Ceyhun Sultanovu necə xilas edək?

Ceyhun Sultanovu necə xilas edək?
Belə yerdə deyiblər ki, ara qarışıb, məhzəb itib. "Neftçi”də indi eyni vəziyyətdi. Toz qaldırıblar, aləmi qatıblar. Müəyyən mənada onlara belə sərf edir. Macarıstandakı rəzaləti unutdurmaq, ictimaiyyəti hədəfdən yayındırmaq lazımdı axı.

Heç kim Roberto Bordindən, onu bəh-bəhlə Bakıya dəvət edən Kamran Quliyevdən, Kamran Quliyevin iş yerini də bir günün içərisində "Sumqayıt”dan "Neftçi”yə dəyişənlərdən hesabat tələb etməsin. Soruşmasınlar ki, bəs nə oldu, dağı dağ üstünə qoyub, "Neftçi”ni yeni bir mərhələyə çıxaracaqdınız, Sevilyanı Bakıya gətirib, özünüz İspaniyaya gedəcəkdiniz, Avropa Liqasının qrupuna yüksəlib, kluba gəlir gətirəcəkdiniz... amma Budapeştdən o tərəfə keçə bilmədiniz, hələ sizi ora getməyinizə də peşman etdilər. O boyda "xalq komandası”nın adının sonluğuna "ha-ha-ha...” qoşdurub, əli ətəyindən uzun Bakıya qayıtdınız.

Onların bəxtindən AFFA da ölkə çempionatını Bakının kənd və qəsəbələrinin birinciliyinə çevirib. Ümidi "Kəpəz”dən gələn Dario Federikoya, "Sumqayıt”dan çağırılan Tural Axundovla Rəşad Eyyubova qalanların yeri elə oradı. Yəni ki, başınızı orda qatın, daha böyük iddialara düşməyin. Avrokuboklar çətin və məsuliyyətli yarışdı. Karyerası AFFA-dakı yüngül işlərdən və "Sumqayıt”da gün keçirməkdən ibarət olan Kamran Quliyev kimi rəhbərin orda uzağa getməsi, böyük uğur qazanması mümkün deyil.

Mən ona görə narahat deyiləm. Gördüyünüz kimi, özü də taleyi ilə barışıb, ortalarda çox da görünmür. Amma Ceyhun Sultanovu irəli verib. Sözün düzü, ona görə pis oluram. Çünki az-çox Sultanovun keyfiyyətlərinə, futbolçu kimi keçmişinə bələdəm. Onun futbolu pis bilmədiyinə, seleksiya işindən də müəyyən qədər baş çıxardığına şübhəm yoxdu. Amma iş o yerə gəlib çatıb ki, indi Ceyhun bəy Kamran Quliyevin yarıtmaz fəaliyyətinin, şəxsi iddialarının qurbanına çevrilib, onun yaratdığı çirkab mühitində "boğulmağa”, nüfuzunu xərcləməyə başlayıb.
 


Hər şeyi bir kənara qoyuram, elə subordinasiyanı da. Çünki Tərlan Əhmədov "Neftçi”də çalışmır, onunla Sultanov arasında hansısa bağ yoxdu. Amma ən azından Tərlan bəy ondan səkkiz yaş böyükdü, Azərbaycan millisinin və "Neftçi”nin kapitanı olub. Bu gün Ceyhun Sultanovla Kamran Quliyevin "Neftçi”də uğurlu kadr sayılmalarında Əhmədovun zəhməti var. Bütün bunları Ceyhun Sultanov bilməlidi, ona hörmətlə yanaşmalıdı. Son iki gündə verdiyi müsahibələrə baxıram, bütün hörmət-izzəti, etik çərçivələri kənara qoyub, kəlməbaşı özündən böyük insana "Tərlan-Tərlan” deyə müraciət edir.

Vallah, yaraşmaz. "Neftçi”ni tənqid edənlərə "leşyeyən” adını yapışdırmaq isə mədəniyyətsizlikdi. Bu ifadəni nə "Neftçi” boyda klubun rəsmisinə, nə də Ceyhun Sultanovun şəxsiyyətinə yaraşdırmıram. Canım-gözüm, Budapeştdə sizi dörd dəfə göydən yerə çırpıblar. Özü də bu boyda həngamədən, milyonlarla xərcdən və evdəki 3:1 hesablı qələbədən sonra. Buna görə tənqidi haqq edənlər sizsiz. Başınıza sığal çəkilməsini gözləyirsiz? Ayıbdı axı.

Ceyhun Sultanov deyir ki, "Uypeşt”ə uduzacağımızı əvvəlcədən bilənlər niyə demirdi. İmkan verirsizmi? Sağlam tənqidə, həyacan təbilinə hörmətlə yanaşırsızmı? Bircə dəfə sizi tənqid edənlərlə sağlam müzakirə aparmaq, alternativ fikirləri dinləmək təşəbbüsündə olmusuzmu? Yox! Kimsə Budapeşt səfərindən öncə "Neftçi”ni gözləyən təhlükələrdən yazsaydı, onu xalq düşməni elan edərdiz. Cavab oyunu ərəfəsində bir-neçə yaxın dostumla apardığım yazılı müzakirələr zamanı "Neftçi” birinci hissədə qapısında qol görsə, davamı çox çətin olacaq” yazmışam. Həvəsiniz olsa, həmin yazışmaları sizə göstərə bilərəm.

Biz futbolu da yaxşı bilirik, "Neftçi”nin nəyə qadir olduğunu da. Əksər proqnozlarımız da düz çıxır. Bunu zaman sübut edir. Onu da bilirik ki, bu gedişlə Kamran Quliyev Ceyhun Sultanovu qurbana çevirəcək, onu "yandıracaq”. Ayıq olun, Ceyhun bəy. Biz sizi qorumağa çalışırıq. Siz də özünüzü qoruyun, sinənizi başqaları üçün irəli verməyin!

Amal ABUŞOV

Xəbər lenti