Davam, yoxsa hamam?

Davam, yoxsa hamam?
AFFA-dakı neft və kimya sənayesi üzrə futbol professorlarımız öz əkdiklərini biçməkdədirlər. Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə çox vacib oyun ərəfəsində yığmamızı bir yekə təyyarəyə yığıb Avstriyaya göndərdilər. 7,5 klub arasında keçirilən daxili çempionatı güc-bəla ilə başa vuran seçilmiş futbolçularımız da düşdükləri Avstriya meşələrində azıb qaldılar, səhər-axşam, axşam-səhər bir-birilərinin üzünə baxmaqdan bezib usandılar.

Bakıdakı tamam, yoxsa davam sualına cavab tapmalı olan oyundan öncə yoxlama görüşü keçirməyə sınaqçı-rəqib də tapılmadı. Uca dağ başında, sıx meşənin dərinliyində rəqib komanda nə gəzir? AFFA-dakılar əcnəbi dillərdə çıxan qəzetlərdə, xarici saytlarda elan da verdilər, LALAFO-ya mesaj göndərdilər, amma dişə vurmağa sınaqçı-rəqib tapa bilmədilər. Futboldakı başbilənlərimiz əvvəldən də anons eləmişdilər ki, güclü rəqiblərlə oynamaq istəyirik. Lakin güclü yığmaların heç biri yaxasını bizimkilərin əlinə vermədi, Malta dedi bizdə Yemişan Kollarının Budanması bayramıdı, şənlənirik, Lixtenşteyn xəbər göndərdi ki, yığmadakı futbolçularımızın hamısı üzüm yığımına gediblər. Fil Dişi Adaları e, o da "otkaz" elədi, dedi ki, millidəki futbolçuların hamısını dişi ağrıyır. Türkmənistan da nəsə bəhanə elədi, sözün düzü, bu dar macalda Aşqabaddan gələn cavabı tərcümə edən də olmadı.

Yanıqlı səslə lay-lay oxuyub futbolumuzun anasını kövrəldən AFFA rəhbərliyinin müdrik hərəkəti üzündən təlim-məşq toplanışı uzaq Avstriyada beləsə sərin yelə verildi. Ay insafsızlar, bir yekə mazut çəni pul xərcləyib gəzməyə getmək idisə elə Almeyda başda olmaqla yığma futbolçularımızı aparardınız Parisə, Eyfel qülləsinin yanında doyunca selfi çəkdirərdilər. Ya da göndərəydiniz Los-Ancelesə, Hollivudda şellənərdilər. Gül kimi futbolçularımıza Qətərə gedib qatara minmək imkanı da yaradılmadı. Bu da nəticəsi...

Şimali İrlandiya millisi əlavə olunmuş dəqiqələrdə qapımıza yol tapdı, vacib oyunda qələbə qazanıb getdi və yığmamız üçün alınan ucuz və keyfiyyətli formanın siftəsini də korladı.

Oyun sonrası mətbuat konfransında xorvat baş məşqçimiz Robert Prosineçki əsəbiləşib stəkanı sındırdı, yığmamızda keçirilən "Burax gəlsin-93" meyxanaya yarışmasının qalibi olan futbolçumuz o dəqiqə təzə qafiyə açdı:

Stəkanın qırılsın, çayın yerə tökülsün.
Bizim bağın meyvəsi "Bursaspor"a tökülsün...

Hadisələrin sonrakı gedişi ilə sözün lap düzü heç maraqlanmamışam. Bilmirəm bizim Alımurad, yəni Almeyda da meyxana deyən futbolçulara qoşulub ya yox. Məlum olanı odur ki, təzə formalı futbol yığmamız öz meydanında da Şimali İrlandiyaya məğlub olandan sonra qrupdakı işini xeyli çətinə saldı.
 
Davam məsələsi bu dəfə də alınmadı, qaldı hamam məsələsi. Hamam deyəndə ki, bu dəqiqə düşdüyümüz vəziyyəti doğru-dürüst anlamaq üçün yığma futbolçularımızın soyuq duş qəbul etmələrinə böyük ehtiyac var, qoy çimib bir özlərinə gəlsinlər.

Niyə də yox?!

Etibar CƏBRAYILOĞLU
"Het-trik news” qəzeti



Xəbər lenti