (Menecer): "Düzünü desəm, fikir bildirmək mənə çətin olacaq. "Mançester Yunayted" azarkeşi olduğum üçün əsasən İngiltərə Premyer Liqasını izləyirəm, onu da "İdman Azərbaycan" kanalı yayımlayır. Bəzən oyunlar "prime time"a düşür, ona görə məcbur ya pirat kanallardan, ya da rəsmi fan-klub üzvləri ilə daimi görüşdüyümüz yerdə baxıram. "CBC Sport"un müsbət tərəfi gənc, bacarıqlı və inkişaf etməyə istiqamətlənmiş kollektiv, efirdə olan idman növlərinin rəngarəngliyi, keyfiyyətli yayımı, maraqlı tematik verilişləri, müxtəlif çempionatlara dair icmallar və müzakirəli verilişlərinin olmasıdır. Bir sözlə, istənilən idman sahəsinə maraqlı olan şəxs "CBC Sport" kanalının efirində azarkeşlik etdiyi idman növünə uyğun kontent tapa bilər. Bir ara sənədli filmlər də çəkirdilər, maraqlı layihələr həyata keçirirlər. Mənfi cəhət isə əsasən şərhçiliklə bağlıdır. Təbii ki, ildən ilə bu sahədə inkişaf gedir, amma mən hələ də səsi qısıb baxıram. Çünki canlı efirdə oyunla bağlı məlumatdan daha çox komandalar və oyunçular haqqında geniş, kütlənin bilmədiyi məlumatları almaq daha maraqlıdır. Əvəzində isə TV-də gözümüzlə gördüyümüz oyunun axarını bir də şərhçilərin dilindən eşitmək yorucu olur. İnanıram ki, inkişafları davamlı olacaq və yerli tamaşaçı idman verilişlərini daha çox daxili kanallar vasitəsilə izləyəcək". 

Elçin Bayramov (Azarkeş): "CBC Sport" gözəl çəkir, yaxşı işlər görür, bunu danmıram. Amma mənə görə Liqa ilə bağlı çox az verilişlər var. Məsələn, Türkiyəyə fikir verin... Bir matç əvvəli neçə verliş olur... İradım sadəcə budur. Başqa heç vaxt bu kanal barədə mənfi fikirdə ola bilmərəm. Bu gün vacib oyun var (red. "Neftçi" - "Qarabağ"). Oyundan əvvəl oyunun təşkil, azarkeşlər, nə bilim şəhərdə sorğu kimi şeylər edilsə, əla olar.

Anar Cəbrayıllı (Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri): "Özüm futbol azarkeşiyəm. "CBC Sport" kanalı ilə bağlı müsbət fikirdəyəm. İstər daxili çempionat olsun, istər "Qarabağ"ın Avropada çıxışları, millinin oyunları olsun, həm "CBC Sport", həm də "İdman Azərbaycan" kanalları vasitəsi ilə izləyirəm. Müzakirələr olanda da baxıram. Şərhləri də, şərhçiləri də normal səviyyədədir. Hər hansısa mənfi fikrim yoxdur. "CBC Sport"u təbrik edirəm, ancaq və ancaq uğurlar arzu edirəm". 

Ramin Deko (Jurnalist): "Neçə ildir ki, mən ancaq iki telekanala - "İdman Azərbaycan" və "CBC Sport"a baxıram. Bu da futbola görədir. Başqa telekanallarda baxılası bir şey yoxdur. Təəssüf ki, mənim kimi xeyli insan Azərbaycandakı telekanllara baxmır, informasiyanı internet üzərindən əldə edirlər. "İdman Azərbaycan" və "CBC Sport" isə Çempionlar Liqası, İspaniya, İngiltərə, İtaliya və başqa ölkələrin futbol üzrə çempionatlarını yayımladığı üçün xeyli  tamaşaçı qazanıb. Düzdür, bizim şərhçiləri bəyənməyənlər çoxdur, sosial şəbəkələrdə tez-tez lağa qoyulur, tənqid edilir; bizim şərhçilərdə çatışmayan şeylər var, amma deyilənlər qədər də bərbad deyil. Ölkənin durumuna, bizim futbolun  indiki vəziyyətindən qat-qat yaxşıdılar. Ara-sıra səhvlər edirlər, neqativlər olur, amma ümumilikdə bu iki kanalın şərhçiləri imkanları daxilində çox şeyləri edirlər. "CBC Sport"un doğum günü münasibəti ilə başda dostumuz Elnur Məmmədli olmaqla bu gün şərhçiləri, kanalın kollektivini təbrik edirəm. Gün gəlsin oyunları Bakıdakı ofislərindən deyil, meydanlardan şərh etsinlər. Düzdür, ara-sıra bəzi oyunları "olay” yerindən şərh edirlər. Amma bu azdır, daha çox olsun. Dürüst, peşəkar və öz işlərini sevsinlər".

