Daha bir ideyanın iflası – Yenə də “2”

Daha bir ideyanın iflası – Yenə də “2”
Bəzən hansısa rəsm əsərinə "danışan şəkil” deyirlər. Sözsüz ki, şəklin dili olmur. Amma rəssam ortaya elə bir sənət əsəri çıxarır ki, onun nə demək istədiyini ilk baxışdan anlayırsan. Rusiyalı rəssam Fyodor Pavloviç Reşetnikovun "Yenə də "2” əsəri də belələrindədi.

Əminəm ki, hamınız xatırlayırsız: əlində çanta dərsdən gələn məktəbli oğlanın üzgün siması, evdəkilərin ona qınayıcı baxışları hər şeyi deyir. Oğlan yenə məktəbdən iki qiymətlə qayıtmışdı. Hər hansı artıq kəlməyə, izahata ehtiyac olmadan vəziyyət anlaşılırdı.

Bizim AFFA da həmin o məktəbli oğlanın durumundadı. Bütün ideyalar uğursuz, fiasko, utandırıcı. 8 komandalı Premyer Liqanın gətirdiyi xəcalət hissi, I Diviziondakı oyun "alqı-satqısı”nın sorağının UEFA və FİFA-ya qədər gedib çatması azmış kimi, daha bir ancı mənzərə ilə üz-üzə qalmışıq. Azəraycan millisi iyunun 10-da Şimali İrlandiyanın qarşısına oyun təcrübəsi olmadan çıxacaq. Futbolçuların əksəriyyətinin mayın 5-dən sonra meydana çıxmayan komanda iyunun 10-da fiziki cəhətdən hazırlıqlı və iddialı "şimallı”lar qarşısında nə edəcək?

Belə olacağını hələ ötən il yazmışdıq, yatmışları qəflət yuxusunda oyatmağa çalışmışdıq. Düz bir il bundan əvvəl, iyunun 8-də şəxsən mən "Millimizin Şimali İrlandiya ilə oyunu təhlükədə” başlıqlı yazımı qələmə almaqla diqqətləri bu mövzuya çəkmişdim. Həmin vaxt AFFA prezidenti rəsmən etiraf etmişdi ki, İslam Oyunlarına görə Premyer Liqanı erkən bitirməyə məcburdular və mayın əvvəlində ölkədə bütün futbol yarışları sona çatmalıdı.  

Bir il bundan əvvəl qələmə aldığım yazıdan bir abzası AFFA başbilənlərinə yenidən xatırladıram: "Düşünmək olar ki, AFFA rəsmiləri bu boşluğu doldurmaq üçün Prosineçkiyə və onun yetirmələrinə xarici ölkələrin birində bahalı təlim-məşq toplanışı təşkil edəcək. Gələn il heç bir böyük futbol turnirinin keçirilməyəcəyinə görə digər ölkələrdə milli çempionatların mayın sonuna qədər davam edəcəyi şübhəsizdi. Belədə milli komanda ən azı iyunun əvvəllərinə qədər normal sınaqçı-rəqib belə tapa bilməyəcək. İstənilən yüksək səviyyəli məşq isə oyun praktikasını əvəz edə bilməz”.

Mayın 15-dən təlim-məşq toplanışına başlayan, 4 gün sonra Avstriyaya yollanan millimiz üçün sınaqçı rəqibin tapılmaması artıq rəsmən etiraf olunub. Bəli, acı da olsa, həqiqətdir. Millimiz Şimali İrlandiya ilə oyuna məhz bu vəziyyətdə çıxacaq. Qışda mətbuata belə bir informasiya ötürmüşdülər ki, may ayında AFFA-nın təşkilatçılığı və Naxçıvan Muxtar Respublikası rəhbərliyinin dəstəyi ilə orda turnir təşkil ediləcək. Premyer Liqa təmsilçiləri İran və Türkiyədən gələcək komandalarla "Heydər Əliyev Kuboku”nun qalibi adı olmaq uğrunda yarışacaqlar. Sabah həmin turnir start götürür. İştirakçıları isə "Araz Naxçıvan”dan savayı MOİK, "Zaqatala” və "Mil-Muğan”dır. Göründüyü kimi, nəinki xarici klubları, heç elita təmsilçiləri Naxçıvana aparmaq, mərhum prezidentin adına layiq turnir təşkil etmək belə mümkün olmayıb.

AFFA-nın artıq neçənci ideyasının iflasa uğramasının sayını-hesabını itirmişik. "Boz bina”da oturanların heç vecinə də deyil. Amma zərbə yenə də ölkə futbolunun imicinə, milli komandamıza dəyəcək. Robert Prosineçkinin də böyük hesablı məğlubiyyətdən sonra yararlanacağı bəhanələr hazırdı.

Amal ABUŞOV







Xəbər lenti