Üçü də bir gündə...

Üçü də bir gündə...
Uşaqlıqdan Xorvatiya azarkeşi olmuşam... Yox, nə gizlədim, belə bir şey olmayıb. Biz gözümüzü açıb, "Neftçi" görmüşük. Gah ağ-qara, gah sarı-qara, hətta bir ara mavifason da nəsə var idi... amma adı və sevgisi dəyişmirdi - "Neftçi".
 
Son illər "Neftçi"nin başına çox oyunlar açıblar, ölkənin ən qocaman klubunun başına başı olmayan, yaxud da başının içi boş olanlar rəhbərlik və məşqçilik ediblər. Ara-sıra bizi hirsləndirib, küsdürüblər də, amma yerimizdəyik, sevgimizə sadiqik. "Neftçi" onların yox, bizimdi. Sona qədər də "Neftçi" üçün savaşacağıq, xalqımızın komandasına sahib çıxacağıq.
 
Bu gün yenə "Neftçi” oynayır. Azərbaycan xalqı, futbolumuz üçün qələbə qazanmasını arzulayırıq. Məşqçisinin kim olmasından, kimin kluba prezident təyin edilməsindən, futbolçu alverindən tutmuş ən xırda maxinasiyalara qədər nələrin baş verməsindən asılı olmayaraq, "Neftçi”nin qələbəsi bizim qələbəmizdi. Çünki o, bizim "Neftçi”di, Azərbaycanın klubudu, xalqımızın komandasıdı.

Özümüz "Dalğa Arena”da olsaq da, qulağımız Qəbələdən və uzaq Maltadan xoş xəbər gözləyəcək. Çünki Azərbaycanımızı daha iki komanda təxminən eyni saatda Avropada təmsil edəcək. Dünən "Qarabağ”ın bacardığını bu gün hər üç klubumuzdan gözləyəcəyik. Bizi sevindirmələrini istəyirik. Bunu bacaracaq gücdədilər.

"Qəbələ” üçün də bu günkü görüşün, həmin görüşdə qazanılacaq qələbənin böyük əhəmiyyəti var. Çünki klub uzun fasilədən sonra yerli mütəxəssisə tapşırılıb. Sənan Qurbanovun elə "Qəbələ” "mətbəxində” püxtələşməsi onun uğurlu debütünü klub üçün daha da vacib edir. Belə olan halda "Qəbələ” təkcə ardıcıl iki mövsüm qrup mərhələsinə yüksəlməsi, Akademiyasının ölkə futboluna verdiyi töhfələrlə yox, həm də gənc Qurbanovla qürrələnə biləcək.

"Keşlə”nin ölkə kubokundakı qələbəsi və Avropa Liqasında oynamaq hüququ qəzanması özü bir möcüzə idi. Təəssüflər olsun ki, sabiq "bankirlər” yay fasiləsində yetərincə güclənə bilmədilər. Amma ortada əzmkarlıq və Yuri Maksimov amili varsa, "Keşlə”dən də azı iki mərhələnin adlanmasını gözləməyə dəyər.

Çox söz danışmaq, yazmaq mümkündü. Lakin indi nəfəsimizi tutmaq və çılğın azarkeşlə çevrilmək zamanıdı. Qoy bu gün son sözü futbolçularımız yaşıl meydanda desinlər. Ondan sonra yenə də biz danışarıq.

Uğurlar, "Neftçi”, uğurlar "Qəbələ”, uğurlar "Keşlə”! Uğurlar, Azərbaycan!

Amal ABUŞOV
 

Xəbər lenti