"Birinci Divizionda çalışmaq istəmirəm"

Bir müddət öncə "Şüvəlan"ın baş məşqçisi postunda dəyişiklik baş verdi.
 
Komandanın sabiq baş məşqçisi Aqil Nəbiyevin boşaltdığı posta Adil Şükürov gətirildi. Əslində bu bir qədər gözlənilməz oldu, çünki Aqil bəy dəfələrlə saytımıza açıqlamasında iddialı olduqlarını, Premyer Liqaya yüksəlmək üçün çalışdıqlarını bildirmişdi. Ancaq görünür o sona qədər duruş gətirə bilməyib. Ya da məqsədlərini həyata keçirməyə imkan verməyiblər. Hər halda bizi maraqlandıran suallara özündən cavab aldıq.

Aqil bəy Sport7.az-a açıqlamasında bunları söylədi: "Şüvəlan"dan niyə ayrıldım deyəndə, həm dərslərim, həm də ki... Bilirsiz, özümü tam yaxşı hiss etmədiyim işlər mənlik deyil. Əsas da, kurslara görə. Özümü komandaya tam həsr edə bilmirəm. Kurslar da əvvəlki kimi deyil. İndi müddətini 6 ay uzadıblar və çətinləşdiriblər. Hər ay 10-15 gün komandadan uzaq qalırsan. Ona görə də fikrimi tam olaraq kurslara yönəltmişəm. Dərslərim bitsin, sonra düşünərik.
 
Hazırda "A" kateqoriyasını oxuyuram. Əslində çətinləşdirilməsi bizim üçün yaxşıdı, çünki daha keyfiyyətli olur. Açığı təkliflərim vardı. Amma daha birinci divizionda çalışmaq istəmirəm. Düzdü, orada çox təcrübə topladım. Sadəcə, perspektiv baxımından da yanaşmaq istəyirəm. Çempionatın bitməsinə demək olar ayyarım vaxt qalıb. Sonra görək nə olur. Birinci Divizion keçən il daha maraqlı idi. 10 komanda vardı, hamısı bir-birindən güclü idi və rəqabət aparırdı. Çempionata daha çox maraq vardı. Amma bu il gördüyünüz kimi, limit tətbiq edildi. 7 nəfər gənc futbolçu ilə oynamalısan.
 
Bu il o qədər də maraq yoxdu. Aradabir saytlara da baxıram. Yazan-pozan yoxdu. Mənim üçün təcrübə idi. Məşqçi elə etməlidi ki, gələcəkdə oxşar vəziyyətlərlə, çətinliklərlə üzləşməsin. Aşağı yaş qruplarında da təkliflər çoxdu. Amma inkişaf etmək üçün özümü bir qədər də çətinə salmalıyam. Ona görə də səbirli olmalıyam, kurslarımı bitirəndən sonra düşünəcəm".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR