“CBC Sport” Super Liqanı evimizə gətirəcəkmi?

“CBC Sport” Super Liqanı evimizə gətirəcəkmi?
Sentyabrın əvvəllərində yayılan şad xəbər azarkeşləri xeyli sevindirmişdi. Bütün gün ərzində verilən intizar dolu çoxsaylı anonslardan sonra bəyan edilmişdi ki, Türkiyə Super Liqası Azərbaycanda yayımlanmağa başlayacaq. "CBC Sport” Türkiyə çempionatının yayım hüququnu alması barədə açıqlama yaymaqla ölkəmizdə yaşayan minlərlə azarkeşin könlünü fəth etmişdi.
 
Bu rəsmi məlumatın verildiyi gündən bəri düz 33 gün keçib. Hazırda qitənin digər çempionatlarında olduğu kimi, Türkiyədə də Super Liqaya fasilə verilib. İndiyə qədər isə mövsümün 7 turu arxada qalıb. Super Liqanın Azərbaycanda yayımlanacağı haqda verilən açıqlama isə hələ də özünü doğrultmayıb. Getikcə yayımla bağlı verilən vədlər unudulmaqda, lağ-lağı mövzusuna çevrilməkdədi. "CBC Sport”un sosial şəbəkələrdəki bütün paylaşımlarının altında azarkeşlər Türkiyə çempionatının yayımı ilə bağlı suallar səsləndirir, telekanal rəhbərliyindən ciddi açıqlama gözlədiklərini bildirirlər. Yayım hüququnun alınmasında müstəsna xidmətləri olduğu deyilən Volkan Üst isə susmağa davam edir.
 
Bu yaxınlarda Sport7.az-ın sorğusuna cavab verən kanal rəsmisi Şəmsəddin Abbasov da danışıqların davam etdiyini, hələlik konkret nəticənin olmadığını bildirmişdi.
 
Əldə etdiyimiz məlumata görə, məsələni düyünə salan "CBC Sport”un Azərbaycandan kənarda peyk üzərindən yayıma əngəl olmaq üçün texniki vasitələrinin olmamasıdı. Türkiyə tərəfi isə bunu "CBC Sport”dan qətiyyətlə tələb edir. Əks halda yayıma başlamağa icazə vermirlər. Dünyanın dörd bir yanına səpələnən və Türkiyənin özündə yaşayan türk futbolsevərlər hər mövsüm Super Liqanı izləmək üçün külli miqdarda pul ödəyirlər. "CBC Sport”un peykdən açıq yayımla "Qalatasaray”ın, "Beşiktaş”ın, "Fənərbaxça”nın oyunlarını göstərməsi isə onların hamısını Azərbaycan telekanalının yayımlandığı frekansa yönəldəcək. Bu isə nə Türkiyə Futbol Federasiyasına, nə də ondan yayım hüququnu üç milyard dollar ödəməklə alan "Digitürk”ə sərf etməz.
 
Baş verənləri analiz edəndə iki nəticə hasil olur. Birincisi, "Digitürk” yayım hüququ üçün "CBC Sport”a razılıq verəndə onun texniki imkanlarından xəbərsiz olub, dolğun məlumat toplamayıb. İkincisi də telekanal rəhbərliyi sevincəklik edib, məsələnin detalları tam dəqiqləşməmiş rəsmi açıqlama veriblər. İndi də bunun əziyyətini çəkirlər.
 
Artıq məsələyə nöqtə qoyulduğunu düşünmək olar. Yaxın zamanlarda "CBC Sport”un Türkiyə çempionatını yayımlayacağı inandırıcı deyil.
 
Sport7.az

 
 
 

Xəbər lenti