Səyyar Rüstəm (Aktyor): "CBC Sport" kanalında ancaq futbola baxıram. Açığı, şərhçilərin əksəriyyəti xoşuma gəlmir. Futbol savadları çox azdır. Görüntü olaraq yaxşıdır, HD-dir, ancaq danışıq tərzlərini bəyənmirəm. Misal üçün, keçən dəfə "Yuventus"la "İnter"in oyununu nümayiş olunurdu. Bilmirəm hansı şərhçi idi, bu oyuna derbi dedi. Derbi eyni şəhərin komandalarının oyununa deyilir. "İnter - "Milan", "Roma" - "Latsio" derbidir... İspaniyada "Atletiko" (Madrid) ilə "Real" (Madrid), Türkiyədə "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş"ın bir-birilə ilə oyunları derbidir.  Ancaq "Yuventus"la "İnter" arasında olan oyuna derbi deyilmir".

Tural İsmayılov (Həkim): "İdmansevər olaraq belə bir kanalın olduğu üçün çox məmnun olduğumu bildirə bilərəm. Ən əsası Çempionlar Liqasını izləməyə mükəmməl şərait yaradırlar. Tək istəyim odur ki, Türkiyə Superliqasını da ekrandan izləmək mümkün olsun. Təbrik edirəm, daha gözəl illərə. Kollektivin işi heç vaxt həkimə düşməsin. Sağlam olub, sağlamlığı təbliğ etsinlər". 

Talıb Bağırov (Azarkeş): "İlk növbədə "CBC Sport" kanalının kollektivini təbrik edirəm. Görüntü baxımından kanalı bəyənirəm. Amma şərhçilərdən söhbət düşərsə, futbola "İdman Azərbaycan" şərhçilərinin səsiylə baxmaq istəyərəm. Məsələn, İsmayıl Abdullayev, Tərlan Şahinoğlunun "CBC Sport"da çıxış etməsini istərdim. Düzdür, artıq ifadələr işlədirlər, ideal deyillər, amma futbolun həyəcanını hiss etdirirlər. Məncə, "CBC Sport" şərhçi məsələsini həll etsə, daha baxımlı idman kanal olar. Bəlkə də ən çox bu şərhçilərlə futbolu izləmişəm deyə fikrim belədir. "CBC Sport"da bəyəndiyim şərhçi Nurlan Valehoğludur. Bir daha "CBC Sport" televiziyasını ad günü münasibəti ilə təbrik edir, gələcək işlərində uğurlar arzu edirəm". 

Oğuz Ayvaz (Şair): "Azərbaycan televiziyalarını izləmirəm düzü. Ancaq "CBC  Sport"  və "İdman Azərbaycan" kanallarına baxıram. O da futbol olanda. "CBC Sport"un ad gününü təbrik edirəm. Onlara daha yaradıcı, daha maraqlı futbol verlişləri aparmağı diləyirəm. Gündüz Abbaszadənin oyunlarını çox xoşlayıram. O şərhçi kimi çox maraqlıdır. Biz Gündüzün oyunları ilə böyümüşük. "CBC Sport" deyəndə ağlına ilk Gündüz gəlir. Məncə, digər gənc şərhçilər Gündüzdən çox şey öyrənə bilər. "CBC Sport" idman kanalı kimi uğurludur, amma daha da böyük uğurlar əldə etməlidir".

"CBC Sport" kanalının baş redaktoru Şəmsəddin Abbasov Sport7.az-a açıqlamasında sorğuda iştirak edib kanala təbrik, tərif və tənqidlərini bildirənlərə təşəkkür edib: "Əvvəla təbrik edən, fikir bildirən, tənqid edən hər kəsə təşəkkür edirəm. Bizim üçün hər bir fikir önəmlidir. Tamaşaçılarımız fikrini bilmək üçün bizim üçün vacib amildir. Elə sizin vasitənizlə demək istərdim ki, biz bütün fikirləri nəzərdən keçiririk və çalışırıq ki, bunları nəzərə alıb işimizə davam edək. Hər bir işdə olduğu kimi, bir çox çətinliklər olub. Amma "CBC Sport" yarandığı gündən idmansevərlərin yanında olmağa çalışıb. Biz demirik bizimlə qalın, biz istəyirik ki, həmişə tamaşaçılarımızın yanında olaq. Və ən əsası sağlam həyata önəm verən bir idman kanalı kimi yaddaşlarda qalaq. İldən ilə kontentimiz, göstərdiyimiz yarışların sayı artır və çalışacağıq ki, belə də davam etsin. 

Sport7.az kollektivi də təbriklərə qoşulur, "CBC Sport" kollektivinə uğurlar arzu edirik.
 
Röya Kərimli
Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR