Cüdo yığmamızın baş məşqçisi Braziliyada polis şöbəsinə aparılıb?!

Cüdo yığmamızın baş məşqçisi Braziliyada polis şöbəsinə aparılıb?!
Hazırda Braziliyada davam edən Yay Olimpiya Oyunlarında Azərbaycan cüdo yığması da iştirak edir. Dünən komandamızın aparıcı üzvlərindən olan Rüstəm Orucov 73 kq çəki dərəcəsində gümüş medala sahib çıxdı. Amma Riodan təkcə sevindirici xəbərlər gəlmir. Belə ki, turnirin ilk günündə cüdoçularımızın düşərgəsində qanqaraldıcı hadisə baş verib.
Sport7.az xəbər verir ki, bir gün sonra yarışa çıxmağa hazırlaşan yığmamızın məşqi zamanı yerli mühafizə xidməti aranı qatıb. Braziliyalılar naməlum səbəblərdən cüdoçuların çalışmalarına mane olub. Bu isə baş məşqçimiz Peter Zeyzenbaxerin xoşuna gəlməyib və o, etirazını bildirib. Milli komandanın məsuliyyətli yarışdan cəmi bir gün əvvəl belə təzyiqə məruz qalması avstriyalı mütəxəssisi özündən çıxarıb. Məsələ böyüyüb. Narazılıq əməlli-başlı mübahisəyə, qalmaqala qədər çıxıb. Nəticədə Zeyzenbaxer polis şöbəsinə aparılıb və 4 saat orada saxlanılıb.

Məsələ barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən münasibət öyrəndik. Elnur Əşrəfoğlu deyilənlərin həqiqəti əks etdirmədiyini, yayılan məlumatların yalan olduğunu bildirdi: "Belə bir şey olmayıb. Fikir verməyin, bu cür şarlatanlara. Bu cür məlumatlar məqsədli şəkildə ötürülür və Cüdo Federasiyasının yeni rəhbərliyinin son 9-10 aydakı fəaliyyətini gözü götürməyənlərin işidir”.
 
(Rekord.az)

Xəbər lenti