Ceyhun Sultanov: “Bunları düşünsəm, gərək işləməyəm”

Ceyhun Sultanov: “Bunları düşünsəm, gərək işləməyəm”
Bu gün veteran futbolçu Ceyhun Sultanovun doğum günüdü. Ölkənin tanınmış futbolçularından olmuş, hazırda "Neftçi”də İdman Direktoru kimi fəaliyyətini davam etdirən Ceyhun bəy ömrünün 39-cu ilini geridə qoydu. Bu səbəbdən onunla danışıb, geridə qalan illərlə bağlı hisslərini bölüşməsini istədik.

Sultanov Sport7.az-a müsahibəsində bunları söylədi:

- Təbrik edirik. 39 ili geridə qoydunuz. Həm futbol, həm də şəxsi həyatınla bağlı ən çox nəyə sevinirsiz?

- Çox sağ olun. Ailəmin yanında olduğuma, futbol baxımından isə yüksəldiyimə, böyük klubda olduğuma görə sevinirəm. Ən çox da ona görə ki, futbol aləmində istədiyim hörməti qazana bilmişəm. 

- Futbolda həyata keçirmək istədiyin, amma bunu edə bilmədiyiniz hansısa məqamlara üzülürsünüzmü?

- Belə hallar çox olub. Dünya və Avropa çempionatını görmədim. Avroliqa və Çempionlar Liqasında qruplara düşməmək. Bunların hamısını istəmişəm, amma arzuma çatmamışam. Bunun üçün təəssüflənirəm. Çalışacağam bir qədər də yüksəklərə qalxım. 

- Bəziləri 40 yaşını qeyd etmək istəmir. Ad günü də keçirmirlər. Nədənsə çəkinirlər. Sizdə də belə hisslər var?

- Mənim üçün ad günü adi bir gündü. Nə vaxt olubsa, da təmtəraqla keçirməmişəm. Həm də heç onun marağında da deyiləm. Uşaqlıq illərində adam belə şeylərə maraq göstərir. Amma yaşlandıqca uzaq qaçırsan. Düzdü, qızımla eyni gündə anadan olmuşuq. Çalışacağam ki, heç olmasa onu sevindirim.

- Hazırda "Neftçi”də böyük dəyişikliklər gedir. Qorxmursuz ki, nəticə olmasa, sizin də nüfuzunuza zərbə dəyər?

- Bunları düşünsəm, gərək işləməyəm. Təzyiq altında çalışmaqdansa, çalışmamaq yaxşıdı. Ona görə də düşünmürəm bunları. Fikrimi pozitiv məqamlara yönəltmişəm. Bir də ki, imkan varsa, "Neftçi” ilə bağlı heç nə danışmayaq. İstədiyimi əldə etməyənə qədər klubla bağlı mətbuata açıqlama verməyəcəm.

- Rusiyada keçirilən dünya çempionatına gedib baxacaqsız?

- Xeyr, iş çoxdu. Bunun üçün vaxtım yoxdu.

- Bəs favorit və azarkeşlik etdiyiniz komanda hansıdı?

- Favoritin kim olduğunu deyə bilmərəm. Amma azarkeşlik etdiyim bir komanda var, o da Xorvatiyadı.

- Xorvatiyanın bu çempionatdakı perspektivi necədi? Hara qədər gedə bilər?

- Deyə bilmərəm. Futbolda heç vaxt nəyisə demək düzgün deyil.

Sport7.az

Xəbər lenti