Medvedyev:

Medvedyev: "Nadal daha güclü idi - bunu qəbul etmək lazımdı"

"US Open"in finalında Rafael Nadala məğlub olan Daniil Medvedyev matçdan sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb:

- Bu gecəni necə xatırlayacaqsınız?

- Bu gecəni 100% unutmayacam. Əminəm ki, 19 "Böyük dəbilqə" titulu qazanan Rafa belə, ilk finalını xatırlayır. Düzdü, o, qalib gəlmişdi, mən isə uduzdum. Əla oyun oldu. Ümumiyyətlə, yay mənim üçün çox yaxşı keçdi. Bu yayın hər saniyəsini xatırlayacam. Tennis baxımından yaxşı yaddaşım var. Hətta 70 yaşım olanda belə, bu matçı xatırlayacam.

- Ən çox hansı məqam yaddaşınızda qalacaq?

- Birinci xaldan sonuncuya kimi - bütün oyun... Təbii ki, breyklə geridə olduğum üçüncü seti xüsusi qeyd edə bilərəm. O an öz-özümə düşünürdüm: "20 dəqiqə sonra insanların önündə çıxış etməli olacaqsan. Nə deyəcəyini bilirsən?" Amma mən hər matçda sona qədər mübarizə aparan, belə şeylərə önəm verməyən biriyəm. Bu səfər də pis alınmadı. Qələbəyə yaxın idimmi? Hə. Hesab 4:5 olanda belə, breyk-pointlər oldu. Hər şeyi xatırlayıram. Nəticəyə görə məyusam, ancaq turnir boyunca, ümumiyyətlə, yay ərzində oynadığım tennisdən məmnunam.

- Siz Novaka (Cokoviç - red.) qalib gəlmisiniz və gənc tennisçilər son dönəmdə yaxşı çıxış edirlər. Nəsil dəyişikliyinin baş tutduğunu deyə bilərəkmi?

- Bu barədə bir şey demək çətindi. Bu mövzuya toxunmaq istəmirəm. Məncə, siz - jurnalistlər, mütəxəssislər - bu haqda danışsanız, daha yaxşıdı. Mən, sadəcə, onu deyə bilərəm ki, generasiyalararası keçidi reallaşdırmaq üçün əlimizdən gələni edirik. Amma çox çətindi, çünki Nadal, Cokoviç və Federer hələ də çox yaxşı oynayırlar. Nə deyəcəyimi bilmirəm. Onlar möhtəşəmdilər. Hətta bu üçlüyə qarşı qeym və set almaq da çətindi.

- Beşinci set ərəfəsində oyuna fokuslanmaq sizin üçün çox çətin idi?

- Deməzdim. Hə, bu, mənim "Böyük dəbilqə" turnirlərində ilk finalım idi, amma 17 ildi ki, tennislə məşğulam. Bu qədər önəmli olmasalar da, bir neçə vacib matça çıxmışam. Belə anlara, qələbə qazanmağa hazıram. Məncə, əsas mövzu konsentrasiya və ya fikir dağınıqlığı deyil. Sadəcə, iki tennisçi qarşı-qarşıyadı. Həmişə demişəm: tennis çox çətin idman növüdü, çünki kortda sən və rəqibin üz-üzədi. Səni dəstəkləyən komandan yoxdu, heç kim yoxdu, sadəcə sən və rəqibin... Və bu gün rəqibim daha güclü olan tərəf idi - bunu qəbul etmək lazımdı. Nəyəsə görə peşman deyiləm.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR