Ceyhun Haşımov: "Əsəbləşdirsə də, bezdirsə də, VAR sistemi lazımdı"

Ceyhun Haşımov:
Azərbaycanın tanınmış hakim-mütəxəssislərindən olan Ceyhun Haşımov DÇ-2018-də hakimlərin idarəçiliyi ilə bağlı fikirlərini bölüşüb.

Ceyhun bəy Sport7.az-a açıqlamasında hakimlərin idarəçiliyi ilə yanaşı VAR sisteminin fəaliyyətini də qiymətləndirib.

"DÇ-2018-də hakimliklə bağlı qabardılası, gözümüzə çarpan məqamlar çoxdu. VAR sistemi bütün qaranlıq məqamları üzə çıxarıb. İndi bir söz deyim. VAR sistemi olmasaydı, bu boyda söz-söhbətə də şahidlik etməyəcəkdik. Bununla bağlı status da yazmışdım ki, VAR özünü doğruldur, amma bezdirir. Oyun ərzində 3-4 dəfə buna müraciət etmək problem yaradır. Bu, oyunun tempinə yaraşmır. Futbolçular da "sönürlər", tez həvəsdən düşürlər. Biz azarkeş ola-ola televizorun arxasında oturub baxanda əsəbiləşirik, indi siz təsəvvür edin görün futbolçular nə çəkir. Hakimlərə də psixoloji cəhətdən təsiri var. O gün Cüneyt Çakır Argentinanın oyununda Maskeranonun epizodu zamanı penalti qərarı çıxaranda ekranın qarşısına getmədi. Bunu özünə sığışdırmadığı üçün etmədi. Çünki onlar da bilirlər ki, hakimlərin hər dəfə VAR-a müraciəti bəyənilmir. İkinci dəfə əllə oyun zamanı isə, məcbur olduğu üçün epizodu təkrar izlədi. Öz çəkisinə ona görə sığışdırmadı. Dünya çempionatının finalını idarə edəcək hakimlər siyahısında 3-4 nəfərlə yanaşı onun da adı var. Ona görə də digər hakimlərin səhvlərini təkrarlamaq istəmir. Yenə də müəyyən səhvlər olur.

Həmişə texnikanın hakimliyə müdaxiləsinin tərəfdarıə olmamışam. Özümüzdən götürürəm, Tofiq Bəhramov, Eldar Əzimzadə, Rüstəm Rəhimov kimi hakimlərimizin nə "bip" siqnalları, nə də qulaqcıqları olub. Amma qərar veriblər və hörmət qazanıblar. Düzdü, futbol və texnologiya inkişaf edib. İndi oyunlar bir hakimin idarəsi üçün çox çətindi. İstintaq işində cinayətkarı axtarıb tapmalıdılar. Bu da 3-4 ay vaxt aparır. Amma futbolda hakim 2-3 saniyənin içində qərar verməlidi. Ona görə də texnikanın tərəfdarı olmamışam. İndi hazırkı dünya çempionatı göstərdi ki, VAR sistemi lazımdı. Bu sistem olmasaydı, görün nə qədər komandanın haqqına giriləcəkdi. Hələ ki, sistem təkminləşməyib. Üzərində işləmək lazımdı. Çıxışlarımın birində də demişəm ki, sistem belə olmalı deyil. Rejossorları oturdurlar ekran qarşısında istənilən epizodu hakimə təkrar göstərirlər. İndi dünya çempionatında da belədi, ekran qarşısında məhz hakimləri oturdurlar ki, nə baş verdiyini ayırd etsinlər. Bu DÇ göstərdi ki, əsəbləşdirsə də, bezdirsə də VAR sistemi lazımdı, texniki müdaxiulə edilməlidi.

Bunun müsbət tərəfləri odu ki, komandaların haqqına girilmir. Hamı qəbul edir. 10-11 penaltidən VAR sisteminin qərarına cəmi 1-2 dəfə futbolçular tərəfindən etiraz olunub. Qalan vaxtlarda hamı qəbul edib, razılaşıb. Amma bu hakimlər tərəfindən təyin olsunsaydı, bütün penaltilərdə etiraz edəcəkdilər. Sistem özünü doğruldur, amma hakimliyin nüfuzuna mənfi təsir göstərir. 

Bu artıq düzələn deyil, çünki sistem artıq işə düşüb, belə də davam edəcək. Təkminləşdirmək çətin olacaq. Bəlkə nə vaxtsa müdaxilələrin sayı azala bilər. Yəni baş hakimin ekran qarşısına getməməsi üçün konkret qərarlarını desinlər. Ola bilər oyuna hakim kimi təyinat alsın, amma ekran qarşısında otursun. Burda da "penalti ver", ya da "vermə" sözünü deməlidilər. Qol olanda "Goal line" texnikasından hakimin saatına siqnal gəlir, bu da onun kimi ola bilər. İndi isə burdakılar konkret qərar verə bilmirlər. Onlar yalnız oyundankənar vəziyyətləri, topun cərimə meydançasının daxilində olub-olmadığını deyə bilirlər. Amma penalti və ya qırmızı vərəqə qərarını dəqiqləşdirmək üçün ekrana baxmalıdılar. Axı baş hakim özüdü. Ola bilər gələcəkdə hansısa dəyişikliklər olsun. Yəni vaxt getməməsi və hakimlərin meydandan kənara qaçmaması üçün nələrsə əlavə etsinlər".

Sport7.az

Xəbər lenti