Cəmi 6575 nəfər...

Cəmi 6575 nəfər...
Azərbaycan Premyer Liqasının VII turu, deməli, həm də ilk dövrəsi başa çatdı. Milli komandaların oyunlarına görə çempionatda fasilə yaranacaq. Oktyabrın 13-də hər şey qaldığı yerdən davam edəcək. Sonrası da elə belə...
 
Diqqət çəkmək istədiyim məqam başqadı. 7-ci turda çempionatın iki liderı Respublika stadionunda qarşılaşırdı. "Zirə”bu yay Azərbaycanı avrokuboklarda təmsil edib. Ayxan Abbasovun çalışdırdığı komanda gözə xoş gələn futbol oynayır. Qəsəbə təmsilçisinin heyətində səviyyəli legionerlər, oyunu ilə ümid verən yerli gənclər toplaşıb. "Qarabağ”ın isə əlavə təqdimata ehtiyacı yoxdu. Elə bir-neçə gün bundan əvvəl Çempionlar Liqasının qrup mərhələsində "Roma”nı qəbul edən komanda olduğunu desək yetərlədi. Turun mərkəzi oyununu cəmi 2500 azarkeş stadiondan izləyib. Təsəvvür edirsiz?! Tofiq Bəhramovun adını daşıyan arena Bakının ən mərkəzi hissəsində yerləşir. Gediş-gəliş üçün də əlverişli məkandı. Amma 2500 nəfərdən savayı heç kimi bu oyunu canlı izləmək üçün özünə əziyyət vermək istəməyib.
 
Turun ən çox azarkeş cəlb edən oyunu "İnter Arena”da baş tutub. 3500 nəfər "Neftçi”nin aylardan bəri həsrətində olduğu qələbəyə canlı şahid olublar. "Səbail”in "Sumqayıt”la oyununa isə 400 nəfər stadiondan baxıb. Qəbələli azarkeşlər bu dəfə də doğma komandalarına yetərli dəstək verə bilməyiblər. Hər halda "Kəpəz”lə oyun zamanı tribunada 175 azarkeşin olması belə düşünməyə əsas verir.
 
Bütün bu rəqəmləri cəmləyəndə ortaya acınacaqlı mənzərə çıxır. 7-ci turun oyunlarını cəmi 6575 nəfər azarkeş izləyib. Bu rəqəm "Qarabağ”ın "Roma” ilə oyununa bilet axtaranların sayından düz 10 dəfə azdı. Deməli, paytaxt Bakıda futbolla maraqlanan, onu sevən, bu oyuna tribunadan baxmaq istəyənlərin sayı yetərincədi. Amma onlar bu hisslərini yalnız avrokubok oyunları zamanı biruzə verirlər.
 
Hələ bölgələrdə yaşayan minlərlə futbolsevər də var. Təcrübə sübut edir ki, Azərbaycanın rayonlarında yetərincə çılğın azarkeş yaşayır. "Neftçi”ilə "Xəzər Lənkəran”ın oyunları zamanı dolub-daşan tribunalar hamımızın gözünün önündədi. Biz o günləri unutmamışıq. Bu yerdə ölkə kubokunun finalındakı "Qəbələ” – "Neftçi” qarşılaşmasını da xatırlamaq yerinə düşər. Respublika stadionunun tribunalarının böyük əksəriyyəti "qırmızı-qara” rənglərə bürünmüşdü. Maraq oyananda, düzgün təşkilatçılıq edəndə azarkeşləri tribunaya cəlb etmək mümkündü.
 
6575 nəfərin tribunadan izlədiyi çempionat kimin üçün keçirilir? Niyə, turdan tura azarkeşlərin sayı daha da azalır? Nə üçün Premyer Liqanın liderlərinin görüşü belə insanları stadiona cəlb etmir, azarkeşləri həyacanlandırmır? Üzərində düşünüləsi, cavabı axtarılası suallar çoxdu. Başbilənlərin bilavasitə borcudu ki, bu suallara cavab axtarsınlar. Özü də AFFA yaxasını kənara çəkməməlidi. Çünki qurumun Əsasnaməsində yazılıb ki, Azərbaycanda futbolun təbliğinə, kütləviləşdirilməsinə birbaşa AFFA cavabdehdi. Bölgə klublarını bir-birinin ardınca "qətlə” yetirən, ölkə Premyer Liqasını "Bakının açıq birinciliyi”nə çevirən səlahiyyət sahibləri məsuliyyətlərini dərk etməlidilər. Yoxsa, daha acınacaqlı günlər hələ irəlidədi. Çempionatın şəffa keçirilməsinə inanmayan azarkeş heç vaxt özünə əziyyət verib, stadionun yolunu tutmayacaq. 
 
Premyer Liqada rəqabəti bərpa etmək, futbol ənənələri olan rayonların çempionata qaytarılmasına çalışmaq vacibdir. Ondan sonra tribunadakı azarkeş sayı da çoxalacaq.
 
Amal ABUŞOV
 
 

Xəbər lenti