"Ciddi adamların futbola həvəs göstərməsi məni qüssələndirir" - SORĞU

Ötən gün Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsində Macarıstan yığmasına 0:1 hesabı ilə məğlub olub. 

Xorvatiya ilə 1:1 hesablı heç-heçə edən, 3 gün öncə Bəhreynə 3:2 hesabı ilə qalib gələn millimiz yenə futbolsevərlərin qəlbini qırıb. Bununla bağlı Sport7.az sorğu keçirib. Ancaq futbol yox, futboldankənar sahənin nümayəndələri arasında. 

Müsahiblərimizə "Yurçeviçin gəlişindən sonra millimizdə hansısa dəyişiklik varmı" sualını ünvanladıq. 

Futbola olan sevgisi ilə seçilən prezidentliyə sabiq namizəd Razi Nurullayev saytımıza açıqlamasında bildirdi ki, Nikola Yurçeviçin millimizin həyatında yadda qalan bir fəaliyyətini xatırlamıram. Düşünürəm ki, Almaniya millisinin baş məşqçisi də gəlsə, çətin nəsə dəyişə. Birincisi, futbola nəzarət və idarəçilik yaxşı deyil. İkincisi, material yoxdur. Yaxşı material olmalıdır ki, keyfiyyətli nəsə alınsın. Uşaq futbolu barədə də onilliklərdir eşidirəm. Nəsil də dəyişib, amma futbolçu yoxdur. Yəqin ki, millətin genində də futbol bacarığı zəifdir".

Qatı futbol azarkeşi olan aktyor və şair Reşat Kəsəmənli isə, millimizdə heç bir dəyişiklik olmadığını bildirib: "Təbii ki, dünənki oyuna baxdım və hər bir azərbaycanlı kimi əsəb keçirtdim. Bizdə hər dəfə elə hiss yaranır ki, nəsə dəyişiklik olub, əslində isə komandada bir dəyişiklik yoxdur. Azərbaycanın özünəməxsus oyun stili var, elə onu da oynayır; tutanda normal oynayırıq, tutmayanda da böyük hesabla məğlub oluruq. Və yaxud da qarşı tərəf komandamıza qarşı düzgün taktika qurmayanda, bizim komanda daha yaxşı görsənir. Amma elə bir böyük fərq yox idi.
 
İnsafən pis oynamadılar. Çünki Macarıstan millisi də elə güclü komanda deyil, bunu da nəzərə almaq lazımdır. Amma haqsızlıq haqsızlıqdır. Bilmirəm bu qərəzli şəkildə idi, ya yox, amma ortada bir fakt var ki, təmiz qolumuz sayılmadı. 1 xalımızı aldılar bizdən. Düzdür, 1 xal bizə heç nə vermirdi, nəsə əldə etmirdik. Çünki qrupdan çıxmaq, lider komandalarla mübarizə aparmaq ehtimalımız yoxdur. Sadəcə olaraq 1 xal idi. Amma yenə də haqqımızı tələb etməli idik. Susqun durduq, hələ də susqun dururuq. Sadəcə olaraq hakim üzr istədi. O ki qaldı komandanın oyunundakı dəyişikliyə, bizim oyunumuzda köklü şəkildə dəyişiklik lazımdır, belə yox. Bu, cüzidir, 5-10% dəyişiklik olur, təzədən düşür aşağı. Komanda yenə məğlub olsa, yenə hamı susacaq. Çünki biz bunu artıq normal qəbul edirik, alışmışıq.
 
Bizə köklü dəyişiklik, uşaq futbol məktəbi lazımdır. Bunun isə çarəsini bir şeydə görürəm. Bölgələrdə uşaq futbol məktəbləri yaratmaq lazımdır. Bu komandaları isə dövlət maliyyələşdirməlidir. Kənddəki adam aldığı maaşla uşağını aparıb futbola yazdıra bilmir. Dövlət hesabına maliyyələşsə, görün rayonlardan, kəndlərdən nə qədər istedadlı futbolçu çıxacaq. Ondan sonra inkişafa baxın siz". 

Yazar Şərif Ağayarla söhbətimiz zamanı isə futbola olan "böyük nifrəti"ni aşkarladıq: 

"Evdə olam, millimiz Braziliya ilə finalda oynaya, uzağı başımı qaldırıb hesaba baxaram. Ümumiyyətlə, ciddi adamların futbola bu qədər həvəs göstərməsi nəinki mənə çatmır, hətta məni qüssələndirir. Bu qədər problemi olan dünyanın futbola bu səviyyədə azarkeşlik etməsində yumşaq desək, anormallıq görürəm. Məsələn, Lyosa olan dünyada Maradonaya vurğun olmaq nə deməkdir? Sevmək olar, amma bu dərəcədə yox. Ortabab bir futbolçu milyonerdir, dahi alimlər kasıblıq içərisində yaşayır. Anlamadığım gerçəklikdir futbol".

Qeyd edək ki, bu görüşdən sonra E qrupunda xallarının sayını 12-yə çatdıran Macarıstan 2-ci, Azərbaycan isə 1 xalla 5-ci pillədə qərarlaşıb. 

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR